Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Primakov xəbərdarlıq etmişdi ki, 30 il keçəcək və azərbaycanlılar…”

“Primakov xəbərdarlıq etmişdi ki, 30 il keçəcək və azərbaycanlılar…”

Qarabağ müharibəsində Ermənistanın uğradığı acı məğlubiyyəti və Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilməyənlərin sırası kifatət qədər genişdir. Son günlər Rusiya mətbuatında müharibənin nəticələri barədə açılan müzakirələr də bunu göstərir. Hazırda bu məsələ ilə bağlı ölkədəki siyasi qüvvələrin və politoloqların iki cəbhəyə bölündüyü görünür.

Rusiyanın məşhur “Nezavisimaya Qazeta” dərgisində fəlsəfə elmləri doktoru, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, politoloq Aleksandr Tsipkonun bu mövzuyla bağlı olduqca maraqlı məqaləsi dərc edilib. Öncə qeyd edək ki, müharibənin gedişində və ondan sonra özlərini Putin hakimiyyətinə müxalif elan edən və rus liberalları sayılan Mixail Xodorkovski, Viktor Şenderoviç, Yuliya Latınina, Andrey Piontkovski və digər bu kimiləri açıq ermənipərəst mövqe sərgiləyərək, bəzən həyasızlıqda erməni hakimiyyətini və siyasətçilərini də üstələyiblər.

Aleksandr Tsipko da məqaləsində bu məqama toxunaraq qeyd edir ki, bu müxalifətin erməni canfəşanlığı nə Rusiyanın siyasi maraqları, nə beynəlxalq hüquq, nə də adi humanizm, insanlıq anlayışları ilə uyğun gəlmir: “Mən Qarabağ münaqişəsinin 10 illiyilə bağlı İrəvana dəvət olunanda, oradakı bir çox erməni ziyalılar Azərbaycanla müharibənin yenidən başlamaması üçün kompromisə gedilməli olduğunu deyirdilər. Ancaq onların sözlərinə görə, parlamentdəki Qarabağ lobbisi buna imkan vermirdi. Əslində, bizim özlərini qərbpərəst adlandıran inteligensiya müharibəni qiymətləndirərkən 1989-1994-cü illərdə öz evlərini və torpaqlarını itirən sadə azərbaycanlıların faciəsilə hesablaşmalıydılar. Məsələn, Andrey Piontkovski (müxalif siyasətçi, jurnalist-red.) üçün azərbaycanlıların gördükləri zülm elə də böyük zülm deyilmiş: “Əlbəttə 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın öz müstəqilliyini elan etməsindən sonra öz evlərini tərk edən azərbaycanlılara görə təəssüflənirəm. Lakin başqa cür, yəni azərbaycanlılar yaşayan 7 rayonu özünə birləşdirmədən Dağlıq Qarabağın erməniləri özlərinin təhlükəsizliyini təmin edə bilməzdilər.” Mən liberal müxalifətin ən parlaq təmsilçilərindən olan Piontkovskinin bu sözlərini eşidəndə şoka düşdüm. Bu, necə mümkündür? Belə çıxır ki, azərbaycanlıların əzabı, qonşu ermənilərin öz təhlükəsizliklərini təmin etmək hüququ və heç kimin yaşamadığı “təhlükəsizlik zolağı” yaratmaq istəyilə müqayisədə heç nədir? Rusiyanın Qarabağ münaqişəsindən məsafə saxlamasına etiraz edən liberal inteligensiyanın böyük qisminin bu mövqeyi həmin şəxslərin əsl kimliyini ortaya qoydu…”

Bu “liberalları” rasizmdə, irqçilikdə günahlandıran rusiyalı politoloq məqaləsində bildirir ki, onların baxışları ilə gerçək liberalizm arasında heç bir əlaqə yoxdur: “Andrey Piontkovskiyə görə, azərbaycanlılar ermənilərdən fərqli olaraq, təhlükəsizlik hüququna malik deyillər…”

Aleksandr Tsipko daha sonra Qarabağ məsələsinin qanlı müharibəylə nəticələnməsində azərbaycanlıların deyil, ermənilərin günahkar olduğunu yazır. Və bu zaman Rusiya idarəçiliyində ən nüfuzlu ideoloqlardan biri olmuş, həmçinin ermənipərəstliyilə tanınan Yevgeni Primakovun 1990-cı illərdə Levon-Ter Petrosyanla baş tutan dialoqunu açıqlayır: “Yevgeni Primakov 1990-cı illərin əvvəllərində ABŞ və Qərblə razılaşmışdı ki, 7 rayonun qaytarılması müqabilində onlar Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Bu razılaşma barədə Primakov Ter-Petrosyana məlumat vermiş və xəbərdarlıq etmişdi: “Realist olun, nəzərə alın ki, azərbaycanlılar gözləməyi və işləməyi bacarırlar. 10, 20, 30 il keçəcək, onlar güc toplayacaq və hər şeyi geri alacaqlar.” Lakin Ter-Petrosyan Primakova cavab vermişdi ki, Qarabağdakı səhra komandirləri buna imkan vermirlər və əgər onlar buna razılaşsalar, “küçə onları süpürüb atacaq”. Bizim liberal ziyalıların bir qismi Dağlıq Qarabağdakı münaqişəyə məhz 1989-1994-cü illərdəki səhra komandirlərinin gözü ilə baxırlar.”

Daha sonra başqa bir liberal müxalifətçi Yuliya Latıninanın mövqeyinə toxunan Tsipko, onun fikirlərinin daha dəhşətli və qəbuledilməz olduğunu yazır: “Latınina hesab edir ki, Azərbaycanın 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmasına nəinki haqq qazandırmaq olmaz, ümumiyyətlə bu, cinayətdir. O, hesab edir ki, Rusiya Qarabağda strateji məğlubiyyətə uğrayıb. Belə ki, bununla da islam dini fanatizmi Rusiya da daxil olmaqla, regionda güclü dəstək almış oldu. Ancaq mən bunun əksini düşünürəm. Rusiyanın Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini dəstəkləməsi Rusiyadakı türk xalqları tərəfindən xoş qarşılanacaq. Əgər, Tanrı göstərməsin, Rusiya bu müharibədə Ermənistanın tərəfində savaşsaydı, biz Rusiya Federasiyasındakı türk xalqlarında separatizm meyllərinin güclənməsinin şahidi olardıq, həmçinin, Orta Asiya respublikalarında anti-Rusiya əhval-ruhiyyəsi baş qaldırardı… Rusiyanın Ermənistan tərəfində savaşması ilə rus əsgəri sadəcə, Ermənistanın Azərbaycandan qopardığı 7 rayonu əlində saxlaması üçün həlak olacaqdı. Ancaq Ermənistanın regionda sülhü bərqərar etmək şansı vardı. Bunun üçün Azərbaycanla kompromisə getməli və 7 rayonu qaytarmalı idi. Lakin Ermənistan bu imkanı qaçırdı.”

Tsipko xüsusi vurğulayır ki, ermənipərəst rusiyalı siyasətçilərdən fərqli olaraq, Rusiya əhalisinin böyük əksəriyyəti rus ordusunun Ermənistan tərəfində vuruşmasının əleyhinədir: “Sorğular göstərir ki, xalqın böyük əksəriyyəti Putinin Dağlıq Qarabağ münaqişəsindən məsafə saxlamasını dəstəkləyir. Rusiyalıların 72 faizi azərbaycanlılarla ermənilərə eyni münasibət bəsləyir.”

Ümumiyyətlə, Azərbaycanın haqlı möıvqeyini müdafiə edən müəllif qeyd edir ki, Rusiyada Ermənistanın işğalını dəstəkləyən və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin əleyhinə çıxanlar Rusiyanın gerçək siyasi maraqlarını dərk edə bilmirlər: “Avropanın liberal dəyərlərini təbliğ edən bu şəxslər əslində, sevinməlidirlər ki, Rusiya rəhbərliyi bu dəfə hüququn aliliyinə riayət etdi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa hüququnu tanıdı. 1989-1994-cü illərdə Azərbaycanın 7 rayonunun Dağlıq Qarabağa birləşdirilməsi isə nəinki qanunsuz, həmçinin insani baxımdan əxlaq qaydalarına zidd idi”. \AzPolitika.info

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …