Bir müddətdir danışıqlardan yayınan Ermənistan tərəfinin bu görüşdə özünü necə aparacağı diqqətlə izlənilir. Politoloq Qabil Hüseynlinin AzNews.az-a verdiyi məlumata görə, Ermənistan bu görüşə çox könülsüz getdiyindən, hər hansı bir razılaşmanın əldə olunacağına ümid azdır:

“Ermənistan prezidenti Cenevrəyə Rusiya və Minsk qrupu həmsədrlərinin təqyiqi altında gedir və belə görünür ki, Ermənistan tərəfi hər hansı bir kompramisə getmək niyyətində deyil. Bütün bunları nəzərə alaraq, təxmin etmək mümkündür ki, görüşdən kordinal, ətraflı bir şey gözləmək mümkün deyil”- deyə politoloq bildirib.

Politoloq mübariz Əhmədoğlu isə bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Cenevrə görüşünə yeni ssenari ilə gedib.

“Çox güman ki, həmsədrlər yeni ortaq variant tapıblar. Varinat da ondan ibarətdir ki, həmsədrlər təmas xəttini dəyişirlər. Yeni təklifə əsasən Kəlbəcər və Laçının yarısı əhatə olunmaqla 5 rayon Azərbaycana qaytarılsın. Yəni bütün bunların çox güman ki, Cenevrədə nəzəri formulu hazırlanacaq və danışıqlara inamyaratma yeni təmas təmas xətti üzərində yaradılacaq. Yəni həmsədrlər yeni təmas xətti anlayışını gündəliyə gətirəcəklər. Amma zənnimcə prezidentlərin əsas görüşü bu ilin sonunadək Avropa İttifaqının sammiti ərəfəsində baş tutacaq” – deyə Mübariz Əhmədoğlu bəyan edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur