Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Prezidentin sensasion çıxışının tam mətni – Fotolar

Prezidentin sensasion çıxışının tam mətni – Fotolar

 Azərbaycanın prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Azinforum.az-ın  məlumatına görə, dövlətbaşçısı iclası giriş nitqi ilə açıb:

– Bu gün biz ənənəvi olaraq ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bəri başdan demək istəyirəm ki, yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir.

Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir.

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır.

Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir.

Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borclanma getmişdir. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər.

Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar.

Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi.

Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır.

Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.

Bax, dediyim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır.

Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.

Azərbaycanda inflyasiya aşağı səviyyədədir – 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur.

Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb.

Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür.

Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.

Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.

Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız.

Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.

Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var – regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir.

Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə – təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək. Mən bu barədə fikirlərimi bir qədər sonra deyəcəyəm.

Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır.

Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb.

Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.

Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil.

Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük.

Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, – Azərbaycan ictimaiyyəti də bilir, – bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub.

Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər.

Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər.

Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə – iyunun 12-də yığışır, qətnamə qəbul edir.

Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur.

Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi – Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir.

Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax, budur Azərbaycan və budur normal Avropa vətəndaşları.

Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər.

Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın