Ana səhifə / Siyasət / Prezidentin Cocuq Mərcanlı ilə bağlı sərəncamı “böyük qayıdışın” başlanğıcı elan olundu

Prezidentin Cocuq Mərcanlı ilə bağlı sərəncamı “böyük qayıdışın” başlanğıcı elan olundu

Məcburi köçkünlər işğaldan azad edilmiş kəndlərinə köçürüləcək

 
Prezident İlham Əliyev yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 
Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Image result for Bəxtiyar Sadıqov
İşğal altındakı Ağdam rayonundan deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam tarixi bir sənəddir: “Bu hadisə aprel döyüşündən sonra bizim ikinci böyük sevincimizdir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalanması onu göstərir ki, Azərbaycan işğaldakı torpaqlarını azad etmək və məcburi köçkünləri öz yurd-yuvalarında yerləşdirmək əzmindədir. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yenilənəcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir.
Cocuq Mərcanlı kəndinin bərpası həm də Ermənistana çox ciddi  mesajdır. Bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək. Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək.  Bu hadisə adi məsələ deyil. Bugünkü qayıdışın təməlini ulu öndər Heydər Əliyev qoyub. Məhz Heydər Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı nəticəsində Horadizi və 22 kəndi düşməndən azad edə bildik. Horadizə və o kəndlərin əksəriyyətinə sakinlər geri qayıtdı.
Amma Lələtəpə  kimi strateji yüksəkliklər düşmənin işğalında qaldığından azad etdiyimiz Cocuq Mərcanlı kimi  kəndlərimizdə əhalinin yaşaması mümkün deyildi. Ermənilər insanları həmin yüksəkliklərdən hədəfə ala bilərdi. Keçən ilin aprelində həmin yüksəkliklər azad edildi. Cocuq Mərcanlı kəndində cəmi bir ailə yaşayırdı. O ailə atəş altında olan kənddən çıxmamışdı. Aprel ayında Lələtəpə yüksəkliyinin azad edilməsi o kəndi atəş altında yaşamaqdan xilas etdi. Strateji yüksəkliklərdən məhrum olmuş ermənilər artıq Cocuq Mərcanlıya təhlükə yarada bilmirlər. Buna görə də prezidentimiz insanların azad olunmuş yurdlarına qayıtması, onlara orada şərait yaradılması üçün çox tarixi bir sərəncam verdi. Bu sevinci bizə cənab İlham Əliyev və ordumuz yaşadır”.
B.Sadıqov vurğuladı ki, bu, böyük qayıdışın başlanğıcıdır və davam edəcək. 
Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev isə Milli Məclisin komitə iclasında deyib ki, prezidentin sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “böyük qayıdış”ın ilk müjdəsidir: “Mən Cocuq Mərcanlı kəndində anadan olmuşam. Bu kənd mənə çox doğmadır. Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələtəpə deyilən yüksəklikdir. Bu yüksəklik strateji yüksəklik sayılır. Strateji yüksəklik nədən ibarətdir? Lələtəpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələtəpə həm də pir, ocaq deməkdir. Prezidentin imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə 50 evin tikilməsi ilə bağlı 4 milyon manat ayrılıb. Düzdür, bu tikilən evlərin sayı müraciətlərdən çox-çox azdır. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın  müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir. Orada çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da, görünür, insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi, biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın