Ana səhifə / Siyasət / Prezidentə doğru məlumat verməyən kimdir?

Prezidentə doğru məlumat verməyən kimdir?

Prezident İlham Əliyevin su təsərrüfatının vəziyyəti ilə bağlı keçirdiyi müşavirədə diqqətçəkən məqamlardan biri də Maliyyə naziri Samir Şərifovla Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun eyni məsələ barədə fərqli məlumat verməsi oldu. Yenisabah.az xəbər verir ki, söhbət Yaponiyanın “Kahişa” şirkətinin cəlb olunduğu layihədən gedir. 

İclasda bu məsələni Kəmaləddin Heydərov qaldırıb. O bildirib ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır.

Ölkə başçısı isə 2017-ci ildə bağlanan müqavilənin hansı səbəbdən hələ də icra olunmadığını sual edib.

Fövqəladə Hallar naziri isə bunu vəsait çarışmazlığı ilə əsaslandırıb. “Deməli, 9 milyon dollar vəsait çatışmadı. Ona görə də bu layihənin icrası dayandırıldı”, – deyə nazir bildirib.

Prezident bu dəfə Maliyyə naziri Samir Şərifovdan arayış tələb edib. Samir Şərifov isə Kəmaləddin Heydərovdan fərqli danışıb.

“Məsələ ilə bağlı məruzə etmək istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də “Deltares” şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən sözün açığı hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik”, – deyə nazir bildirib.

Bu zaman ölkə başçısı “Belə başa düşürəm ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və “Azərenerji” bundan istifadə etməyib. Elədir?” deyə sual edib.

Samir Şərifov Prezidentin sualına təsdiq cavabı verib: “Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı. Bununla bağlı həm “Azərenerji”də bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı”.

Beləliklə, Samir Şərifov faktiki olaraq Kəmaləddin Heydərovu çətin vəziyyətə salıb.

Samir Şərifovla Kəmaləddin Heydərov arasında münasibətlərin o qədər xoş olmaması barədə mediada çox yazılıb. Bunun kökü isə Samir Şərifovun Maliyyə naziri təyin olunmasına gedib çıxır. O, 2006-cı ildə bu vəzifəyə təyinat alıb. Həmin dövrdə yenicə Fövqəladə Hallar naziri təyin olunan Kəmaləddin Heydərov hakimiyyət komandasında ən güclü fiqurlardan hesab edilirdi. İddia olunurdu ki, nazir olmasına baxmayaraq Kəmaləddin Heydərov bir neçə dövlət qurumuna nəzarəti əlində saxlayır. Əsasən iqtisadi qurumlara təsir imkanlarını artırmağa çalışan Fövqəladə Hallar nazirinin Maliyyə Nazirliyinə nəzarəti də öz əlinə keçirməyə cəhd etdiyi bildirilirdi. 

İddialara görə, həmin vaxt Kəmaləddin Heydərov Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru və nazir müavi olan Heydər Əsədovun bu qurumda birinci şəxsə çevrilməsinə çalışırmış. Hətta Samir Şərifovun sələfi Əvəz Ələkbərovun işdən çıxarılmasında da Fövqəladə Hallar nazirinin rolunun olduğu bildirilirdi. 

Samir Şərifov Maliyyə naziri təyin olunduqdan qısa müddət sonra Heydər Əsədovun nazir müavini vəzifəsindən azad edilməsi də bu intriqanın təzahürü kimi qiymətləndirilirdi.

Daha sonra Samir Şərifovla Kəmaləddin Heydərovun Baş nazir postu uğrunda mübarizədə toqquşduqları barədə materiallar mətbuata ayaq açdı. Yeri gəlmişkən, tərəflər bu barədə yazılanları indiyə qədər təkzib etməyib. 

Bəlkə də bu iddiaların heç bir əsasi yoxdur. Lakin uzun illər mediada bu barədə yazılması ictimai rəydə Samir Şərifovla Kəmaləddin Heydərovun “mehriban düşmən” olduqları rəyinin yaranmasına səbəb olub. Bu baxımdan, Prezidentin keçirdiyi müşavirədə bu iki nazirin bir-birini  təkzib etməsi onların arasındakı iddia edilən ziddiyyətlər kontekstində şərh edilir. Yəni, güman edilir ki, Samir Şərifov əlinə düşən fürsətdən istifadə edərək Kəmaləddin Heydərovu “vurmağa” çalışıb. Lakin bu mülahizələrin əsaslı olduğunu, eyni zamanda hansı nazirin Prezidentə doğru danışdığını söyləmək çətindir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …