Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Politoloqlar Moskva görüşünü dəyərləndirdi: Müsbət və mənfi məqamlar

Politoloqlar Moskva görüşünü dəyərləndirdi: Müsbət və mənfi məqamlar

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü və verilən üçtərəfli bəyanat geniş müzakirələrə səbəb olub. Belə ki, kommunikasiya əlaqələrindən başqa görüşdə hansı önəmli məqamların razılaşdırıldığı məlum deyil.
Politoloq Fərhad Mehdiyev ümumən görüşü Azərbaycan üçün müsbət qiymətləndirib: 

“11 yanvar tarixində Moskvada danışılan hər şeyi bilmirik, amma ortada üçtərəfli bəyanat var, yəni qəbul edilən məsələ budur, bir də qəbul olunmayan iki məsələ daha var – əsirlərin qaytarılması və erməni birləşmələrin Dağlıq Qarabağdan çıxarılması. 
Bu görüş bir irəliləyişdir. Ermənistan 10 noyabr tarixli bəyanatın 9-cu bəndinə əsasən bu işləri görməli idi. İndi də razılaşır ki, müxtəlif növlü nəqliyyat xətləri açılır – həm dəmiryolu, həm də quru yolu. Azərbaycan üzərindən Rusiya mallarının Ermənistana ikitərəfli daşınması da bizim milli maraqlara zidd deyil, əksinə yaxşıdır. Bizim də Naxçıvana maneəsiz insan və yük daşımamız təmin olunacaq.
Diqqətəlayiq digər məsələ də ondan ibarətdir ki, Zəngilan və ya Qubadlıdan Naxçıvana gedən tranzit yüklərdən Ermənistan hansısa gömrük ya da transit rüsumu istəyə bilməz, halbuki biz öz ərazimizdən daşınacaq tranzit erməni malları ilə bağlı MDB çərçivəsində mümkün olan rüsum və xərc tətbiq edə biləcəyik, habelə ictimai təhlükəsizlik/ictimai qayda/fitosanitar təhlükəsizlik səbəbləri ilə müvəqqəti olmaq üzərə olsa da, erməni mallarının tranzitinə məhdudiyyətlər qoya biləcəyik. 
Nəqliyyat xətlərinin açılması, kommunikasiyaların bərpa edilməsi Ermənistanda revanşistlərin havasını alacaq. Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması üçün, iki ölkə arasında münasibətlərin yumşalması vacibdir.  
Politoloq erməni əsirlərinin qaytarılmamasını gözlənilən sayıb: 
“Onlar razılaşmanın 4-cü bəndinin (10 noyabr razılaşması – red.) icrasının (erməni silahlı qüvvələrinin çıxarılmasının) təminatıdır. Lakin onu qeyd edim ki, hökümətin 4-cü bəndin icrası ilə başqa bir planı daha var. Belə ki, erməni əsgərləri bəzən Qarabağda yoxa çıxmaqla, ora xidmət çəkməkdən getdikcə artan dərəcədə imtina edəcəklər, ailələri qoymayacaq”.
Dağlıq Qarabağın inkişafında hər 3 dövlətin birgə rol oynayacağına dair bəyanatı irəliləyiş hesab edən Fərhad Mehdiyev qeyd edib ki, indiki vəziyyət maksimalist yanaşmanın – “Rusiya da, ermənilər də Qarabağdan dərhal çıxsın, hər şey bizlikdir” –  tələblərinə uyğun deyil, amma yenə də irəliləyişdir. Bu günə kimi Rusiya orda nə olub bitəcəyinə dair təkbaşına qərar verirdi, indi rəsmən bizim də bu işdə rol alacağımızı qəbul edib. Yəni tədricən də olsa, Dağlıq Qarabağda öz yurisdiksiyamızı bərpa edirik. 
Siyasi analitik Nazim Cəfərsoy isə görüşün gərgin atmosferdə keçdiyi qənaətindədir:  

“Verilən üçtərəfli bəyanatın mətnində mövcud problemlərin həllinə dair açıq heç bir önəmli məqam görmədim. Əsas iqtisadi və kommunikasiya əməkdaşlıği mövzusu önə çıxarılıb. Arxa planda nə var, bunu hələ bilmirik. Ancaq Qarabağda terrorçular var ikən, layihələr planlamaq məntiqli mövzu deyil. Bu, ancaq təhlükəsizlik məsələsinin həllinə dair gizli razılaşma ilə mümkün ola bilər. Azərbaycan Prezidentinin açıqlamasında bir yerdə təhlükəsizlik vurğusu, Ermənistan baş nazirinin açıqlamasında iki yerdə əks olunan (status və əsirlər) narazılıq var idi…”
Nazim Cəfərsoy hesab edir ki, Türkiyənin Qarabağ danışıqlarından kənarda qalması qəbuledilən durum deyil: 
“Müharibə vaxtı Türkiyə Qarabag müzakirələrində xeyli fəal mövqeydə idi. Azərbaycan da bunun olması üçün lazımi mesajları tez-tez verirdi. Ancaq getdikcə Türkiyənin Qarabağ prosesində siyasi konteksdə geri planda qaldığı görüntüsü güclənir. Məsələn, son Moskva görüşü öncəsi mətbuata əks olunan Turkiyə-Rusiya və Türkiyə-Azərbaycan təmaslarının olmadığını müşahidə etdik. Türkiyənin bu prosesdə geri planda qalması Azərbaycan adına çox böyük strateji səhv olar…”  Qaynarinfo

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …