Ana səhifə / Siyasət / “Pelosinin Ermənistana səfəri ABŞ-Azərbaycan münasibətlərinə təhlükədir”

“Pelosinin Ermənistana səfəri ABŞ-Azərbaycan münasibətlərinə təhlükədir”

“Tayvan səfəri ilə dünya mətbuatının səhifələrində hələ də müzakirə olunan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Yeri gəlmişkən qeyd edim ki, Pelosinin Çin üçün “qırmızı xətt” olan Tayvana səfəri beynəlxalq aləmdə təqdir edilməkdən daha çox tənqid olunmuşdu. Görünür, dünyaya demokratiya, ədalət, insan haqları, hüququn aliliyi haqqında dərs verən ABŞ-ın bu qocaman siyasətçisinin siyasi fəaliyyətində götürülmüş öhdəliklərə məsuliyyətli və ədalətli yanaşma, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquq, qanunun aliliyi və obyektivlik kimi amillər yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, normalda siyasi görüşləri fərqli olsa da, bütün siyasətçilər üçün dövlət marağı onun qrup və fərdi marağından daha öndə və yüksəkdə dayanır: “Fikirlərimlə hansısa bir siyasətçiyə nəyisə öyrətmək niyyətində deyiləm. Sadəcə bildirmək istərdim ki, ABŞ-ın qocaman siyasətçisi, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin açıq-aşkar birtərəfli məqsəd və maraqla Ermənistana səfəri Azərbaycan ictimaiyyətində ciddi, haqlı narazılıq yaradıb. Doğrusu, bir deputat kimi ictimaiyyətin və seçicilərimizin, Pelosinin bu səfərinə etiraz edənlərin sualına cavab vermək çox çətindir. Həm yaşda, həm də siyasətdə qocaman olan Pelosi bu səfəri ilə öz şəxsi və qrup marağının, hətta ABŞ-Azərbaycan strateji münasibətlərindən önəmli olduğunu göstərir. Bir tərəfdən deyə bilərik ki, bu, onun şəxsi işidir. Amma ABŞ siyasətində mötəbər vəzifə tutan bir siyasətçinin populist və qrup marağı aydın olduğu qədər də anlaşılan deyil”.

M.İbrahimqızı xatırladıb ki, ABŞ 30 ilə yaxın Qarabağ münaqişəsinin həllində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir: “Belə səfərlər hər zaman Cənubi Qafqazın üç respublikasında həyata keçirilib. Bu mənada, Pelosi ölkəsinin imicinə xələl gətirən, ermənipərəst mövqeyə xidmət edən bu səfəri haqda ciddi düşünməli idi. ABŞ mətbuatında vaxtaşırı olaraq Pelosinin tam erməni diasporu və lobbisinim təsirində, hətta işbiriliyində olması barədə yazılar oxumaq olur. Onun bu səfəri birmənalı olaraq yazılanların etirafı anlamına gəlir. Sözsüz ki, heç kəsin, eləcə də mənim onun erməni sevdalısı olması haqda nəsə bir şey deməyə haqqım yoxdur. Onsuz da San Fransisko və Kaliforniyadan seçilmiş bir konqresmenin ermənilərə münasibətdə tərəfsiz olması da mümkün deyil. Problem ondadır ki, Pelosi Ermənistana sadə bir Amerika vətəndaşı kimi səfər etmir. Erməni sevdasını daim büruzə verən spikerin bu dəfə bu sevdanı nəinki İrəvandan bildirmək istəyir, eyni zamanda İrəvanda Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeyini də bildirəcək. Öz siyasi fəaliyyətində insan hüquqlarını xüsusi vurğulayan qocaman xanım siyasətçi ötən dövrdə erməni işğalı zamanı bir dəfə də BMT-nin erməni təcavüzü ilə bağlı qəbul etdiyi qətnamələrdən, 1 milyon qaçqın və köçkünün pozulmuş hüquqlarından danışmadı. İqlim dəyişkənliyindən, ətraf mühitin qorunmasından danışarkən bir dəfə də olsun Qarabağda erməni vəhşiliyinin ətraf mühitə vurduğu təcavüzdən danışmadı. Azərbaycan xalqının 44 günlük haqlı davası olan Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzkar ordusunun Qarabağdan çox uzaqlarda – Gəncədə, Tərtərdə, Bərdədə, Mingəçevirdə törətdikləri terroru Pelosi eşitmədi. Terrorun qurbanları olan uşaq və qadınları, mülki insanları eşitmək, nə də görmək istəmədi. Bütövlükdə, bölgədəki gərginliyi yaxşı bilən qocaman xanım siyasətçinin məqsədi İrəvana gedərək iki qonşu arasındakı gərginliyi daha da artırmaqdır”.

Deputat əlavə olaraq bunları deyib:

“ABŞ Təmsilçilər Palatasının sədri xanım Pelosi və onu kimi düşünənlər bilməlidir ki, Azərbaycan xalqının 7-dən 77-yə hər bir vətəndaşı hər qarış torpağı üçün canından və həyatından keçməyə hazırdır. Bu gün Azərbaycan da, onun qəhrəman Milli Ordusu da 30 il bundan öncəki deyil. Azərbaycan xalqının nəyi necə və nə zaman etməyi dəqiq bilən yenilməz və məğlubedilməz Lideri var. Onun sarsılmaz və qətiyyətli siyasi iradəsinin ifadəsi olan “dəmir yumruq”un gücü haqqında da bu gün yetərli məlumatlar var. Şübhəsiz ki, Pelosi çox yaxşı bilir ki, onun dəstəklədiyi, əzizlədiyi və bəslədiyi ermənilər tərəfindən işğal dövründə Qarabağ torpaqlarına minlərlə minalar basdırılıb. Xanım Pelosi bilsin ki, bu gün Azərbaycanın hər bir vətəndaşı onun torpağına, ərazi bütövlüyünə, sərhədinə, müstəqilliyinə və dövlətçiliyinə göz dikənlər üçün bir minadır. Azərbaycan xalqının haqlı davasına susqunluq və ədalətsizlik göstərənlərə qarşı səbr və dözümü 30 il idi. Xanım Pelosinin dilində, yəni amerikan ingiliscəsində desək, “deadline” 30 il idi. Həqiqətən də, bu səfərin məqsədi həm aydın, həm də qaranlıqdır. Nəzərə alsaq ki, artıq erməni saytlarında onun səfər proqramında İrəvandakı sözdə “soyqırım” abidəsinə gül qoymaq və Xankəndinə səfər də var. Belə çıxır ki, bu xanımın məqsədi regiondakı hazırki vəziyyəti daha da ağırlaşdırmaq, ancaq qanamayan yerdən qan çıxartmaq, fitnə və fəsad toxumu səpməkdir. Nə isə, səfərin baş tutmasını gözləyək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …