Ana səhifə / Siyasət / Payızda nə parlament buraxılacaq, nə də referendum keçiriləcək – AÇIQLAMA

Payızda nə parlament buraxılacaq, nə də referendum keçiriləcək – AÇIQLAMA

“Bəzi media orqanlarında və sosial şəbəkələrdə məlumat yayılıb ki, bu ilin payızında parlament buraxılacaq, referendum keçiriləcək. Bu məlumatlarda mənə də istinad olunur. Mən və bəzi deputat həmkərlarım zaman-zaman konstitusion islahatlardan bəhs etmişik. Buraya proporsional seçki sisteminin bərpası və sair məsələlər daxildir. Amma biz heç vaxt deməmişik ki, payızda parlament buraxılacaq, referendum keçiriləcək. Aldığım məlumatlara əsasən, bəyan edirəm ki, payızda nə parlament buraxılacaq, nə də referendum olacaq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, gələcəkdə strateji baxışlara, ideoloji niyyətlərə baxmaq olar: “Seçkilərin keçirilməsi gözlənilmir ona görə ki, Azərbaycan müharibədən qalib çıxıb və Qarabağda quruculuq-abadlıq işləri ilə məşğuldur. Hökumət bu sahədə ciddi işlər aparır. Ölkəyə xarici investisiyaların cəlbi önəmli məsələlərdəndir. Hökumət yalnız ölkənin post-müharibə dövründəki iqtisadi inkişafı ilə məşğuldur. Hazırda vaxt və imkan yoxdur ki, parlament buraxılsın, referendum keçirilsin. Belə bir niyyət də yoxdur”.

Deputat vurğulayıb ki, boş qalan seçki dairələrinə seçkilərin keçirilməsi Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir: “Narahatlığım ondan ibarətdir ki, bəzi seçki dairələri üzrə seçicilərin parlamentdə təmsilçiləri yoxdur. Ona görə bu seçki dairələrinə seçkilərin keçirilməsini zəruri sayıram”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …