Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Paşinyanın tərəfdarları revanşistlərin Qarabağla bağlı təşəbbüsünə “yox” dedi

Paşinyanın tərəfdarları revanşistlərin Qarabağla bağlı təşəbbüsünə “yox” dedi

Ermənistan parlamenti qapalı iclasında “Dağlıq Qarabağda humanitar vəziyyət və təxirəsalınmaz tədbirlər haqqında” bəyanat layihəsini müzakirə edib.

Səsvermə nəticəsində bəyanat layihəsinin lehinə cəmi 30 səs verilib, əleyhinə və bitərəf qalansa olmayıb. Səbəb də budur ki, hakim fraksiya səsvermədə iştirak etməyib. Beləliklə, bəyanat layihəsi qəbul edilməyib.

Ermənistan Milli Məclisinin dünən keçirilən iclasında 66 lehinə, 18 əleyhinə, 1 bitərəf olmaqla parlament fövqəladə iclasın bağlı qapılar arxasında keçirilməsinə qərar verib. Səsvermədən əvvəl “Hayastan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan bütün görüşün bağlı qapılar arxasında deyil, yalnız dövlət və ya rəsmi sirləri ehtiva edən hissələrin keçirilməsini təklif edib.

Hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan cavab verib ki, bu məsələ geniş ictimai maraq kəsb edir, lakin təhlükəsizlik məsələləri də var və onlar məsələnin tamamilə qapalı iclasda müzakirəsini məqsədəuyğun hesab ediblər.
Fövqəladə iclasın keçirilməsi təşəbbüsü müxalifətin iki fraksiyasından – “Hayastan” və “Mənim şərəfim var” partiyasından gəlib. Onlar xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryanın spiker qismində çıxış etmələrini istəyiblər.
Müxalif “Hayastan” fraksiyasının deputatları Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məmurların cinayət məsuliyyətinə cəlb edilməsi təşəbbüsü ilə çıxış ediblər.
Beləliklə, Nikol Paşinyanın tərəfdarları revanşistlərin Qarabağla bağlı təşəbbüsünə növbəti dəfə “yox” deyib. Bundan əvvəl Şuşa Bəyannaməsinin müzakirəyə çıxarılması cəhdi də iflasa uğramışdı.
Musavat.com

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …