Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Paşinyanın Azərbaycanın daxili məsələləri barədə sərsəm bəyanatlarına şərik olan dönük mühacirlər…

Paşinyanın Azərbaycanın daxili məsələləri barədə sərsəm bəyanatlarına şərik olan dönük mühacirlər…

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz “Facebook” səhifəsindəki açıqlamsında Ermənistanın baş nazirinin son sərsəm bəyanatına münasibət bildirib.

Dövlət rəsmisi özünü azərbaycanlı adlandıran və Paşinyanı qəhrəmana çevirən ünsürləri də sərt tənqid edib. “Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir…” başlıqlı açıqlamasında Əli Həsənov mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətini nümunə göstərərək, bir şəxsiyyətin dövləti və xalqı uğrunda etdiyi fədakarlığın, əslində, necə olduğunu göstərib. O bildirib ki, dövlətini və xalqını bəlalardan xilas edən ulu öndər, təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat edib. Əli Həsənov həm də özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməklə erməni dəyirmanına su tökdüklərini bildirib. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Onlar Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər: “Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harda müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır”.

Göründüyü kimi, Əli Həsənov xaricdə yaşayan bəzi azərbaycanlıların fəaliyyətinə toxunaraq, onların, faktiki olaraq, Paşinyanla eyni mövqeni bölüşdüyünü diqqətə çatdırıb. Xaricdə yaşayan və azərbaycanlı adını daşıyan bu tip şəxslərin deyilən istiqamətdəki fəaliyyətini necə dəyərləndirmək olar?

Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparartının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, həmin insanlar artıq azərbaycanlı olmaq hissini çoxdan itiriblər: “Çox təəssüflər olsun ki, həmin tip adamlar müxalif olmaqla, ölkənin milli, dövləti maraqlarının qurban verilməsi arasında fərq görmürlər. Siyasətdə müxalif fikir mütləq olmalıdır. Lap götürək ki, həmin düşüncənin bəzi daşıyıcıları buranı bəyənməyib, yaşayış yeri kimi xarici ölkəni seçiblər. Bəyəm bu o anlama gəlir ki, ermənilərin dəyirmanına su tökməlidirlər? Elə məsələlər var ki, orda biz yumruğu bir yerə vurmalıyıq. Bura Dağlıq Qarabağ məsələsini və ermənilərlə aparılan mübarizəni xüsusi olaraq aid edə bilərik. Yəni bir insan müxalif olsa belə, ermənilərin tərəfini tutmamalıdır. Bəyəm həmin mühacirlər bilmirlər ki, ermənilər bizim başımıza hansı oyunları açıblar? Necə ola bilər ki, bir azərbaycanlı düşmən ölkənin başçısının oğlunun hərbi xidmətə getməsini təqdir etsin, bizim Prezidentin övladının hərbi xidmətə yollanmasına bir qədər istehza ilə yanaşsın? Belə adamlara azərbaycanlı demək olarmı? Onlar anlamırlar ki, Paşinyanın oğlu əlində silah erməni əsgərinə çevrilirsə, demək ki, sabah elə onu bəyənən azərbaycanlıların da qohumlarının, doğmalarının qatilinə çevrilə bilər. Bu cür məsələlərdə müxalifçilik adı ilə belə addımların atılması Vətənin maraqlarını satmaqdan başqa nəsə deyil. Mən istərdim ki, həmin mühacirlər ötən əsrin əvvəllərində xaricə sığınmış azərbaycanlı mühacirlərin yaşayışından, fəaliyyətindən bir nümunə götürsünlər. Onlar məhdud imkanlarla Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istəyirdilər. Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var. Görün erməni diasporu bu məsələdə necə monolit mövqe ortaya qoyur. Yaxşı olardı ki, bizim mühacirlər də erməni təbliğatının təsirinə düşməkdənsə, həyatlarını düşmənlə mübarizəyə həsr etsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …