Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Paşinyanın 2022-ci il hədəfləri – Peşəkar ordu, amma statusdan imtina?

Paşinyanın 2022-ci il hədəfləri – Peşəkar ordu, amma statusdan imtina?

Ermənistan baş naziri Nikol Paşinyan həmvətənlərinə ünvanlandığı Yeni il təbrikində peşəkar ordu qurmağın zəruriliyini bildirib. Özü də erməni qadınlarını cəlb eləməklə. “Bizim əsas vəzifəmiz silahlı qüvvələrdə islahatlar aparmaqdır. Ermənistanın peşəkar ordusu olmalıdır və oraya getdikcə daha çox qadın cəlb edilməlidir”, – deyib.

Paşinyana görə, “strateji perspektivdə müddətli hərbi xidmət əhəmiyyətli dərəcədə dəyişməli, məcburi hərbi toplanışlar və təlimlərlə əvəzlənməlidir ki, bu da müəyyən periodikliklə insan həyat boyu bir neçə dəfə keçirilməlidir”. Erməni baş nazir həmçinin bildirib: “Vurğulamaq istəyirəm ki, siyasi planda ordumuz öz qarşısına ərazi zəbt etmək kimi vəzifə qoymur, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır”.

Amma cəmi ilyarım qabaq Paşinyanın sabiq müdafiə naziri, hazırda həbsdə olan David Tonoyan bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələmiş, Nikol isə o vaxt ona heç bir irad bildirməmişdi. Sonrası məlumdur.

Odur ki, bir sual hələ ki, açıq qalır: peşəkar, güclü ordu acından ölən, kasıb Ermənistanın nəyinə lazımdır? Siz hələ bir normal sərhəd qoşunları yaradıb öz sərhədlərinizi özünüz qoruyun, baxaq görək, buna qadirsizmi?..

Başqa yandan, güclü ordu güclü iqtisadiyyatı və ya güclü maliyyəsi (təbii ehtiyatları) olan ölkələrdə olur. Çünki müasir silahların alınması, peşəkar hərbi təhsil, təcrübəli general heyəti və zabit korpusunun formalaşdırılması və s. üçün böyük pullar tələb edilir. Heç bir qiymətli yeraltı sərvəti və ya mineral ehtiyatı olmayan Ermənistanın iqtisadiyyatı isə blokada aradan qaxmayınca hazırkı rüşeym halından, böhranlı durumdan çıxıb inkişaf edə bilməyəcək.

Blokada götürələndən, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşandan sonra da böyük xərclər tələb edən peşəkar ordu, təkrar edirik, Ermənistanın nəyinə lazım olacaq? Üstəgəl, Azərbaycan və Türkiyənin Ermənistana heç bir ərazi iddiası yoxdur, gözlənilmir. Bakı və Ankara illərdir İrəvana beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində sülh müqavilələri imzalamağı təklif edir. Ermənistanın gerçəkdən də ərazi işğal eləmək niyyəti yoxdursa, Paşinyanın Yeni il təbrikində də vurğuladığı kimi, İrəvan təhlükəsizlik və ərazi bütövlü sarıdan narahatdırsa, nədən bu təklifə “hə” demir?..

Nikol Paşinyanın təbrikdə diqqət çəkən digər məqam Qarabağla bağlıdır. Bu xüsusda o, Ermənistanda dominant olan ənənəvi radikal ritorikadan yayınmağa çalışıb və əsasən ümumi ifadələrdən istifadə edib.

“Dağlıq Qarabağ konfliktinin nizamlanması və “Artsax” ermənilərinin hüquqlarının tam müdafiəsi – bizim strateji hədəfimizdir” deyib və ardınca əlavə edib: “Hökumətimiz müharibədən əvvəl də, sonra da “Artsax”a həmişə dəstək olub. Təkcə 2021-ci ildə hökumət “Artsax”a 128 milyard dramdan (267 milyon dollar) çox məbləğdə yardım edib. 2022-ci ilin büdcəsinə əsasən, biz artıq “Artsax”a 144 milyard dramdan (300 milyon dollar) çox vəsait ayırmağı planlaşdırırıq. Biz bu ayırmaları və onlardan istifadəni daha səmərəli edəcək mexanizmlər haqqında da düşünməliyik”.

Əvvəla, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə Paşinaynın dediyi maliyyənin nəyə xərcləndiyi Azərbaycanın da nəzər-diqqətində olmalıdır. Həmin vəsaitlərin xərclənməsinə hansısa nəzarət mexanizmi fikirləşib tapmalıyıq. Çünki pullar qanunsuz silahlı dəstələrin saxlanmasına da yönələ bilər. Ümumiyyətlə, müəyyən mərhələdə, daha doğrusu, 5 illik keçid dövrü bitəndən sonra Azərbaycan “artsax”a xaricdən maliyyə ayrılmasını yəqin ki, yasaqlamalı olacaq.

Bunlar öz yerində, maraqlıdır ki, Paşinyan öz təbrik məktubunda “status”, “öz müqəddəratı təyinetmə”, “Dağlıq Qarabağ xalqı” kimi az qala hamını təngə gətirmiş ifadələrdən istifadə eləməyib. Əslində, bu yanaşma Yeni il ərəfəsi onun hökumətin son iclasında söylədiyi və erməni siyasi-ictimai kəsimində qalmaqal yaratmış fikirlərinin davamı da sayıla bilər.

Hərçənd Dağlıq Qarabağ problemi artıq yoxdur. Bunu 2021-ci ildə Azərbaycan və Ermənistan liderləri, eləcə də digər rəsmi şəxsləri arasında iki və üçtərəfli formatlarda keçirilən görüşlər əyani təsdiqlədi. İrəvanın çox ümid bəslədiyi ATƏT-in Minsk Qrupu həmsədrləri də Qarabağla bağlı Ermənistanın arzuladığı beynəlxalq gündəliyi formalaşdıra bilmədilər. MQ qrupu artıq “ölmüş” kimidir.

2022-ci ildə bu qəbildən cəhdlər daha səmərəsiz və mənasız olacaq. Çünki illər ötdükcə Qərb, özəlliklə ABŞ və Fransa 44 günlük müharibənin nəticələrini qeyd-şərtsiz qəbul eləməkdədir. Ötən il Paşinyanın öz çıxışlarının birində “dünya bizim şikayətlərimizdən bezib” söyləməsi sözsüz ki, həm də bu reallığın dərkindən qaynaqlanırdı… Musavat.com

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …