Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Paşinyandan Qarabağ gözləntisi – ŞƏRH

Paşinyandan Qarabağ gözləntisi – ŞƏRH

Ümidlər var idi ki, Ermənistanda hakim klan,  Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Qarabağ ətrafında gərginlik aradan qalxa bilər.

Hakimiyyətə gələn yeni qüvvələrin, o cümlədən, Paşinyanın müəyyən kompromislərə gedəcəyi gözlənilirdi. Amma cəbhədə gərginlik yenə də davam edir. Belə ki, Müdafiə Nazirliyinin məlumatına görə ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. İşğal altında olan rayonların ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub. Hakimiyyətdə dəyişikliklər olsa da, silahlar susmur. Maraqlıdır, vəziyyətin əvvəlki kimi gərgin qalmasının səbəbi nədir?

Gənc Demokratlar İnstitutunun direktoru, politoloq Yeganə Hacıyeva “Cümhuriyət” qəzetinə bildirib ki, bir ay ərzində Ermənistanda Sarkisyanın baş nazir təyin olunmasına etirazlarla müşayiət olunan prosesin məntiqi sonluğu kimi hakimiyyət dəyişikliyinin şahidi olduq: “Proses mayın 8-də parlamentdə ikinci həmlədən sonra “məxməri inqilab”ın  lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə yekunlaşdı. Bir aya yaxın küçələrdə Ermənistanın daxili problemləri və ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı populist mesajlar verən Paşinyanın baş nazir kimi təsdiqlənməsindən sonra, vədlərdən real işə keçməlidir. Qarabağ klanı, hərbi cinayətkar Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Azərbaycan – Ermənistan, Dağlıq Qarabağ konfliktində gərginliyin aradan qalxacağı, hakimiyyətə gələn yeni qüvvələrin loyal ola biləcəyi, o cümlədən, Paşinyan müəyyən kompromislərə gedə biləcəyi haqqında fikirlər səslənirdi. Öncə qeyd edim ki, mən belə optimist fikirləri heç vaxt bölüşməmişəm.

Məsələ ondadır ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan siyasi fəaliyyəti dövründə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı daxili və xarici auditoriyalara yönəlik bir neçə dəfə mövqeyini dəyişib, problemin həlli ilə bağlı bir-birinə zidd fikirlər söyləyib. Paşinyan xarici ölkələrdə, beynəlxalq təşkilatların tədbirlərində demokrat imici qazanmaq üçün loyal mesajlar verir, ölkə daxilində isə fikirləri radikal daşnaq partiyasının mövqeyi ilə üst-üstə düşürdü. Buna misal olaraq bir neçə məqamı xatırlatmaq istəyirəm.

Məsələn, 2013-cü ildə Paşinyan Avropa Birliyinin Cənubi Qafqaz regional təhlükəsizlik mövzusunda təşkil etdiyi konfransların birində çıxış etmişdi. O, konfliktin həlli yollarının müzakirəsi zamanı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları Azərbaycana vermədən nizamlanma ilə bağlı danışıqlar aparmağın mümkün olmadığını bildirmişdi. Məhz elə həmin il Ermənistan parlamentində “İrs” fraksiyasının təklif etdiyi qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini dəstəkləmişdi. Qanun layihəsi özlüyündə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlardan bufer zona – təhlükəsizlik zonaları məqsədilə istifadəsini nəzərdə tuturdu”.

Politoloq onu da qeyd edib ki, Ermənistan daxilində səfirliklərin təşkil etdiyi tədbirlərdə konfliktin həllini ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olması önə çəkilirdi: “Bu tədbirlərdə Qarabağ məsələsində güzəştlərə hazır olduğu bildirilsə də, daxili mediada Ermənistanın atəşkəs rejiminə riayət etməsinin məqsədəuyğunluğunu şübhə altına alırdı. Qondarma Dağlıq Qarabağ hakimiyyətinin nümayəndələri birtərəfli güzəştlərin yolverilməzliyinə israr edir, konfliktin həllinə dair istənilən danışıqların iştirakının vacibliyini qeyd edirdilər. Paşinyanın bu mövqeyini ATƏT-in Minsk Qrupu çərçivəsində bütün razılaşmaların pozulması, o cümlədən, münaqişənin həllində tərəflərin razılaşdırdığı və substantiv danışıqların bəndlərinin pozulması, son nəticə olaraq yenilənmiş Madrid prinsiplərinin pozulması kimi ifadə edə bilərik. O, 2016-cı ilin aprelində Qarabağ münaqişəsinin həllində kəskinləşməyə yönəlik mövqe sərgiləmişdi. Əlbəttə, sıravi siyasətçi və baş nazir kimi Paşinyanın fikirlərində mütləq dəyişkliklik baş verəcəkdir”.

Yeni baş nazir Paşinyan danışıqlara hansı təkliflərlə gedə bilər sualına gəlincə, Yeganə Hacıyeva bu sualın cavabının tam aydın olmadığını deyib: “İrəvan küçələrində etirazların qızğın zamanlarında Nikol Paşınyan Qarabağ məsələsində populist vədlərlə paralel, konfliktin həllində parlamentdəki nümayəndəsi olduğu “Yelk” blokunun proqramında əksini tapan mövqeləri dəstəklədiyini bildirmişdi. “Yelk” blokunun proqramında isə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ konfliktinin həllinə dair konkret konseptual yanaşmalar mövcud deyil. Ümumiyyətlə, danışıqlar prosesində yeni Ermənistan hakimiyyətinin dəyişmiş mövqeyi, danışıqlarda yeni baş nazir Nikol Paşinyanın ciddi dəyişikliklər etməsi, fərqli yanaşma, format dəyişikliyi və sair kimi yeniliklərin gözləntisi hələ hüquqi anlamda aktual deyil. Bu, ancaq yeni parlament seçkisi keçiriləndən və hökumət tam formalaşandan sonra aydın olacaq. Bu proseslər isə Ermənistanda çox gərgin çalarlarda baş verəcək. Hesab edirəm ki, Nikol Paşinyanın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin baş verməsini gözləmək siyasi sadəlövhlük olar”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …