Ana səhifə / Siyasət / Paşinyan belə sülh sazişi layihəsi ilə nə demək istəyir?

Paşinyan belə sülh sazişi layihəsi ilə nə demək istəyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, onlar  öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib:

“Ermənistan Azərbaycanla sülhün bərqərar olması və əlaqələrin qurulması layihəsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib”.

Onun sözlərinə görə, sənədin tərtib edilməsində məntiq elədir ki, onu istənilən vaxt imzalamaq olar:

“Bu sənəd Azərbaycan üçün də məqbul ola bilər. Ümid edirik ki, danışıqların üç raundunda qeyd olunan tərəqqiyə əsaslanmaq mümkündür. Bizim baxışımız belədir: sənəddə uzunmüddətli sülh və sabitliyin pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşmaların məntiqi, nəzarət və balans sistemi olmalıdır”.

Ermənistanın Baş naziri bəyan edib ki, mümkün qədər tez bir zamanda uzunmüddətli sülh və sabitliyin qarantı olacaq sənədi imzalamağa hazırdır: “Mən belə bir vəzifə götürməyə və belə bir məsuliyyət daşımağa hazıram”.

Qeyd edək ki, rəsmi Bakıdan sənədə hələlik münasibət açıqlanmayıb.

Paşinyan sülh sazişinin son variantı ilə bağlı verdiyi açıqlamada nə demək istəyir?

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın belə nikbin danışması bizi aldatmamalıdır: “Bundan əvvəl də sülh sazişi ilə bağlı ümidveeici mesajlar verilirdi. Hətta ötən ikin sonunda həmin sənədin imzalanması gözlənilirdi. Yenə də Paşinyanın cığallığı səbəbindən sənəd imzalanmadı. Yenə də Paşinyan prosesi yubatmaq üçün ümidverici mesajlar verir. Əslində nə baş verir? Artıq 2 ildir ki, Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini göndərib. Bəllidir ki, layihədə ilk növbədə 5 prinsip əksini tapıb. Hazırda bu mətn üzərində iş gedir. Təbii ki, tərəflər öz mövqelərinə aid olan düzəlişlər təklif ediblər. Azərbaycan üçün prinsipial məsələ Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü heç bir istisna olmadan tanımasından ibarətdir. Ancaq Ermənistan ayrı mövqedədir. İrəvanda hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma Qarabağa aid hansısa danışıqlar olmalıdır. Əvvəllər deyirdilər ki, statusa aid danışıqlar davam etdirilməlidir. İndi isə, adını çəkməsələr də, deyirlər ki, danışıqlar Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunması məqsədilə aparılmalıdır və bu prosesdə hansısa beynəlxalq vasitəçinin iştirakı təmin olunmalıdır. Təbii ki, Azərbaycan buna gedə bilməz və getməyəcək”. Mirkazım Seyidov hesab edir ki, Ermənistan kompromisə gətirib çıxarmayan mövqe nümayiş etdirməkdə davam edəcəksə, proses yenə də uzanacaq: “Təbiidir ki, Azərbaycan prinsipial olaraq öz mövqeyində israrlıdır və bu, 5 şərtdə öz əksini tapıb. Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair sənədi Türkiyə vasitəsilə Bakıya təhvil verib. Bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

O bildirib ki, sənəd Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın əli ilə Ankaraya verilib və ordan da Bakıya çatdırılıb. Deməli, Türkiyə də prosesin tam içindədi. Hansısa gözləntilər var. Çünki Ermənistan XİN rəhbəri Türkiyəyə səfər etdi və orada normallaşmada maraqlı olduqlarına dair bəyanatlar səsləndirdi. Ermənistanın sazişi imzalamaqdan başqa çarəsi qalmır. Hazırda Rusiya ilə də münasibətləri gərgindir və hər an Moskvadan zərbə ala bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …