Ana səhifə / Siyasət / “Paşinyan əvvəlki Qarabağ ritorikasından əl çəkməyə məcburdur” – Politoloqlar

“Paşinyan əvvəlki Qarabağ ritorikasından əl çəkməyə məcburdur” – Politoloqlar

Xəbər verildiyi kimi, Ermənistanın gələcək baş naziri olması gözlənilən müxalifət lideri Nikol Paşinyan parlamentdə Qarabağ problemi ilə əlaqədar baxışlarını açıqlayıb. 

Erməni siyasətçinin fikirləri keçmiş prezident Serj Sərkisyandan o qədər də fərqlənməyib: “Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”, “Azərbaycanın aqressiv tonu sülhə mane olur”, “Birtərəfli güzəştlərdən söhbət gedə bilməz” və s…

Lakin Nikol Paşinyan daha öncələr bu qədər “sülhpərvər” olmayıb. Erməni mediası onun 2013-cü ildə parlamentdə, Erməni Milli Konqresi fraksiyasında olarkən, “İrs” fraksiyası tərəfindən hazırlanan Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı qanun layihəsini dəstəkləyən yeganə deputat olduğunu xatırladır.

Başqa parityalar isə bu təşəbbüsü dəstəkləməyərək bunun ümumi prosesə mane olacağını bildirmişdilər. Paşinyan isə öz növbəsində “praqmatik dəliliyin” əleyhinə olduğunu söyləmişdi.

Erməni siyasi ekspertləri Paşinyan kimi siyasətçilərin öz baxışlarını 2016-cı ilin aprelində dəyişdiyini vurğulayırlar.

Mayın 1-də parlament qarşısında çıxış edən Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasında qarşılıqlı güzəştlərin verilməsindən danışıb.

Erməni politoloqu Stepan Səfəryanın sözlərinə görə, burada söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından vaz keçməsindən gedə bilər.

“Paşinyan respublikaçı deputatların da suallarına cavab olaraq bildirdi ki, İlham Əliyevin İrəvana göz dikdiyi bir vaxtda münaqişənin həlli mümkün deyil. O, həmçinin birtərəfli güzəştlərin olmayacağını da bəyan edib”, – Sərəfyan qeyd edir.

Bununla bərabər S.Səfəryan Nikol Paşinyan və onu komandasının Qarabağ məsələsi ilə bağlı mövqeyi barədə qəti fikir söyləyməyin hələ tez olduğunu söyləyib. O, Ermənistanın yeni hakimiyyətinin yalnız növbədənkənar parlament seçkilərindən sonra qəti mövqeyə gələcəyini bildirib.

Stepan Səfəryan yeni parlament və hökumət formalaşana qədər tərəflər arasında ciddi danışıqların olacağına da şübhə ilə yanaşıb. O, Paşinyanın da danışqlar prosesini mövcud çərçivədə, lakin öz düzəlişləri və baxışları ilə birlikdə davam etdirəcəyinə əmin olduğunu ifadə edib.

Erməni politoloq Ermənistanda legitim hakimiyyətin formalaşmasının N.Paşinyanın müzakirələrdə əlini gücləndirəcəyini, hətta onun Dağlıq Qarabağın qondarma rəhbərliyinin də prosesə cəlb olunması barədə tələbi daha uca səslə dilə gətirəcəyini iddia edib.

Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyana görə, Qarabağ məsələsində əvvəlki mövqeyindən asılı olmayaraq Nikol Paşinyan yalnız aktual siyasi gerçəkliklərlə hərəkət etməyə məcburdur.

“Əvvəllər Qarabağın Ermənistanın tərkibində olması barədə fikirlər də səsləndirilirdi. Lakin bunu Paşinyan vaxtilə bir vətəndaş olaraq söyləyib. Baş nazir Paşinyan isə başqa məsələdir. Şəxsin tutduğu statusdan asılı olaraq mövqeyini dəyişdirməsini normal qarşılamaq lazımdır”, – Mehrabyan bildirib.

Siyasi icmalçı Akop Badalyan da Ermənistanda bir çox insanın məhz aprel döyüşlərindən sonra mövqelərini dəyişdirməsi fikri ilə razılaşdığını qeyd edib.

O, Paşinyanın bu günlərdə Qarabağ münaqişəsi ilə bağlı standart yanaşma tərzini nümayiş etdirərək “Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından əl çəkməyənə qədər qarşılqlı güzəştlərin olmayacağı” barədə sözlərinə diqqət çəkib.

Akop Badalyan Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı çıxışı zamanı ümumi cümlələrdən istifadə etdiyini, lakin konkret konseptual yanaşma ortaya qoymadığını vurğulayıb.

Badalyanın fikrincə, indiki məqamda Nikol Paşinyan “erməni inqilabı”nın nəticələrini təsbit etdirməyə çalışdığından Qarabağ problemi onun üçün təcili və mütləq həll olunası məsələ sayılmır.

Musavat.com

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …