Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Partiya sədrləri və deputatlar: Pullarını hansı valyutada saxlayırlar? – AÇIQLAMA

Partiya sədrləri və deputatlar: Pullarını hansı valyutada saxlayırlar? – AÇIQLAMA

Valyuta bazarında baş verən dalğalanmalar manatla bağlı da narahatlıqlar yaradır. Əlində pulu olan şəxslərin onu dollar, avro, funt-sterliq kimi valyutalara yatırdıqları heç kimə sirr deyil. Bəs siyasilər, ictimai şəxslər nə düşünür? Onlar pullarını hansı valyutada saxlayırlar? Dia.az xəbər verir ki, cebhe.info onların bir neçəsinin fikrini öyrənib.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, pul milli valyuta ilə kartında olur:

“Milli valyutamıza etibar etmək istərdim, deputat, partiya sədri kimi borcumdur. Amma 2015-ci ildə manat qiymətdən düşəndə evdə min zəhmətlə topladığımız pul dəyərini itirdi. Bir saatın içində 70 faiz kasıblaşdıq. Ona görə də daha çox dollar və avroya etibar etməli oluruq. Avro daha etibarlı valyutadır”.

Deputat Cavid Osmanov isə manata etibar etdiyini bildirib:

“Pulumu manat şəklində saxlamağa üstünlük verirəm”.

Deputat Ramil Həsən isə həmkarlarından fərqli düşünür:

“Ən etibarlı valyuta funt-sterlinqdi. Əgər pulum olsa, funt-sterliqdə saxlayaram”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də manata etibar edir:

“Manat uzun müddətdir ki, öz stabilliyini qoruyub saxlayır. Amma bunula yanaşı müşahidələr onu göstərir ki, insanlarımız daha çox dollara üstünlük verirlər. Ümid edirəm ki, manat sabit olaraq da qalacaq. Çünki neft və qaz qiymətləri bahalaşır, manatın da əsas dayanıqlığı məhz bu amillərdən asılıdır. Mənim də pulum olsa, manata üstünlük verərəm. Manatın güclü olmasında hər birimiz maraqlı olmalıyıq. İndi Mərkəzi Bank bizim ümidlərimizi nə dərəcədə doğruldacaq, onu zaman göstərəcək. Amma pulum olacaqsa, onu manat şəkildə saxlamağa üstünlük verərəm”.

Deputat Naqif Həmzəyev də manata etibar edir:

“Olan pulumuzu elə manatda saxlayırıq, manat şəklində də xərcləyirik”.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakioğlu isə fərqli düşünür:

“Mənə artıq pul saxlamaq anlayışı yaddır. Artıq vəsaitim olmadığından pul saxlamaq nə anlayışdır inanın ki, bilmirəm. Pul günlük yaşam üçün lazımdır. Şəxsi ehtiyaclarımı qarşıladıqdan sonra qalan maddi vəsaiti ehtiyacı olan dostlarla və mənə köməklik üçün müraciət edən insanlarla bölüşdüyümdən demək olar ki, artıq pulum olmur. Bu səbəbdən pul yığmaq, saxlamaq kimi təcrübəm yoxdur. Allah ruzini insanlara saxlamaq üçün yox, paylaşmaq üçün verir. Bu işi də elə etmək lazımdır ki, sağ əlin verdiyindən sol əlin xəbəri olmasın. İnsan bu dünyadan özü ilə heç nə aparan deyil. Yığılan pullar da bu dünyada qalacaq. İnsanın özü ilə o dünyaya apardığı bir tək şey var: o da savabdır! Bu mövzuda daha təcrübəli olan şəxsləri siz müxalifətdə axtarmayın. Bu mövzuda zəngin təcrübəyə sahib şəxslər olaraq nazirlərin, icra başçılarını danışdırsanız, onlardan daha maraqlı fikirlər eşitmiş olarsız. Pul yığmağı onlar daha yaxşı bacarır”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …