Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Partiya “biznesi” – Tahir Kərimlinin təklifinə reaksiyalar

Partiya “biznesi” – Tahir Kərimlinin təklifinə reaksiyalar

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli  mediaya açıqlamasında deyib ki, mövcud “Siyasi partiyalar haqqında” Qanun zamanın tələbinə cavab vermir:

“Hesab edirəm ki, ciddi dəyişikliyə ehtiyac var. Doğrudan da Azərbaycan hakimiyyəti böyük jest etdi. Sədri vəfat etmiş və fəaliyyəti olmayan partiyalar belə qeydiyyata alındı. Bununla bərabər, qeydiyyata alınmayan, fəaliyyəti olmayan partiyalar da mövcuddur. Cəmiyyətdə haqlı olaraq, ”bu qədər partiya nəyə lazımdır” sualı yaranır. Aktivliyi olmayan partiyaların arasında inteqrasiya olmalıdır, birləşməlidirlər. Bəzən bu kimi fikirləri səsləndirəndə bizim özümüzü də ittiham edirlər ki, bəs Vəhdət Partiyasının fəaliyyəti? Rəhbərlik etdiyim partiya Milli Azadlıq Hərəkatında böyük rol oynayan Bakı Kəndlər Birliyinin əsasında yaranıb. Partiyamızın bazası var, üzvləri kifayət qədərdir, həmişə qərargahı olub, seçkilərdə iştirak edib. İddiaları səsləndirəndə özümüzə də aid edirik ki, partiyanın fəaliyyətində yeni baxışlar var”.

Tahir Kərimli deyib ki, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasını çıxmaqla, heç bir siyasi partiya üzvlük haqqını toplaya bilmir: “Düşünmək lazımdır ki, partiyalar işlək partiyalar olsun, dövlətin siyasi həyatında iştirak etsin, dövlət idarəetmə sistemində yeri olsun, seçkilərdə aktivlik göstərsin. Ona görə, hesab edirəm ki, Azərbaycanda 10-15 siyasi partiyanın qeydiyyatının saxlanması kifayət edər”.

Digər partiyalar necə hesab edirlər: sayı 50-dən yuxarı olub sanbalı az olmaq, yoxsa partiyaların birləşməsi yolu ilə böyümək? Amma reallıq həm də budur ki, hətta “cırtdanlar” belə özünü “fil” hesab edirsə, kim-kimə birləşər? Bəs bu partiya çoxluğu həm də “biznesdirmi?”

Tural Abbaslı (@TuralAbbasli) | Twitter

Tural Abbaslı 

AG Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Azərbaycanda siyasi partiyaların çoxluğu, aktivliyi, üzvlük haqlarının yığılması bir-biri ilə əlaqəli məsələlər deyil: “Partiyaların çox olmasının onların üzvlük haqqını yığa bilməsi və ya yığa bilməməsi ilə əlaqəsi yoxdur. Üzvlük haqqının yığılması partiya üzvlərinin maddi vəziyyəti və cəmiyyətdə partiyalara münasibətdən asılıdır. Təbii ki, Azərbaycan kimi kiçik ölkədə 50-dən yuxarı partiyanın olması heç də məntiqli deyil. Bu çox böyük rəqəmdir. Təbii ki, sayı az, lakin daha böyük, daha təsirli partiyalar sistemi formalaşması daha yaxşı olardı. Bunu inzibati qaydalarla etmək yox, demokratik seçkilər keçirmək yolu ilə etmək lazımdır. Demokratik seçkilər, bərabər rəqabət partiyaların gücünü ortalığa çıxarar və ələnmə gedər, cəmiyyətdən dəstək almayan partiyalar öz-özünə ya əriyib gedər, ya da güclü partiyaya inteqrasiya olunar. Bu gün təəssüf ki, ölkədə adı olub özü olmayan çoxlu sayda partiyalar var. O partiyaların bir çoxu zamanında hakimiyyətin istəyi ilə süni şəkildə yaradılıb, bir çoxları isə yaradılıb, lakin bu və ya digər səbəblərdən özünü təsdiq edə bilməyib. Düşünürəm ki, ”Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilməlidir. Bu qanunda partiya fəaliyyətinin, partiya yaradılmasının bütün aspektləri inkişafa gətirəcək şəkildə əksini tapmalıdır. Nə qədər ki, tam demokratik seçkilər keçirilmir, yeni qanun qəbul edilmir, “cırtdan” partiyalar da özlərini “fil” hesab edəcəklər”.

Ağasif Şakiroğlu əfv sərəncamından danışdı: “Çalışırlar ki, humanist addıma  ləkə yaxsınlar” Pravda.az

Ağasif Şakiroğlu

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu  Tahir Kərimlinin fikirlərinə  həmrəy olduğunu bildirdi: “Hesab edirəm ki, qardaş Türkiyə Cümhuriyyətinin təcrübəsindən çıxış etməliyik. Bu gün 85 milyonluq Türkiyədə 20 siyasi partiya olduğu halda 10 milyonluq Azərbaycanda 56 dövlət qeydiyyatından keçmiş siyasi partiyanın mövcudluğu anormaldır. Bu səbəbdən də «Siyasi partiyalar haqqında» Qanuna dəyişikliklər edilməsi mütləqdir. Mənim üçün kimin-kimlə birləşməsi məsələnin aktual tərəfi deyildir. Düşünürəm ki, 1000 nəfərin imzası ilə partiya yaratmaq qanundan çıxarılmalı, dövlət qeydiyyatı üçün əsas kriteriya ölkə seçicisinin 1%-nin imzasını toplamaq olmalıdır. 

Kimin gücü nəyə qadirdir o zaman görünəcək. Seçicilərin 0.5% imzası ilə müraciət edənlər də dövlət qeydiyyatına alınsın, 1% seçici imzası ilə müraciət edənlər də. 1%-dan artıq imza toplamış partiyalar dövlət protokoluna salınmalı, dövlət büdcəsindən maliyyələşməsi təmin edilməlidir. Eyni zamanda Prezident, parlament seçkilərində namizədlərin MSK-ya imza vermək kimi şablon prosedurdan azad edilməlidir. İctimai TV-də ayda 6 saatdan az olmayaraq efir verilməli və sairə…

0.5% seçici imzası toplayıb müraciət edənlər üçün də bu gün siyasi partiyalara olan şəraitlərin təkmilləşdirilmiş variantı şamil edilməlidir.

Belə olacağı halda siyasi partiyaların sayı 10-15 arasına düşəcək. Bunlardan təxminən 12-13-ü 0.5%, digər 2-3-ü də 1% üzərində imza toplamağı bacara bilər”.

Partiya sədri hesab edir ki, belə olacağı halda, müxtəlif siyasi maxinasiyalar, siyasi dələduzluqlara son verilmiş olar: “Həmçinin ölkənin siyasi partiya sistemi bir siyasi institut kimi inkişaf etmiş olar və xalqdan mandat almadan hər yerindən duran qohum-əqrəbasını, dost-tanışını başına toplayıb xırda qrup maraqlarından çıxış edərək adı olub, özü olmayan siyasi partiyalar yarada, partiya biznesi ilə məşğul ola bilməz. Düşünürəm ki, bir ölkədə siyasi partiyalar institutunun ciddiliyini artırmaq üçün ən doğru yol bu olardı. Söylədiklərim reallaşarsa, ”cırtdanlar”da tarixin arxivinə qovuşar”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …