Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Parlament niyə siyasi meydana çevrilmir?

Parlament niyə siyasi meydana çevrilmir?

Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə Milli Məclis idi.
Parlamentdə gərgin və qızğın müzakirələr, dartışmalar, fikir ayrı-seçkiliyi, replikalar olurdu.  Cəmiyyətin gözü və qulağı həmişə deputatların çıxışlarında, mübahisələrində idi.

Təbii ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların say etibarı ilə bu günlə müqayisədə daha çox olması bu şəraiti şərtləndirirdi.
Xatırlamaq yerinə düşər ki, o dövrdə AzTV parlamentin iclaslarından reportajlar təqdim edirdi, millət vəkillərinin sərt, maraqlı, ekspromt açıqlamaları həvəslə izlənilirdi. Yəni MM fikir davası, söz savaşı yeri, siyasət poliqonu idi.
Təbii ki, bu polemikalar müxtəlif aspektdən olurdu – Qarabağ məsələsi, iqtidar – müxalifət münasibətləri, əhalinin sosial problemləri, siyasətçilərin qarşılıqlı ittihamları və s.
Bu gün isə parlamentdə nadir hallarda səs-küylü çıxışlara rast gəlinir. Hətta bəzi deputatlar özlərini siyasətdən uzaq hesab edirlər, parlamenti siyasət meydanı saymırlar.
Bir çox hallarda həmin deputatlar yaxasını kənara çəkirlər, nə parlamentin iclaslarında aktiv iştirak edirlər, qanun layihələrinə münasibət bildirirlər, nə mətbuatda gündəmdə olan hadisələrlə bağlı danışırlar.
Bəzən onlara “lal” deputat belə deyilir. Halbuki parlament qanunverici orqan olmaqla yanaşı siyasi meydandır. Çünki ora həm də xalqın səsini çatdırmalı olanların tribunasıdır.
Təkcə Azərbaycan deyil, Avropa Parlamenti, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Radası və digər ölkələrin parlamentləri gərgin müzakirələr yığıncağıdır.
Hətta deputatların əlbəyaxa davaları, bir-birinə ağır ifadələri belə bu tribunadan səsləndirilir.
1995-ci ildə parlament üzvü olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, o dövrlə bu dönəmi müqayisə etmək çətindir.
Deputatın sözlərinə görə, 1995-2000-ci ilin parlamentində 25 nəfər demokratik düşərgədən idi, 25 nəfər hakimiyyətin adamı idi: “Bu mənada o parlamentdə dartışmaların olması təbii idi. İndi fərq böyükdür. Demokratik düşərgənin təmsil etdiyi adamlar azdır.

Sabir Rüstəmxanlı: “”Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz”
Hakimiyyətdən gələn qanun layihələri, qərarlar mübahisə oldu – olmadı qəbul edilir. Eyni zamanda demək lazımdır ki, o dövrdə hər şey təzədən qurulurdu. İndi dövlət qurulub, ölkənin müharibə, iqtisadiyyatla bağlı problemləri var. Bu məsələlərdə isə ciddi fikir ayrılığı yoxdur. Müxalifət də bəyan edib ki, Qarabağ məsələsində hakimiyyətlə fikir ayrı-seçkiliyimiz yoxdur”.
S.Rüstəmxanlı qeyd etdi ki, iqtisadiyyatla bağlı fikir fərqləri var və bu da həm parlamentdə, həm mətbuatda müzakirə olunur.
VHP sədri parlamenti siyasət meydanı hesab etməyən bəzi deputatların fikirlərinin yanlış olduğunu söylədi:
“Ola bilsin ki, onların Milli Məclisə qədər siyasətə aidiyyəti olmayıb. Amma parlament başdan-ayağa siyasətdir. Parlamentə daxil olan adam siyasətlə məşğul olur.
Hətta Milli Məclisin Mədəniyyət və yaxud İqtisadiyyat komitələrinin üzvləri də mədəniyyətin, iqtisadiyyatın siyasəti ilə məşğul olmağa, səs verməyə borcludurlar. “Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, o zaman fərqli dövr idi: “Ölkənin içində və xaricində siyasi proseslər dinamik, ziqzaqlı gedirdi. Milli Məclis yarandığı 1995-ci ildə qanunvericilik bazasının hazırlanması istiqamətində geniş fəaliyyət göstərirdi. Bu zaman cəmiyyətin bütün təbəqələrini əhatə edən qanunların müzakirəsi şübhəsiz ki, ciddi gedirdi.
Təbii ki, parlamentdə fərqli baxışlar var idi, bu da müzakirələrin dinamik, gərgin keçməsinə əsas yaradırdı”.

 Fəzail Ağamalı: “Bəzi deputatlar adaptasiya olmalıdırlar, prosesin içinə girməli və alışmalıdırlar”
F.Ağamalı bildirdi ki, qanunvericilik bazasının yaradılması üçün böyük işlər görülüb və indi bəzi hallarda qanunlara müəyyən dəyişikliklər edilir, bu da geniş müzakirəyə əsas vermir: “Yeni parlamentin fəaliyyətinə gəlincə, ilk iclaslardan fəallığı müşahidə edirik. Yeni deputatların hamısı olmasa da bir çoxu ayrı-ayrı məsələ ətrafında fikirlərini ortaya qoyurlar. Bu gün də parlament canlı orqan kimi fəaliyyət göstərir. Sadəcə, bəzi deputatlar adaptasiya olmalıdırlar, prosesin içinə girməli və alışmalıdırlar”.
Deputat həmkarı Jalə Əhmədovanın “Siyasətdən uzağam” sözlərinin düzgün anlaşılmadığını vurğuladı:
“Jalə xanım etiraf edir ki, hələ öyrəşməmişəm. Bu, onun daha məsuliyyətli olmasından irəli gəlir. Biz insanları küsdürməli, kompleks yaşatmalı deyilik. Mən uzun illərə söykənən təcrübəmə əsasən deyə bilərəm ki, bu parlament özünü doğruldacaq, deputatlar xalqın etimadını qazanacaqlar. Onlar bəzən mövqe qoymaqda tərəddüd edirlər. Buna son qoyulmalıdır. Xüsusən də Azərbaycana qarşı antimilli qüvvələrin qarşısında durmağı bacarmalı, özlərində o iradəni formalaşdırmalıdırlar”. Musavat.com

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …