Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Özünü Azərbaycanın “ana müxalifəti” adlandıran bu əbləhlər…” – Rəsul Quliyev əsəbləşdi

“Özünü Azərbaycanın “ana müxalifəti” adlandıran bu əbləhlər…” – Rəsul Quliyev əsəbləşdi

“3 gündür Ermənistanla sərhəd rayonlarında böyük maştablı atışma gedir. Hər iki tərəfdən ümumilikdə 100-lərlə həlak olan hərbiçi var. Bu çoxdur, ya azdır və ya belə də olmalıdır, demək bir qədər çətindir. Ümumiyyətlə heç bir insan zorla həyatdan yoxa çıxmamalıdır. Ancaq təəssüf ki, insanlar bir çox vaxt düzgün aparılmayan siyasətə qurban olurlar”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev sosial şəbəkədə yazıb. O, bildirib ki, ölkə Prezidenti 2020-ci il sentyabr-noyabr aylarında 44 günlük vətən müharibəsi dövründə Azərbaycan, Türk, İngilis və Rus dillərində 40-dan artıq davamlı və geniş müsahibələr, açıq bəyanatlar vermiş və ortaya iradə qoymuşdu:

“Bu geniş müsahibələrdə, açıq bəyanatlarda və xalqa edilən müraciətlərdə ölkə başçısı Azərbaycanın hədəf və məqsədlərini kifayət qədər səlis və aydın ifadə etməyi bacarmışdır. Hansı ki, körpə uşaq belə Azərbaycanın hansı amallar uğrunda getdiyini anlamamış deyildir. 

Bütün bunların fonunda hazırda Azərbaycan kifayət qədər əcaib hadisələr müşahidə etməkdəyəm. Ən əcaib hadisələrdən biri də özünü müxalifət hesab edən bəzilərinin 18 yaşından başladığı, heç bir məqsədə qulluq etməyən keyfiyyətlərini bu gün də emosional şüarlarla davam etdirməsidir. Bu insanları həyatda ancaq bir şey maraqlandırır – O da günlərin bir günü hakimiyyəti ələ keçirmək. Belə primitiv hisslərlə, hikkə ilə yaşamaq ömür-gün deyildir cənablar… 

Mən yuxarıda Prezidentin 44 günlük vətən savaşında azı 40 müsahibə verdiyini qeyd etmişdim. Prezidentin müsahibələrini birinci kim oxumalıdır? Təbii özünü müxalifət hesab edənlər! Sən əgər Prezidentin siyasətinə müxalifsənsə ilk növbədə onun çıxışlarını analiz etməlisən. Prezident bu çıxışlarının hamısında Azərbaycanın Ermənistanla sülh, əmin-amanlıq şəraitində yaşamaq istəməsini qətiyyətlə qeyd edib. Prezident Əliyev çıxışlarında ölkənin tarixini dərindən bildiyini göstərə bilib. Və bugünkü Ermənistan torpaqlarının 19-cu əsrin ortalarına qədər Azərbaycan torpaqları olduğunu dəfələrlə qeyd edib. Yəni bütün bunlar sadə həqiqətlərdir. 

Ermənilər özləri də Azərbaycan torpaqlarının onlara 1918-ci ildə verildiyini yaxşı bilirlər. Ən əsası İrəvan xanlığı Azərbaycanın ən qədim xanlığından biri olduğunu bir az tarixdən başı çıxanlar bilirlər. Ancaq Prezident heç vaxt bu torpaqların Azərbaycana qaytarılması tələbi ilə çıxış etməyib. 

Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli müqaviləsi çox təəssüf 2 gün gec imzalanmadı. Ermənistan, başda Paşinyan və onun qulbeçəsi Harutunyan olmaqla Rusiyanın dizlərini qucaqlamışdılar və “əgər bu gün Azərbaycanın hücumu saxlamasa nə Xocalı, nə də Xankəndi bizdə qalmayacaq” deyə hönkürürdülər. 

Azərbaycan ordusunun gücü, xalqımızın iradəsi və prezident Əliyevin qətiyyəti düşmənlərimizin içinə vəlvələ salmışdı. Bu yaxın tarixdə yaşanmış, bütün dünyanın gözü önündə baş vermiş hadisələri nə tez unutduq? O, günləri yaddan çıxarmaq üçün gərək ki, nadan olasan…

2021-ci ildən Prezident Əliyevin və Baş nazir Paşinyanın Putinin iştirakı ilə azı 3 dəfə görüşü oldu. Hər bir görüşdə Prezident Əliyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini bəyan etdi və bütün görüşlərdə Paşinyan onunla razı olduğunu dilə gətirdi. Eyni zamanda 2021-2022-ci illərdə Əliyev və Paşinyan 4 dəfə Şarl Mişellə görüşüblər və sözsüz bu dəfə də Prezident Əliyev Zəngəzur dəhlizinin açılması məsələsini qaldırıb və Paşinyan razılaşıb. Bunu birgə keçirilən brifinqlərdən də görmək olurdu. Bundan əlavə sərhədlərin 1991-ci ilə uyğun nizama salınacağınada söz verilib və əməl edilməyib…

Bu dəhlizin açılması, dəmir yolunun Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşməsi ilk növbədə elə Ermənistanın inkişafına lazımdır, Azərbaycanla Türkiyəyə yox. Ölkənin daxilindəki yaramazlardan (Köçəryan və Sarkisyandan) qorxan Paşinyan ölkəsi üçün ciddi inkişaf yolunun qapısını özü bağlayıb.

Fikrimcə Prezident İlham Əliyev komandası ilə birlikdə bu görüşlərin bütün təfərrüatı ilə çox dərin bir məktub hazırlayıb ABŞ, Avropa İttifaqı və başqa ölkələrə göndərməli və onlardan ədalətli arbitor olmağı tələb etməlidirlər. Azərbaycanın Zəngəzur dəhlizinin Avropa üçün strateji əhəmiyyəti ağlasığmazdır. Azərbaycan qaz kəmərini Naxçıvan-İrəvandan keçirib yolunu Türkiyədən davam etdirməli və Türkiyə ərazisində Qatar, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İraq qazıda əlavə edilməklə ildə 100-150 milyard kub metr qazla Avropaya daxil ola bilər. 

Mən bu gün İrəvanda erməni xalqının keçirdiyi mitinqi izlədim. Cəmi 2 şüar var idi: 

– Paşinyan istefa verməlidir:

– Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır: 

Bu meydana çıxmış ermənilərin tələbidir. 

Paşinyan Azərbaycanla problemlərini həll etmək əvəzinə hər dəfə tələm-tələsik dostu, qardaşı Makrona zəng edir. Artıq Rusiyaya zəng etməyəcək. Nəhayət Rusiyanın özünün köməyə ehtiyacı olduğunu anlaya bildi. Makron məsələni lap BMT iclasına çıxartsa belə nə olacaq ki? Heç bir şey! 

BMT-nin 30 ilə yaxın Azərbaycanın Qarabağ problemi ilə bağlı icra edilməmiş 4 qətnaməsininimi unutduq? Və ya BMT-nin qəbul etdiyi qətnamələrə sahib çıxdığınımı bəlkə gördük? Onun hansı mənəvi səlahiyyəti ola bilər? Azərbaycanla əmin-amanlıq sülhü bağlamaq əvəzinə indi də ABŞ-ın qarşısında dəsmal götürüb ağlamaqla nəyə nail ola bilər Ermənistan? Təbii ki, heç bir şeyə! Ermənistan yalnız və yalnız ABŞ-a yazdığı məktublarında Azərbaycanın bədnam müxalifətinin şeir tərzi ilə yazdığı və dilə gətirdiyi şüarlardan çoxsaylı misallar gətirə bilərlər sadəcə… Çox heyf…

Şeir tərzi ilə şüarlar söyləyən və özünü Azərbaycanın “ana müxalifəti” adlandıran əbləhlər hansı şüarlarla çıxış edirlər? Heç şübhəsiz ki, onlara qulaq asan erməni revanşistlər Azərbaycan cəmiyyətinə nifaq saldıqlarını düşünürlər. Ancaq bu bir cüt insanın Azərbaycanda hörmətinin olub-olmadığını, onların nüfuz dairələrinin heç 1 faiz olmadığından bəlkə də xəbərsizdirlər. 

Özünü Azərbaycanda müxalifət adlandıran kəslər anlamalıdırlar ki, onların müxalifçiliyi artıq hakimiyyətə qarşı deyil də, dövlətə və dövlətimizin milli maraqlarına qarşı yönəlib! 

Müxalif olmaq heç şübhəsiz ki, cinayət deyil. Ancaq dövlətinə, millətinə və xalqına qarşı müxalifətdə dayanmaq ən böyük mənəvi cinayətdir!

Dövlətinin milli və strateji maraqlarını hədəf seçən, gözü ayaqlarının altını görməyən bu “pafos və şüar müxalifəti” Ukrayna müxalifətinə baxıb az da olsa utansalar yaxşı olar. Ukraynada Poroşenko (keçmiş prezident), Timoşenko (keçmiş baş nazir) hər ikisi müxalifətdədir. Ancaq hamısı müharibə aparan dövlətlərinin, ordusunun və prezidentlərinin, başqa sözlə xalqının yanında durmağı bacardılar. Milli birliklərini, həmrəyliklərini qorudular. Müharibə başlananda ukraynalıların 65 faizi qələbəyə qədər vuruşmağı tələb edirdi. İndi bu nisbət 85-90 faizdir. Az qala 100 minə yaxın (70 mini dinc əhali olmaqla) vətəndaşını itirən ukraynalılara baxıb xəcalət çəkməlidir bizim bu qondarma müxalifətçilər!”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …