Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ordumuz “Qarabağ klanı”nı parçaladı – köhnə dostlar düşmənə çevrilir…

Ordumuz “Qarabağ klanı”nı parçaladı – köhnə dostlar düşmənə çevrilir…

Gözlənilənlər baş verir. Ermənistan prezidenti Serj Sərkisyan panikadadır. O, cəbhədəki 4 günlük müharibənin doğurduğu ağır nəticələri həm ana müxalifətlə bölüşmək, həm də daxildə “Əcinnə ovu”na çıxaraq, potensial rəqiblərini neytrallaşdırmaq zorunda qalıb. Bu yolda – hakimiyyəti saxlamaq naminə, deyəsən, o, artıq terroru da məqbul sayır.

Ermənistanın 2-ci prezidenti, “Qarabağ klanı”nın digər odioz fiquru hesab olunan, Sərkisyanın keçmiş dostu Robert Köçəryanın evinə qumbara atılması olayına ən əvvəl hakimiyyət maraqları prizmasından baxmaq lazım gəlir. Xatırladaq ki, srağagün İrəvan polisi Köçəryanın villasına əl qumbarası (qranat) atıldığı barədə polisə məlumat daxil olduğunu bildirib. Hadisənin detalları haqqında məlumat verilmir. Keçmiş prezidentin mətbuat katibi Viktor Soqomonyan deyib ki, hücum zamanı heç kim xəsarət almayıb, çünki “qumbara partlamayıb”.

***

Qeyd edək ki, 1998-2008-ci illərdə Ermənistana rəhbərlik etmiş Köçəryan hazırda Moskvadakı “Sistema” səhmdar-maliyyə korporasiyasının idarə heyətinin üzvü olsa da, hakimiyyətə iddialarından əl çəkməyib, siyasətdən tam getməyib. Sərkisyan isə Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində indi hakimiyyət sarıdan xeyli xofludur.

Ən güclü rəqibi qismində də o, təbii ki, xərçəng xəstəsi olan və ömrünün son illərini yaşayan eks-prezident Levon Ter-Petrosyanı deyil, illərdir Moskvada mənzillənib bizneslə məşğul olan (pullanan) Köçəryanı görür. O Köçəryan ki, Kremlin hakimiyyət üçün onu “ehtiyat adam” hesab etməsi haqda informasiyalar dolaşır və bu barədə erməni mətbuatı dəfələrlə yazıb.
Şəksiz ki, Sərkisyan da bunun fərqindədir. Bu mənada qumbara olayı R. Köçəryanın Ermənistana qayıdışını əngəlləmək cəhdi ilə yanaşı, Moskvaya etiraz mesajı (daxildə ən böyük güc olduğunun nümayişi) təəssüratı yaradır. Qalır həmin mesajlara eks-prezidentin və Kremlin hansı cavab reaksiyası sərgiləyəcəyi.

Unutmaq lazım deyil ki, Ermənistanda Rusiyaya qarşı etiraz aksiyalarında Sərkisyan rejiminin də marağı var. Bununla o, cəbhədəki uğursuzluğu müttəfiq Rusiyanın üzərinə qoyub sudan quru çıxmağa, ictimai narazılığı özündən yayındırıb başqa səmtə yönəltməyə, nəhayət, Köçəryan kimilərin (dost da olsa) hakimiyyətə yolunu bağlamağa ümid edir. Eyni zamanda, vaxt udmağa çalışır.

Köçəryan isə son olaylardan sonra indiki hakimiyyətlə həmrəylik nümayiş eydirməyib, əksinə, hakimiyyətə iddialı şəxs kimi mövcud iqtidardan məsafə saxlayıb, siyasi sifətini qoruyaraq onunla məsuliyyəti bölüşməkdən yayınıb. Böyük ehtimalla, elə bu səbəblərdən Köçəryan Sərkisyanla görüşdən nümayişkəranə şəkildə imtina edib və dolaysıyla, Sərkisyan iqtidarını ordu quruculuğunda səriştəsizlikdə qınayıb – “Əsas hədəfimiz indi yeni silahlar alıb ordunu gücləndirmək olmalıdır” deməklə.

Bununla, sözsüz ki, o, ən əvvəl hakimiyyətə qayıdış əzmini ortaya qoyub. Onun bu mövqeyi də, ola bilsin, Sərkisyanın səbrini tükədib, sonuncunu qıcıqlandırıb. Qumbara olayının məhz bu gəlişmələrin fonunda baş verməsi diqqət çəkir. Dostların düşmənçiliyi yaman olur, bir çox hallarda.

***

Ermənistanda siyasi mübarizədə terror üsulu isə ən sınanmış vasitələrdəndir. 1999-cu il oktyabrın 27-də parlamentin gülləbaran edilməsini yada salmaq kifayətdir. Hələ də üstü açılmayan həmin terror aktı ondan bir il öncə (1998) hakimiyyəti zorla ələ keçirmiş Köçəryan-Sərkisyan cütlüyünün – “Qarabağ klanı”nın hakimiyyətini möhkəmlətmiş oldu (o zaman Köçəryan prezident idi). Çünki öldürülənlər arasında ölkənin 1-ci şəxsi postuna ən şanslı namizədlər – o vaxt cəmiyyətdə böyük nüfuz sahibi olan spiker Karen Dəmirçyan və baş nazir, Qarabağ müharibəsi iştirakçısı Vazgen Sərkisyan da var idi…

Qayıdaq həmin terrordan 17 il sonrakı Ermənistana. Şübhəsiz ki, Azərbaycan əsgərinin blits-qələbəsindən sonra Ermənistanda hakimiyyət uğrunda mübarizə getdikcə şiddətlənəcək. Sərkisyan hökumətinin durumunu qəlizləşdirən həm də odur ki, Rusiyanın Azərbaycanı öz orbitində saxlaması üçün belə görünür, hansısa Qarabağ planı var və bu plan çərçivəsində ondan bir neçə rayonun boşaldılması tələb oluna bilər. Kompromisə getməzsə, “Köçəryan variantı” ehtiyatda durur.

Maraqlıdır ki, güzəştə gedərsə, S.Sərkisyan yenə hakimiyyətini itirəcək. Bu mənada hazırda ən qəliz durumda onun özüdür. Onun illər öncə Köçəryanla birgə devirdiyi (təbii ki, Kremlin dəstəyi ilə) Levon Ter-Petrosyanın ayağına getməsi də öncəliklə bu durumdan qaynaqlanır. Sanki indi hər şey bumeranq effekti ilə onun özünə qayıtmaqdadır.

Beləcə, “Qarabağ klanı” illər öncə “bişirdiyini” yeməyə başlayıb. Yaddan çıxarmayaq ki, Ermənistanda hakimiyyət bircə dəfə də olsun, seçki (dinc) yolla dəyişməyib. Növbəti dəfə belə olacağı ehtimalı ciddidir. Bir şey dəqiqdir ki, “Qarabağ klanı” artıq geridönməz şəkildə parçalanıb və bunu da şanlı ordumuz, əsgərimiz edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın