Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Orduda rüşvət-korrupsiyaya meydan verilə bilməz – Elşad Musayev

Orduda rüşvət-korrupsiyaya meydan verilə bilməz – Elşad Musayev

44 günlük Vətən müharibəmiz və Rusiyanın hərbi təcavüzü ilə başlayan Rusiya-Ukrayna müharibəsi bir daha aydın göstərdi ki, millət çətinə düşəndə onun əsas güvənc yeri Milli Ordusudur.

Məhz bu səbəbdən də, hər bir vicdanlı vətəndaş öz ordusuna, əsgərinə müqəddəs varlıq kimi yanaşmalı, bu müqəddəsliyə zərbə vuran, onu ləkələyən hər bir kəsə, qüvvəyə qarşı mübarizə aparmalıdır. Avropa ölkələrində ordu quruculuğuna dırnaqarası yanaşdıqlarından indi məlum olur ki, özlərini qorumağa orduları yoxdur. Məhz bu səbəbdən də Rusiyanın qarşısında əsir-yesir vəziyyətinə düşüblər, qorxu içindədirlər.

Fevral ayının əvvəllərindən başlayaraq Müdafiə Nazirliyinin maliyyə və büdcə sahəsində çalışan bir neçə yüksək rütbəli zabiti DTX-nın Müdafiə Nazirliyində apardığı əməliyyat tədbirləri zamanı maliyyə pozuntuları səbəbindən saxlanıldılar.

Milyonlarla vəsaitin mənimsənilməsi barədə tükürpədici faktların ortaya çıxması bu maliyyə maxinasiyalarında çox adamların iştirak etməsi, eyni zamanda, daha böyük miqdarda qanun pozuntusu, mənimsəmə görüntüsü verirdi ki, belə də oldu.Daha sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi də həbs olundu.

Bundan sonra isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general mayor Nizami Məmmədovun DTX tərəfindən saxlanıldığı məlum oldu. Açıq-aşkar görünür ki, həbslər davam edəcək.Verilən məlumatlara görə, N.Məmmədovun tabeçiliyində olanların 15 milyon manata qədər mənimsədikləri ehtimal olunur. General Nizami Məmmədov özü isə təkbaşına 80 milyon manat mənimsəmə cinayətində ittiham olunur. Təbii ki, istintaqın gedişində müəyyələşəcək miqdar doğrudanmı 80 milyon manatdır, yoxsa daha çox məbləğdə mənimsəmə faktı var, yaxud general təkbaşınamı bu məbləği yeyib, yoxsa kimlərləsə bunu bölüşdürüb.

Çox dəhşətli məlumatlar ortaya çıxır. Təsəvvür edin ki, ordu qanı, canı, ruhu ilə müharibə aparır, illərlə işğal altında inləyən torpaqlarımızı geri qaytarır, əsgər-zabitlərimiz şəhid olur, yaralanır, əlil olur, ömürlük şikəst olur, kimlərsə də isti kabinetlərdə oturub ordunun sayı ilə manupilyasiya edir, şəxsi heyətin sayını süni surətdə artırır və özləri üçün düzəltdikləri “ölü can”lar hesabına çirkin niyyətlərini həyata keçirərək milyonlarla dövlət vəsaitini mənimsəyirlər. Belələrini bağışlamaq olmaz!

Ordu müqəddəs yerimizdir. Burada rüşvət-korrupsiyaya meydan verilə bilməz. Dünyada gedən son hadisələr ordunun önəmini bir daha ortaya qoyur. Məhz bu səbəbdən də, ordumuza uzanan çirkli əllər bir dəfəlik “kəsilib” atılmalı, cinayətkarlar qanunun ən sərt üzü ilə cəzalanmalı, cəmiyyət, media, siyasi təşkilatlar, bir sözlə hamı bu cür məsələləri gündəmdə saxlamalı, hüquq mühafizə orqanları isə görəvlərini yerinə yetirməlidir…

Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …