Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Onlar bu münasibətlərin Gürcüstan üçün nə demək olduğunun fərqində olmalıdır…”

“Onlar bu münasibətlərin Gürcüstan üçün nə demək olduğunun fərqində olmalıdır…”

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Gürcüstandakı bəzi siyasi dairələrin Azərbaycan ərazisi olan Keşikçidağ məbədi ətrafında yaratmaq istədikləri yersiz gərginliyi Moderator.az-a açıqlamasında şərh edib:
“Keşikçidağ məsələsinin arxasında bir çox faktorlar dayanır və dayana bilər. Birincisi, Azərbaycan-Gürcüstan münasibətlərini istəməyən bir çox güclər, dövlətlər var. O dövlətlərin maraqlarını Gürcüstan içərisində təmsil edən qüvvələr var. Onlar bu istiqamətdə həmin güclərin, dövlətlərin maraqlarından çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinə zərər vurulması istimamətində bir sıra açıqlamalar, fikirlər səsləndirirlər. Hansı ki, bunların nə tarixi əsası, nə də doğru yanaşması yoxdur. Bəzi din xadimləri var ki, çox təəssüf ki, onlar tarixə əsaslanmayan məsələlərlə iddialar irəli sürürlər. Populist qüvvələr var ki, onlar öz siyasi maraqları, siyasi divident qazanmaq üçün bu addımları atırlar. Mən düşünürəm ki, Gürcüstan rəhbərliyi bu məsələlərə ciddi və soyuqqanlı yanaşmalıdır. Biz bu yanaşmanı ciddi izləyirik. Çünki Gürcüstan dövlətinin rəhbərliyi Azərbaycan-Gürcüstan münasibətlərinin Gürcüstan üçün nə demək olduğunun fərqində olmalıdır. Yəni biz nə qədər Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmamasında maraqlıyıqsa, Gürcüstan daha da maraqlı olmalıdır, çünki Gürcüstanın bütün çətin məqamlarında yanında Azərbaycan olub və Azərbaycan heç zaman Gürcüstana qarşı hər hansı bir mənfi təxribatların içində olmayıb. Ona görə də Gürcüstan dövlətinin rəhbərliyi bu məsələlərə yanaşmada diqqətli olmalıdır. Çünki bu çox həssas mövzudur. Burda Azərbaycan tarixinə iddiadan söhbət gedir.
Keşikçidağı gürcülər “David Qareci” adlandırırlar. Təəssüf ki, bizim mediada da bunu bəzən belə yazırlar. Bura Keşikçidağ abidəsidir və cənab prezidentin 2007-ci ildə “Keşikçidağ dövlət tarix qoruğu”nun yaradılmasıyla bağlı imzaladığı sənəd var. Bu abidələr Qafqaz Albaniyasının, Azərbaycan tarixinin bir parçasıdır. Gürcüstan rəhbərliyi əgər Azərbaycan tarixçilərinin araşdırmalarını qəbul etmirlərsə, onda gürcü tarixçilərinin yazılarına baxsınlar. Onların bununla bağlı yazıları var. Məsələn, Lord Kipianidzenin bununla bağlı etirafı var ki, əslində bu abidələr Qafqaz Albaniyasına məxsus idi, alban məbədləri idi və bunlar on ikinci əsrdən sonra gürcüləşməyə başladı. On birinci əsrin sonlarına qədər bu abidələr Azərbaycan tarixinin bir parçası olub. Bu dövrdə gürcülərin abidələrə ziyarəti başlanıb və on ikinci əsrdə Tamaranın hakimiyyəti dövründə bu abidələr qısa  müddətlik gürcülərin nəzarətinə keçib. Amma Səfəvilər dönəminə nəzər salsaq görərik ki, Şah Abbasın hakimiyyəti dönəmində bu abidələr Azərbaycanın ərazilərində idi. Rus işğalı dövründə isə Tifilis və Gəncə quberniyası yarandı və bu gün ordan keçən xətt o zaman Gürcü və Tiflis quberniyaları arasındakı xətt idi. Sovet İttifaqı dövründə də bu eyni şəkildə davam etdi və sonra biz öz müstəqilliyimizi təkrar qazandığımız zaman da bu şəkildə davam edib. Əslində gürcülərdən çox bizim iddiamız olmalıdır. Çünki bu abidələrin Gürcüstanın ərazisinə düşən hissəsi uzun əsrlər Azərbaycan tarixinin bir parçası idi. 
Şirvanşahlar və Atabəylər dönəmində alban məbədlərinə isti münasibət yox idi. Çünki onlar sayca az idilər. Bu məbədləri tərk edib dağlara çəkilməyə başladılar. Azərbaycan dövləti o abidələri ziyarət etməyə həmişə icazə verib. Amma bu iddiaları irəli sürərək Azərbaycanda olan hissəsini istəmək bizim üçün çox ağrılı bir məsələdir. Onsuz da ermənilərin həmişə Qafqaz Albaniyasına iddiaları, abidələri zorla erməniləşdirmək istəyi və bizim torpaqlarımızda erməni tarixi yaratmaq meyilləri var. Digər tərəfdən də gürcülərin belə bir iddiası ortaya çıxdı. Ölkə başçısının Keşikçidağla bağlı sərəncamından sonra akademiya bu istiqamətdə işlər aparır. Gürcülərin bu iddialarının heç bir tarixi əsası yoxdur. Düşünürəm ki, bizim alimlərimiz, tarixçilərimiz mediayla bərabər bir dəyirmi masa keçirməlidir. Bunun üçün kifayət qədər əsaslarımız var. 
Bunun tarixlə heç bir əlaqəsi yoxdur. Əgər qısa dövrlərdə hansısa ərazinin və abidənin kimlərinsə nəzarətinə keçməsindən söhbət gedirsə, elə bu günki əraziləriylə bağlı gürcülər özləri oturub düşünməlidirlər. O ərazilərin böyük bir hissələri uzun illər hansı imperiyaların tərkibində olmasıyla bağlı biz də  iddialarla çıxış edə bilərik. Amma biz deyirik ki, bu gün dövlətlərin tanınmış sərhədləri var, məsələlərə yanaşmalar sərhədlər daxilində olmalıdır. Əgər bir problem varsa, bunlar bu şəkildə həll olunmamaladır. Bununla bağlı mütəxəssislər müzakirə aparmalıdırlar. Məsələ dostluq əməkdaşlıq istiqamətində həll olunmalıdır. Amma gedib Azərbaycan əleyhinə, tarixə əsaslanmayan çıxışlar etmək əməkdaşlıq ruhuna əsaslanan yanaşmalar deyil. Əksinə, Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa cəhddir. Bu münasibətlərin pozulması Azərbaycandan çox Gürcüstan üçün rahatsızlıq yarada bilər. Təxribarların qarşısını Gürcüstan almalıdır. Azərbaycan bu məsələyə çox soyuqqanlı yanaşır. Azərbaycan açıqlamalarda da əməkdaşlıq ruhuna hörmət edir və tarixə əsaslanır. Bəzi qüvvələr yanılırlar və demək istəyirəm ki, Azərbaycan bu məsələdə heç vaxt geri çəkilməyəcək. Torpaqlarımızın hər bir qarışı əzizdir və onun üzərində hansısa tarixi abidə varsa, bu tam başqa anlam daşıyır. Azərbaycana qarşı bu cür kampaniyalar heç bir nəticə verməyəcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …