Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Ölkədə bununla bağlı ciddi narahatlıq var” – DEPUTAT

“Ölkədə bununla bağlı ciddi narahatlıq var” – DEPUTAT

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Sosial sığorta haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, birinci oxunuşda təkliflərini irəli sürüb:

“Qeyd etmişdim ki, Konstitusiyanın 38-ci maddəsi sosial təminat hüququ adlanır və həmin maddədə xəstəliyə görə vətəndaşların sosial təminat hüququnun olduğu qeyd olunur. Amma “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsində xəstəliyə görə sosial təminat hüququ nəzərdə tutulmur. Çox təəssüf ki, hörmətli Musa Quliyev bu məsələyə toxunmadı”.

Qüdrət Həsənquliyevqeyd edib ki, müvafiq maddənin ikinci cümləsində sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmədiyi əksini tapır: “Yəni qanunda, birinci maddədə deyilir ki, həmin vəsaitlərin başqa məqsədlərə yönəldilməsinə yol verilmir, amma 19.1-1-də isə deyilir ki, qalıqlar investisiyaya yönəldilə bilər. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, dövlət orqanlarının biznes fəaliyyəti ilə məşğul olmasına Konstitusiya imkan vermir. İndi hörmətli Musa müəllim deyir ki, yox, bu, belə deyil. Əslində, investisiya qoymaq biznes fəaliyyətidir. Konstitusiyanın 59-cu maddəsi “azad sahibkarlıq hüququ” adlanır. Onun ikinci hissəsini olduğu kimi oxuyuram: “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarını, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Tənzimləmə ilə biznes fəaliyyəti fərqli anlayışlardır. Bu investisiya nə qədər az riskli sahələrə qoyulsa da, bütövlükdə bunun batma ehtimalı var. İkincisi, dövlət orqanı büdcədən Sosial Müdafiə Fonduna 2023-cü ildə 1,5 milyard manata yaxın vəsait ayrılıb. Belə çıxır ki, biz büdcədən vəsait ayırırıq ki, bu insanların sosial təminatı həyata keçirilsin. Amma bunu investisiyaya yönəldəcəklər. Burada məntiq varmı? Əgər həqiqətən də ora çox vəsait yığılsa, büdcədən bir manat vəsait almasalar belə, bunu başa düşmək olar. Burada dünyadan nümunələr gətirilir ki, təcrübədə var. Amma biz bilirik ki, xaricdə özəl sosial sığorta şirkətləri var. Qanunla bizdə əslində dövlət belə şirkətlərin yaradılmasını stimullaşdırmalıdır. Amma bu istiqamətdə heç bir addım atılmır, heç bir iş görülmür”.

Deputat əlavə edib ki, əlilliyə görə pensiyaların verilməsi ilə bağlı ciddi narahatlıq var və bu barədə dəfələrlə qeyd olunub: “Bu məsələni zamanında da qaldırmışam, indi bir daha qaldırmaq istəyirəm. Səhiyyə Nazirliyi, insanların birbaşa sağlamlığı ilə məşğul olan TƏBİB var və sair. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyinatı tamam başqadır. Yəni şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməlidir, həmin “forma 88” daxil olmalıdır və onun əsasında da pensiya təyin edilməlidir. Amma biz görürük ki, orada əlavə bir komissiya yaradıblar, sanki iki dövlət orqanı bir-birinə inanmır. Bu da əlavə gərginlik yaradır və insanları dövlət hakimiyyəti orqanlarından narazı salır. Ona görə də həmin komissiyanı ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırmaq və həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Amma dediyim kimi, nəzarətedici orqanların sayını artırmaqla düşünmürəm ki, biz problemləri kökündən həll edə bilərik”. Musavat.com

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …