Ana səhifə / Siyasət / “O, vaxtilə Çeçenistanı qan içərisində boğanlardan biri olub”

“O, vaxtilə Çeçenistanı qan içərisində boğanlardan biri olub”

“Putin Ukraynadakı separatçı rejimləri tanımaq və müstəqil bir dövlətin ərazisinə qoşun yeritmək qərarı verməklə beynəlxalq hüququ çox kobud şəkildə pozmuş oldu və ölkəsini də çıxılmaz bir bataqlığa saldı. Onun bu addımı bir tərəfdən Rusiyanın beynəlxalq təcridinə və öz daxilində siyasi və sosial-iqtisadi vəziyyətin ağırlaşmasına, o biri tərəfdən də ərazisində separatçı meyllərin artmasına gətirib çıxaracaq”.

Bu fikirləri mətbuata açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.

İlyas İsmayılov xatırladıb ki, Putin özü vaxtilə Çeçenistandakı xalq azadlıq hərəkatını separatçılıq cəhdi kimi qiymətləndirərək, onu qan içərisində boğanlardan biri olub və indi özünün Ukraynadakı separatçıları müdafiə etməsi qətiyyən hüquqla, dövlət ağlıyla bir araya sığmır: 

“Rusiya özü müstəqilliyə can atan çoxmillətli dövlətdir. Onun digər dövlətlərin daxili işlərinə qarışması və oradakı separatçı hərəkatları dəstəkləməsi, tanıması çox pis bir presedentin əsasını qoyur. Sabah başqa dövlətlər də Rusiyanın daxilində baş qaldıracaq separatçılıq hərəkatlarını dəstəkləyə, onları tanıya bilər ki, bundan da ən çox ziyan çəkən elə Rusiyanın özü olar”.

Ukraynanın ərazi bütövlüyünün və dövlət suverenliyinin Rusiya tərəfindən tanınmasının vacib olduğunu deyən İlyas İsmayılov bildirib ki, dövlətlərarası münasibətləri ölkələrin hərbi güc nisbəti, onların rəhbərlərinin arzu və istəkləri yox, qanunlar, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri tənzimləməlidir: 

“Rusiya da beynəlxalq hüquqa hörmət etməli, separatçıları himayə və onlardan müxtəlif ölkələrin mərkəzi hakimiyyətlərinə qarşı istifadə etmək siyasətinə, nəhayət ki, son verməlidir. Son vermədikcə, bu gün Ukraynada üzə çıxdığı kimi, Rusiyanın separatçıları himayə etdiyi hər yerdə və həmçinin bütün dünyada Rusiyaya, Rusiya hakimiyyətinə və rus xalqına nifrət hissi hakim olacaq. Putin nə qədər öz addımlarını “Rusiyanın maraqlarını qorumaq” istəyi ilə əsaslandırmağa çalışsa da, bu gün Rusiyanın maraqlarına elə ən böyük zərbə onun separatçı rejimləri himayə və başqa ölkələrin ərazisini işğal siyasətidir. 

Putinin bu siyasəti ölkəsini nəinki artıq bütün dünyada gözdən salıb, nifrət ünvanına çevirib, elə Rusiyanın öz daxilində də bu ölkənin gələcəyini düşünənləri ciddi narahat edir. O, davranışlarıyla artıq Rusiyaya da, bütün sivil dünyaya da təhlükəyə çevrilib. O, separatizmi himayə siyasətindən mütləq əl çəkməlidir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …