Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Nümayişkaranə şəkildə ABŞ-ın “Eqzimbank”ı BTQ-yə kredit ayırmaqdan imtina etdi” – Təbriz Musayev

“Nümayişkaranə şəkildə ABŞ-ın “Eqzimbank”ı BTQ-yə kredit ayırmaqdan imtina etdi” – Təbriz Musayev

“Mən nə qədər təzyiqlə üzləşdim – yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir”. Bunu Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, iqtisadi müstəqillik əsas məsələlərdən biri idi: “Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Mən nə qədər təzyiqlə üzləşdim – yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”.

Görünən odur ki, BTQ-nin Ermənistandan keçməsi ilə bağlı o vaxt Azərbaycana müxtəlif təzyiqlər olub. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan haqlı olaraq buna getməyib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, 90-cı illərdə Qərb bu yöndə Azərbaycana təzyiq edirdi: “O zaman situasiya indiki kimi deyildi. SSRİ dağılmışdı və yeni müstəqillik əldə edən ölkələrin iqtisadi durumu çox pis idi. Az-çox Baltikyanı ölkələr elə bir çətinliklə üzləşmədilər. Bu da onunla əlaqədar idi ki, Avropa bu ölkələrin arxasında dayanırdı. Azərbaycan üçün ikiqat çətin dövr idi. Ona görə ki, biz işğala məruz qalmışdıq. Ermənistan ərazilərimizin 20 faizini işğal etmişdi, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var idi. 1994-cü ilin mayında atəşkəs əldə edildikdən sonra xarici neft şirkətləri ilə danışıqlara start verildi. Mərhum prezident Heydər Əliyevin böyük siyasi ustalığı sayəsində atəşkəsdən 3 ay sonra “Əsrin kontraktı” sazişi imzalandı. Ondan sonra nef-qaz sektoruna qoyulan sərmayələr iqtisadiyyatın digər yan sahələrinin inkişafına da təkan verdi. Bəli, o zaman Qərb nəinki dəmir yolu xətlərinin, o cümlədən, neft kəmərinin Ermənistandan keçməsində maraqlı idi. Çünki məsafə baxımından bu daha yaxın idi. Ancaq paradoksal hal ondan ibarət idi ki, bunun qarşılığında Ermənistana işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı heç bir təzyiq göstərilmirdi. Bax, Qərbin riyakarlığı bunda idi. Əbləhcəsinə bizə təklif edirdilər ki, kəmər Ermənistandan keçsə, guya bu, Qarabağ məsələsinin həllini sürətləndirəcək. Ancaq bu, tamamilə gülünc yanaşma idi. Ona görə ki, kəmər Ermənistandan keçsəydi, işğalçı tərəf bundan bizə qarşı təzyiq kimi istifadə edərdi. İstədiyi vaxt enerji nəqlini dayandırardı və s. Çox təəssüflər olsun ki, dəmir yolunun çəkilişi ilə də bağlı Azərbaycana bənzər təzyiqlər göstərildi. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişini yubatmaq üçün min cür maneələr yaradıldı. Nümayişkaranə şəkildə ABŞ-ın “Eqzimbank”ı BTQ-yə kredit ayırmaqdan imtina etdi. Nədi-nədi, dəmir yolu Ermənistandan keçsin. Ancaq Azərbaycan öz vəsaiti hesabına dəmir yolunu çəkdirərək ərsəyə gətirdi. Gürcüstana bu məqsədlə çox böyük həcmdə güzəştli kredit verildi. Nəticədə işğalçı Ermənistan regiondakı enerji və nəqliyyat dəhlizlərindən kənarda qaldı. Bütün bunlar onu göstərir ki, xarici dairələr ərazilərimizin işğaldan azad olunmasında maraqlı deyildilər. Olsaydılar, Ermənistana heç olmasa siyasi təzyiq göstərərdilər. Nəinki Qərb, ümumiyyətlə, Rusiya və digər aparıcı dövlətlər işğalçı tərəfə təzyiq göstərmədilər. Prezidentin siyasi iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində ərazilərimiz azad edildi”.

İAT sədri hesab edir ki, Azərbaycan bütün bunlardan ciddi tarixi nəticə çıxarmalıdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …