Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırıldı – Qanun qəbul olundu + Yenilənib

Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırıldı – Qanun qəbul olundu + Yenilənib

Mətbuatda bir müddətdir müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik haqda layihə Milli Məclisdə müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, qanun layihəsinin təşəbbüskarı Ali Məhkəmənin sədri tərəfindən parlamentə təqdim edilib:

“Layihə ilə bağlı komitədə müzakirələr aparılıb. Bu layihə özündə mütərəqqi müddəaları ehtiva edir. Xüsusilə inzibati və mülki prosessual Məcəllədə məhkəmə baxışlarının daha sürətli keçirilməsi ilə bağlıdır. Ancaq vəkillik instituna gəlincə, hesab edirik ki, tamamilə düzgün olaraq Avropa praktikası nəzərə alınmaqla fiziki şəxslərin nümayəndəliklərinin məhdudlaşdırılması təklif olunur. Bir çox ölkələrdə vətəndaşaların nümayəndələri yalnız vəkil ola bilər. Bir qurp ölkələrdə isə müəyyən qrup müstəsna təşkil edə bilər. Bizim qanunda isə bu yaxın qohumlardır.

Vəkillərin sayının az olması bu keçidin qısa zamanda  həyata keçirilməsiə mane ola bilər. Ona görə də qanuna keçid müddəaları əlavə olunub. Təklif olunur ki, məhkəmələrdə baxılmaqda olan işlər mahiyyəti üzrə həll edilənədək bu dəyişiklik onlara şamil olunmur. Belə bir keçid müddəası Ukraynada olduğu kimi bizdə də mərhələli şəkildə olmasını labüd edir. Ona görə də hesab edirəm ki, keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir.

Dekabr ayında Vəkillər Kollegiyasınlın konfransı keçiriləcək. Qanunun qüvvəyə minməsi tarixinin yanvarın 1-də həyata keçirilməsi qısa zamanda bir sıra işlərin həyata keçməsinə səbəb olacaq”.

Deputat Zahid Oruc  çıxışında qanunun əleyhinə səs verəcəyini bildirib. O qeyd edib ki, bu gün vəkillərin əksəriyyəti Bakıda fəaliyyət göstərir: “Rayonlar üzrə cəmi 224 vəkil var. Bu çox az rəqəmdir. Nə qədər məhkəmədə mülki işlər var.

Vəkilləri nisbətən imkanlı insanlar tutur. Nisbətən az imkanı olanlar nümayəndələrə həvalə edirlər. 10 minə yaxın da nümayəndə var. Onlar məhkəmələrlə bağlı xüsusi informasiyalara malikdirlər. Sabah dövlətə qarşı çıxa bilərlər. Bu qədər adamı dövlətlə qarşı-qarşıya qoymaq olmaz. Sabah onlar Avropa Məhkəməsinə də  müraciət edəcəklər”.

Deputat Fazil Mustafa da qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib: “Vəkillərin sayını bu illər ərzində 1000 nəfərə çatdıra bilməmişiksə, bir ay ərzində  onların sayının 5000-ə çatması illüziyadır”.

Müzakirələr davam edir.

***

“Vəkillər Kollegiyasına üzv seçilmək üçün keçirilən test imtahanlarının vaxtı intensivləşdirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat  Siyavuş Novruzov nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki,  zərurət varsa imtahanlar iki aydan bir olmalıdır: “Bəyəm parlament, prezident seçkiləridir ki, 5 ildən  bir olsun. Əgər nə qədər vəkilə ehtiyac varsa, bir o qədər çox  imtahan  keçirilsin. Ona görə də dekabr ayına qədər proses intensivləşdirilməlidir. Həm də bizdə kimsə  vəzifə səlahiyyətlərini aşıb işdən azad olunursa, o başlayır vəkil kimi fəaliyyət göstərməyə. O öz maraqları naminə hakimlə danışıq aparır. İşi hüquqi cəhətdən əsaslandıra bilmir, amma Avropa Şurasına, ATƏT-ə müraciət edir ki, müştərisini itirməsin. Həmkarlarım da dəstək istəyirəm ki, bu qanuna səs verək, təcrübədə necə işlədiyini görərik. İnşallah”.

Vitse-spiker Valeh Ələsgərov  qeyd edib ki, nümayəndəlik institutu olduğu müddətdə vəkillərin sayını artıra bilməyəcəksiniz: “Çünki nümayəndə varsa vəkil niyə axtarılsın ki? Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.

***

Deputat Çingiz Qənizadə da layihənin əleyhinə çıxış edib. Onun sözlərinə görə, Vəkillik institutunda problemlər var: “3 ilə yaxındır ki, insanlar vəkil kimi işə düzələ bilmir. Sənədlər yığılıb qalıb. Hesab edirəm ki, 350 min qaydada mülki işlər varsa, 900 nəfərlik vəkil korpusu bunun öhdəsindən gələ bilməyəcək. Xaos yaranacaq. Ona görə də tələsməməliyik”.

Millət vəkili Qənirə Paşayeva da məsələyə etirazını bildirib: “Rayon sakinləri  bu instutut ləğv olunanda nə edəcək? İmkanları zəif olan insanlar öz hüquqlarını yaxşı şəkildə müdafiə etmək hüququnu itirmiş olacaqlar. Yanvarın 1-dən sonra nə olacaq?”.

***

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova deputatların nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı  etirazına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o çıxışında qeyd edib ki, bu məsələ bir neçə müddətdir ki cəmiyyətdə müzakirə obyektinə çevrilib: “ Ancaq biz Ali Məhkəmə olaraq 3 ildir ki, bunu  müzakirə edirik. Biz ümumiyyətlə nümayəndəlik institutunun məhdudlaşdırılması təklifini vermirik. Biz yalnız məhkəmə prosesində nümayəndəlik institutu ilə bağlı təkliflər vermişik.. Qalan işlərdə vətəndaş kimi nümayəndə seçirsə, kimə istəsə sənədlərini toplatdırıb məhkəməyə təqdim edə bilər. İşsizliyə gəlincə isə onsuz da  həmin nümayəndələr onsuz da işsizdir. Bu onların iş yeri deyil ki, işsiz qalıb narazı olsunlar.

Son zamanlar rast gəlirik ki, Mülki Kollegiyada daha çox nikahın pozulması, valideynlik hüququndan məhrum etmə və s kimi məsələlər çıxarılır. Nümayəndə isə çox vaxt məhkəmədə iştirak edir. Onlara sual verəndə ki nikahın pozulması səbəb nədir,  bunu izah edə bilmirlər.  Vətəndaş hər hansı səbəbdən məhkəməyə gedə bilməyəndə nümayəındə onu təmsil edir. Ali Məhkəmədə də işlər gedəndə tərəflər iştirak edirlər. Bu zaman onlar iştirakı qeyri-qanunidir”.

Qeyd edək ki, qanun  layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …