Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Novruz Məmmədovun “onluğa atəşi” Ermənistan XİN-i necə silkələdisə…

Novruz Məmmədovun “onluğa atəşi” Ermənistan XİN-i necə silkələdisə…

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti ilə danışıqlardan dərhal sonra İsveçrənin erməni diasporu ilə görüşdə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Əslində, siyasətçiyə xas olmayan bu tip davranışdan açıq-aydın hiss edilir ki, Sarkisyan bu addımı çıxılmaz durumda olduğu üçün atıb.
Məlumdur ki, Ermənistan Azərbaycanla danışıqları bərpa etmək üçün müəyyən şərtlər irəli sürürdü. Ancaq Cenevrədə baş tutan görüşdən bəlli oldu ki, Azərbaycan heç bir şərti qəbul etmədən danışıqların bərpasına nail ola bildi. Çox güman ki, məhz bu cür məğlubiyyəti unutdurmaq üçün Sarkisyan bu tip məsuliyyətsiz gediş edib. Onun etdiyi əmələ ən sərt reaksiyalardan birini Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov verib. O öz “Facebook” səhifəsində yazıb ki, S.Sarkisyan Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün yekunlarına görə razılaşdırılmış məqamlardan əlavə heç bir bəyanat verməmək barədə razılığı pozub. “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

N.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və belə də qalacaq: “Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq”.
Xatırladaq ki, Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatdıqdan sonra S.Sarkisyan danışıqların yekunları ilə bağlı bəyanat verib. İsveçrədə erməni icmasının nümayəndələri qarşısında çıxış edən prezident deyib ki, problemin həlli variantları haqqında hər hansı konkret razılıq əldə olunmayıb: “Amma biz ön cəbhədə insan tələfatından qaçmaq üçün gərginliyin daha da azaldılması istiqamətində tədbirlər görmək barədə razılığa gəldik. Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti də, mən də bunda çox maraqlıyıq. Bizim üçün yeganə həll
Qarabağın Azərbaycandan ayrı olmasıdır. Heç bir Ermənistan lideri heç vaxt belə bir həlli qəbul edə və həyata keçirə bilməz və biz bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi N.Məmmədovun Sarkisyanın əsl simasını açması İrəvan tərəfindən böyük narazılıqla qarşılanıb. Təsadüfi deyil ki, məhz həmin açıqlamaya bir gündə iki dövlət rəsmisi tərəfindən cavab verilib. İlk reaksiya Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan gəlib. O, Məmmədovun şərhini mağara təfəkkürlü yanaşma adlandırıb və bildirib ki, rəsmilərin bu tip yanaşması Dağlıq Qarabağ probleminin həllinə mane olur.

Bu yanaşmanın özü bir daha sübut edir ki, Ermənistan rəsmiləri arasında hətta ən mühüm məsələlərə yanaşma ilə bağlı yekdil rəy yoxdur. Belə olmasaydı, Şavarş analoji məzmunlu açıqlama verməzdi. Maraqlıdır ki, o, N.Məmmədovun açıqlamasını rasional saymır və bunun prosesə mane olacağını deyir. Onda Sarkisyanın addımlarına hansı qiyməti vermək olar? Çünki prosesə ziyan verə biləcək ən böyük açıqlama məhz Ermənistan prezidentinin ağzından çıxıb. N.Məmmədov isə həmin hadisəni yalnız şərh edib və doğru yanaşma ortaya qoyub. Ermənistan üçün isə bu həqiqət bir qədər acı rolunu oynamağa başlayıb. Çünki Xarici İşlər Nazirliyinin digər rəsmisi olan mətbuat xidmətinin rəhbəri də N.Məmmədovun açıqlamasından danışıb. Onun ittihamları isə məsələnin mahiyyətindən daha çox N.Məmmədovun şəxsiyyətinə yönəlib. Tiqran Balayan heç bir diplomatik etikaya məhəl qoymadan N.Məmmədovu vaxtı ötmüş köhnə nomenklatura işçisi kimi xarakterizə edib. Ermənistan rəsmilərinin tərbiyədən uzaq olan bu yanaşmaları diqqətimizi N.Məmmədovun düz hədəfə düşə bilməsi baxımından çəkdi. Əks halda, onlar özlərindən çıxıb diplomata deyil, küçə uşaqlarına xas olan tərzdə məsələyə reaksiya verməzdilər. Bütün bu yaşananlar Ermənistan hakimiyyətinin isterika içərisində olduğuna dəlalət edir.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …