Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Növbədənkənar seçki Qarabağla bağlıdır” – DEPUTAT

“Növbədənkənar seçki Qarabağla bağlıdır” – DEPUTAT

“Xatırlayırsınızsa, vaxtilə söyləmişdim ki, ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözləniləndir. Amma o zaman dərhal qərar qəbul olunmadı və indi seçkilərə 6 ay qalmış müddətdə belə bir qərar verildi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevprezident seçkilərinin 6 ay qabağa çəkilməsi barədə Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamı şərh edərkən belə deyib.

Partiya sədri bildirib ki, növbədənkənar prezident seçkilərini proqnozlaşdıranlar çox olub: “Tək mən yox, digər siyasətçilər və deputat həmkarlarımız da növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Bununla bağlı parlamentdə də müəyyən fikirlər səsləndirildi. O zaman bu məsələni Zahid Oruc qaldırmışdı və mən də ona dəstək verdim ki, bu təklif normaldır və demokratik cəmiyyətdə bu cür fikirlər səsləndirilə bilər. O zaman Zahid Oruc fikrini onunla əsaslandırmışdı ki, bundan sonra prezident 7 ildən bir seçiləcəyi üçün 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Ona görə də prezident seçkilərini 6 ay öncə keçirmək olar ki, 2025-ci ildə hər iki seçki üst-üstə düşməsin. Düşünürəm ki, 6 ay öncə prezident seçkilərinin təyin edilməsinin səbəblərindən biri bu ola bilər”.

BAXCP sədrinin fikrincə, ikinci səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durumdur: “Bilirsiniz ki, münaqişənin həlli istiqamətindəki danışıqlar yenidən intensivləşib və Azərbaycan xalqı da bu problemin, nəhayət, həllini istəyir. Dağlıq Qarabağ münaqişəsində əsas oyunçular olan Ermənistan və Rusiyada da mart ayında seçkilər keçiriləcək. Yəni hakimiyyətin yenidən formalaşması prosesi baş verəcək. Bizdə isə seçkilər oktyabrda keçirilməliydi, yəni hökumət hələ payıza qədər gözləmə mövqeyində durmalıydı. Çünki seçki ərəfəsi heç bir iqtidar, heç bir lider taleyüklü qərarlar qəbul etməyə risk etməz…”

Q.Həsənquliyevin fikrincə, başqa önəmli faktorlar da var və prezident bütün bunları nəzərə alaraq bu qərarı verib: “Bilirsiniz ki, Qərbin müəyyən dairələri hər zaman Azərbaycandakı seçki öncəsi özünəməxsus şəkildə fəallıq nümayiş etdirirlər və sabitliyi pozmaq üçün hətta təxribatlara da əl atılma təşəbbüslərinə rəvac verirlər. Düşünürəm ki, seçkilərin 6 ay önə çəkilməsi Qərbin müəyyən dairlərinin bu planlarını da pozmağa hesablana bilər”.

Partiya sədri hesab edir ki, son zamanlar ABŞ-Rusiya münasibətlərindəki gərginliyi də nəzərdan qaçırmaq olmaz: “Bəllidir ki, Rusiya-Amerika münasibətləri son dərəcə gərginləşib və Vaşinqton tərəfindən Rusiyanın demək olar ki, bütün siyasi elitası qara siyahıya salınıb. Hələlik adları elan olunan şəxslərə qarşı rəsmi qaydada sanksiya tətbiq olunmasa da, bu xəbərin özü indidən Rusiya cəmiyyətini ciddi şəkildə silkələyib. Vaşinqtonda bir çox dairələr hələ də o iddiada qalırlar ki, Moskva Amerikadakı son seçkilərin nəticələrinə həlledici şəkildə təsir edəcək təxribatlara əl atıb. Ona görə də, indi ABŞ-ın Rusiyadakı seçkilər zamanı da adekvat addımlar atacağı gözlənilir. Bu addımların nə dərəcədə ciddi və nəticələrə təsir edəcək səviyyədə olub-olmayacağını zaman göstərəcək. Amma əgər Amerika seçkilərdən sonra Rusiyada sabitliyi pozmaq istiqamətində ciddi addımlar atacaqsa, Azərbaycanın böyük qonşusu kimi bu, ölkəmizə də sirayət edəcək. Ona görə də, ola bilsin belə bir təhlükənin mövcudluğu da göz önünə alınıb”.

Q.Həsənquliyev başqa bir önəmli faktor kimi Türkiyənin münaqişəyə cəlb olunmasını göstərib: “Bilirsiniz ki, Türkiyə Azərbaycanın ən yaxın dostu və strateji müttəfiqidir. Türkiyə isə məhz Qərbin təxribatı ilə Suriyada çox ağır münaqişəyə cəlb olunub. Mən hər zaman söyləyirəm ki, müharibəni başlamaq asan, onu bitirmək çox çətin olur. Yəni Türkiyənin Suriyadakı antiterror əməliyyatları hara gətirib çıxaracaq və tezliklə sona çatıdırlması mümkün olacaqmı, Türkiyənin öz daxilində hansı proseslər baş verəcək, bunlar da diqqət çəkən məqamlardı. Çünki Türkiyə və Rusiya elə ölkələrdəndir ki, onların daxilində baş verən istənilən neqativ və pozitiv proseslər birbaşa Azzərbaycana da təsir edir. Etiraf etməliyik ki, Türkiyə Afrində böyük bir bataqlığa sürüklənib. Əlbəttə, Türkiyənin haqqı var ki, sərhədlərindəki terror yuvalarını dağıtsın və hər hansı terrorçu dövlətin qurulmasına imkan verməsin. Amma bu tipli taleyüklü məsələlər böyük dövlətlərlə razılaşdırılmadıqda xoşagəlməz nəticələr doğura bilər. Vaxtilə Türkiyənin Kiprə müdaxiləsi zamanı bu məsələ Böyük Britaniya ilə tam razılaşdırıldıqdan sonra əməliyyatlara başlanıldı və Bülənt Ecevit Türkiyə üçün uğurlu bir sonluq əldə edə bildi. Amma böyük güclərlə hesablaşmamaq çox ciddi mənfi nəticələr də doğura bilir. Ona görə də, Türkiyədə də daxili və xarici proseslərin necə inkişaf edəcəyi sonadək bəlli deyil. Bu baxımdan düşünürəm ki, bütün bu faktorlar nəzərə alınaraq belə bir qərar verilib”.

prezidentler

Partiya sədrinin fikrincə, bütün faktorlar mövcud olsa da, Qarabağ münaqişəsinin həlli prosesində yaranmış son mürəkkəb vəziyyət növbədənkənar seçkilərin təyin olunmasına daha ciddi təsir edib: “Artıq zaman yetişib ki, Azərbaycan taleyüklü qərarlar qəbul etsin. Biz hər zaman söyləyirik ki, Şuşaya, Qarabağa qayıdacağıq. Bəs nə zaman? Biz daha 25 ildəmi gözləməliyik? Yaxud yüz ildən sonra bunun reallaşacağına ümid etməliyik? Bunu bizmi, yoxsa gələcək nəsillərmi edəcək? Nəhayət, xalqa bu barədə qaneedici məlumat verilməlidir. Yaxud biz deyirik ki, hökmən Qarabağa qayıdacağıq, bəs kimin rəhbərliyi ilə qayıdacağımızı deyirikmi? Yəni istənilən iqtidar xalqa deməlidir ki, bu işi məhz onun özü görəcək, yaxud yüz ildən sonrakı nəsillər bizi Qarabağa qaytaracaq. Bu sualın da cavabı olmalıdır. Düşünürəm ki, iqtidar da bu həqiqətlərin fərqindədir. Bilisiniz ki, indi Azərbaycanı təslimçi sülhə məcbur edirlər. Müşahidə missiyasının genişləndirilməsi təklifləri Azərbaycana qarşı qəsddir. Onda belə çıxır ki, aprel savaşından ən çox faydalanan Ermənistan olur.Yəni Ermənistan son hərbi əməliyyatlar zamanı işğalda saxladığı müəyyən ərazini itirsə də, işğal altındakı digər torpaqlarda təhlükəsizliyini təmin etmiş olacaq. Mən zaman-zaman söyləyirdim ki, biz hər gün işğalçıya ağır zərbə vurmalıyıq. Hər gün işğalçı əsgərləri Qarabağda öldürməliyik ki, Ermənistanda da bu işğalın onlara bədbəxtlik və itkidən başqa heç nə verməyəcəyini anlayanların sayı çoxalsın və onlar öz hakimiyyətlərini bu işğala son qoymağa təhrik etsinlər. Ona görə də, indi təklif edilən şərtlər altında təmas xəttində sabitlik təmin olunacaqsa, bu Ermənistanın böyük qələbəsi olacaq. Belə çıxacaq ki, Aprel savaşı zamanı əldə edilən hərbi qələbələri biz diplomatik sahədə uduzuruq və Ermənistan bundan daha çox faydalanır. Buna görə də Azərbaycanın çox ciddi qərarlar qəbul etməsinin zamanı gəlib çatıb. Belə bir qərarı qəbul etmək üçün də seçkilərin 6 ay qabağa çəkilməsi başadüşüləndir”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …