Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nonsensdir, xəyanətdir, bu rəzilliyin analoqu yoxdur…

Nonsensdir, xəyanətdir, bu rəzilliyin analoqu yoxdur…

“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.” 

Ümummili lider Heydər Əliyev

Sentyabrın 12-13-nə keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətlərindən Azərbaycan Respubikasına qarşı növbəti təxribatlar, ağır cinayətlər törədilib. Düşmən Silahlı Qüvvələrimizin təminat yollarını minalamağa, habelə sərhəddə hücum məqsədi ilə infrastruktur yaratmağa, texnika, iriçaplı silahlar, o cümlədən ağır artilleriya qurğuları yerləşdirməyə cəhd edib. Ordumuz bu cəhdlərin qarşısını almaq üçün müvafiq tədbirlər görüb, nəticədə erməni silahlı birləşmələrinin sərhəd boyu bütün hərbi infrastrukturu, canlı qüvvəsi məhv edilib. Döyüşlər zamanı Ordumuzun hərbi qulluqçuları qəhrəmancasına şəhid olub, Allahdan onların hər birinə rəhmət, yaxınlarına səbr diləyirəm.

Qeyd edim ki, Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatla bağlı təfsilatlı informasiyaları mütəmadi olaraq icitmaiyyətə açıqlayır. Bir neçə gündür davam edən hərbi əməliyyatlar zamanı xalqımız ordumuza, onun Ali rəhbərliyinə, Prezidentimiz cənab İlham Əliyevə göstərdiyi böyük inamı və etimadı ölkəmizdə sarıslmaz milli birliyi bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi cəmiyyət bir yumruq kimi birləşib ordumuzun arxasında durur, şəhidlərini mətanətlə qarşılayıb əbədiyyətə uğurlayır. Yaralı qardaşlarımızı bağrımıza basırıq, onlara böyük Allahdan şəfa diləyirik. Bu milli birlik, dayanışma düşmənlərimizi məyus edən, onun məkirli planlarını puça çıxaran başlıca milli dəyərimizdir!

Təəssüf ki, ölkəmizdə, habelə xaricdə fəaliyyət göstərən radikal qüvvələr də cəmiyyətimizdəki bu birliyi xoş qarşılamır, onu pozmaq üçün təxribatçı fəaliyyətlərə baş vurur. Sosial şəbəkələr üzərindən aparılan qara piarın hədəfi təəssüf ki, həmişə olduğu kimi ordumuz və ölkə rəhbərliyidir. Bir gün ərzində düşmənə vurulan sarsıdıcı zərbə müxtəlif təxribatçı tezislərlə gözdən salınamağa cəhd edilir. Məsələn, müxtəlif sosial platformada belə qərəzli, məkirli sual səsləndirilir ki, Azərbaycan bu döyüşlərdə nə əldə edib? Əgər Ermənistan mediasına, Paşinyan hakimiyyətinin iki gün ərzindəki vurnuxmalarına gözücu nəzər salsalar Azərbaycan Ordusunun düşməni hansı vəziyyətə saldığını görərlər. Düşmən çoxsaylı hərbi itkilərdən sarsılıb, ölkə rəhbərliyinə inam itib, az qala hər küçədə, hər tində hakimiyyəti sorğulayırlar.

Paşinyan 44 günlük müharibə dövründə olduğu kimi zəng edib yalvarmadığı dünya lideri qalmayıb, amma heç bir nəticə əldə edə bilmir. Sonucda Azərbaycana yalvarmaqla son aylarda min bir bəhanə ilə yayınmağa çalışdığı sülh sazişini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyir. Azərbaycanın bu uğurlarını gözdən salmağa çalışan radikallardan bəziləri nifrət və alçaqlıq hissinə o qədər qapılıblar ki, sosial şəbəkələrdə Azərbaycanı Ermənistanın ərzisinə təcavüz etməkdə suçlayıblar! Bu nonsensdir, xəyanətdir, bu rəzilliyin analoqu yoxdur. Xalqımız haqlı olaraq onların dərsini elə öz bədnam səhifələrində verir, lənət, söyüş hədəfinə çevirir.

Bir qisim nadan isə tipik təxribatçılıq mövqeyi tutub: Sizinki, bizimki, varlı-kasıb üzərində dövlətə qarşı əks təbliğatla məşğuldurlar. Azərbaycanımızı yad ölkənin qrantına satan alçaqlar…

Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur, ölkənin Ali rəhbərliyi bunu dəfələrlə ən yüksək kürsülərdən bəyan edib. Ordumuzun sərhədboyu düşmənin yaratdığı hücum infrastrukturunu darmadağın etməsi və həmin əraziləri nəzarət altına alması isə beynəlxalq hüququn müstəsna tələbidir. Bu hüququ onlara xatırlatmağı özümə borc bilirəm:

Beynəlxalq hüquq ərazi bütövlüyünü pozan, insanların təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdə dövlətlərin özünümüdafiə hüququnu tanıyır. Özünümüdafiə hüququ sərhədlərdən kənarda olsa da yaxın təhlükə yaradırsa, dövlət öz insanlarının və ərazisinin təhlükəsizliyi üçün zəruri özünümüdafiə tədbirləri görə bilər.

Düşmən ölkə 30 ilə yaxın BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni saya salmadı. 44 günlük Vətən müharibəsindəki zəfərimiz BMT-də islahatların aparılmasına gətirib çıxardı. Türkiyə Prezidenti dəyərli Rəcəb Tayyib Ərdoğan açıqladı ki, Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xalqa və Orduya güvənən qətiyyətli və dəyanətli addımları düşmən ölkəni 3 tərəfli bəyanatın şərtlərinə də əməl etməyə məcbur edəcək.

Etibar Əliyev, Millət vəkili

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …