Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Niyə Kamran Əliyev? – Məmur-oliqarx korpusu ofsaydda qaldı

Niyə Kamran Əliyev? – Məmur-oliqarx korpusu ofsaydda qaldı

Bu gündən etibarən Azərbaycanın Baş prokuroru Kamran Əliyevdir.

Yenisabah.az xatırladır ki, Kamran Əliyev bu təyinatdan əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyev aprelin 29-da Baş prokuror vəzifəsinə onun namizədliyini irəli sürüb. Bu gün isə Milli Məclis Kamran Əliyevi bu vəzifəyə təsdiq edib. Beləliklə, Zakir Qaralovun 20 illik karyerası sona çatıb.

Kamran Əliyevin namizədliyi ictimaiyyət üçün gözlənilməz olub. Çünki hər dəfə Zakir Qaralovun səlahiyyət müddəti bitəndə (Baş prokurorun səlahiyyət müddəti 5 ildir. Zakir Qaralov bu vəzifəyə 4 dəfə təsdiqlənib) onu əvəzləyəcək şəxslər arasında Kamran Əliyevin adına rast gəlinməyib. Media bu məsələdə əsasən Hərbi prokuror Xanlar Vəliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, hazırda Milli Məclisin birinci vitse-spiker postunu tutan Əli Hüseynliyinin adını hallandırıb. Bu baxımdan, ictimaiyyətdə Zakir Qaralovu bu 3 şəxsdən birinin əvəzləyəcəyi qənaəti formalaşmışdı.

Kamran Əliyevin namizədliyi həm də ona görə təəccüblə qarşılanmışdı ki, onun digərləri ilə müqayisədə hakimiyyət komandasında ciddi dəstəyi yoxdur. Kamran Əliyevi yaxından tanıyanlar da bildirir ki, yeni Baş prokuror məmur-oliqarx korpusu ilə məsafəli şəxs olub. Onlarla hər hansı işbirliyinə getməyib. O zaman düşünmək olar ki, Kamran Əliyevin namizədliyi Prezidentin öz seçimidir. Belədirsə, deməli, artıq iqtidarın zirvəsində vəzifə təyinatları əvvəlki prinsiplərə əsasən aparılmır. Əgər əvvəllər məmur-oliqarx korpusu yüksək vəzifələrə öz adamlarını təyin etdirə bilirdilərsə, artıq onların bu imkanı yoxdur.

Kamran Əliyev həm də təmiz reputasiyaya malik şəxs kimi xarakterizə edilir. Onun adı indiyə qədər qaranlıq işlərdə hallanmayıb. Eyni zamanda kifayət qədər peşəkar kadr olduğu deyilir. Hakimiyyətin artıq peşəkar və təmiz reputasiyalı kadrlarla işləməyə üstünlük verməsi müsbət addımdır və güman ki, bu proses davam edəcək.

Bəzi ehtimallara görə, Zakir Qaralovun əvəzlənməsi islahat növbəsinin prokurorluq və ədliyyə sisteminə çatdığına işarə sayıla bilər. Azərbaycanda ən çox narazılıq məhz bu sistemlərlə bağlıdır. Xüsusilə, məhkəmə sistemi barədə ürəkaçan söz demək mümkün deyil. Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu sahədə də ciddi dəyişikliklər baş verəcək. İlk olaraq bu sistemin başında duranların vəzifədən alınacağı barədə gözləntilər var. Növbəti dalğada isə yaşlı və cəmiyyətdə qınaq obyekti olan hakimlərin karyerasına son qoyula bilər. Ölkə başçısının islahat mövzusunda israrlı bəyanatları da bu ehtimalları gücləndirir.

Həmçinin oxuyun

QHT-lər Vardanyanla bağlı Nobel Komitəsinə məktub göndərdi

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb. Sənədi 206 …