Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Niyə Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon? – TƏHLİL

Niyə Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon? – TƏHLİL

Avropa Bilrliyi 2 iyul 2021-ci ildə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə – Azərbyacan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 mlrd. avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib.

Cənubi Qafqaz ölkələri arasında yaxın 5 ildə ən çox dəstək alacaq ölkə Gürcüstandır – 3,9 mlrd. avro müxtəlif proqramlar çərçivəsində qrant və yatırımlar ala biləcək. Ermənistana isə yaxın 5 ildə əvvəl 1,6 mlrd. avro, son qərarlarla isə 2,6 mlrd. avro dəstək olacaq. Azərbaycana isə yaxın 5 ildə 140 mln. avro vəsait ayrılacaq.

İlk baxışda ayrıseçkilik kimi görünür, ikili standartlara bənzəyir, amma məsələ fərqlidir: Gürcüstan artıq bir neçə ildir ki, AB ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb, məhz bu imza Gürcüstana daha çox yardım ayrılmasına əsas yaradır. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzaladı. Azərbaycan isə sənədi imzalamaq İSTƏMİR, sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələlər artıq razılaşdırılıb. Sual doğuran məsələlər isə ancaq ticarət və iqtisadi məsələlərdir: AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun (Dünya Ticarət Təşkilatına), bazarını xarici kapitala və biznesə açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxal təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti isə bu məsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir.Biz müqavilə imzalamırıq, əvəzində Ermənistana sənədi imzaladığına görə daha çox maddi yardım düşür – sonra da AB-dən inciyirik ki, nədən bizə az, Ermənistana isə çox maddi yardım ayırır. Və bizim bəzi KİV-lər elə təqdim edirlər sanki Ermənistana elə indi, birdəfəlik 2,6 mlrd. avro pul veriləcək – bu belə deyil. Vəsait 5 ilə nəzərdə tutulub, hər il ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı hökumətlər hesabat verdikdən sonra növbəti tranş ayrılır. Və vəsaitin böyük bir hissəsi heç Ermənistana çatmayacaq da – infrastruktur layihələrini AB şirkətləri həyata keçirəcək, vəsait Ermənistan vasitəsi ilə onlara ödəniləcək.

Yəni, siyasət qəliz işdi, gərək ağılla, analizlə davranasan, gərək ciddi məlumat toplayasan, məlumatları analiz etməyə təcrübən olsun – bütün bunlardan sonra məsələlərə peşəkarcasına, səs-küysüz yanaşmaq mümkün olur.

Onu da deyim ki, Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəmizə yatırımları digər iki Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur. Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 mlrd. 340 mln. dollar olub, Ermənistanın isə cəmi 1 mlrd. dollardan bir az çox – yəni, biz Azərbaycan olaraq AB üçün daha maraqlı, daha cəlbedici ölkəyik, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalanmalıdır. Yeni müqavilədən sonra AB ilə vizasız gediş-gəlişdən tutun da ticarət əlaqələrinə, yatırımlara qədər yeni fürsətlər açılacaq. Ona gərə də bəzən problemləri primitiv tezislərlə ifadə etməkdənsə, məsələlərin kökünə enmək daha doğrudur…

Natiq Cəfərli

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …