Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Nazirin sinif yoldaşı da meydan sulayır… – Belə deyirlər…

Nazirin sinif yoldaşı da meydan sulayır… – Belə deyirlər…

“Gündəm Xəbər”in ötən sayında özünü təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı kimi təqdim edən və Gəncədə fəaliyyət göstərən 8 saylı regional hesablaşma mərkəzinin rəis müavini vəzifəsini daşıyan Vüsal Məmmədovun “işgüzarlığından” bəhs edən açıqlamamızı, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq. O, “Təhsil Naziri uşaqlıq dostumdur” deyərək, hal-hazırda 8 saylı Maliyyə Hesablaşma Mərkəzində vəzifəsindən asılı olmayaraq, hər kəsi ilə hesablaşmağa məcbur edib. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”. Daha öncədən də məlumat verdiyimiz kimi, o, təhsilə satıcılıqdan gəlsə də, təhsil sahəsində öz qayda-qanunları ilə özünün marağına cavab verən iş də qura bilib. Belə ki, onun bildirdiyinə görə, “ixtisasca hüquqşünas olmağıma baxmayaraq Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra, məni satıcılıqdan təhsilə gətirdi və Gəncədəki 1saylı Peşə Liseyinin direktor da təyin etdi”. Bəli, bu gün Vüsal Nüsrəddin oğlu Məmmədov hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis müavini işləsə də, liseyİ də əldən buraxmır. O, özünə münasib olan və əvvəllər də dəmir yolunda mexanik işləyən, eyni zamanda işdə törətdiyi xətalar ucbatından daşıdığı vəzifəsindən uzaqlaşdırılan Hüseyn Hüseynovu, ustalıqdan direktorluğa qədər yüksəltməklə, təsir dairəsində saxladığı “obyekti”ni ona havalə edib. Hal-hazırda adı çəkilən liseydə əsaslı təmirin gecikdirilməsinə səbəb də, Vüsal Məmmədova məxsus sexlərin fəaliyyət göstərməsidir. Belə ki, 1 saylı Peşə Liseyinin həyətindəki emalatxanda mebel, metal və xalça sexləri fəaliyyət göstərir. Sexlərdə mətbəx, ofis və məktəblər üçün mebellər və s. istehsal olunur. İstehsaldan əldə olunan gəlirlər də, birbaşa Vüsal Məmmədova çatdırılır. Görəsən necə olub ki, bu cür fəaliyyət növü ilə məşğul olan sexlər Vergilər Nazirliyi ilə bərabər, Təhsil Nazirliyinin də nəzərindən yayınır? Liseyin həyətində fəaliyyət göstərən sexlərdən əldə olunan gəlirlərdən başqa, adı dərs jurnallarında gedən, amma özü dərs üzü tanımayan tələbələrin təqaüd kartlarından görəsən xəbəri olan varmı? Məsələ ilə bağlı Hüseyn Hüseynovla görüşsək də, onun məsələyə münasibətindən belə aydın oldu ki, onu liseyə formal olaraq direktor əvəzi təyin ediblər. Əslində adı hallanan sexlərin və təqaüd kartlarının ona heç bir aidiyyatı yoxdur. Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə “Ağa” təyin edən nazirliyə gedib çıxır. Bundan başqa, əldə etdiyimiz daha bir ilginc məlumat da var ki, Vüsal Məmmədov bacısını liseyə təsərrüfat işləri üzrə direktor müavini, Nəcəf adlı dostunu isə, tədris işləri üzrə direktor müavini təyin edib. Müəllim və tələbələrin (əgər onların əksəriyyəti də yerindədirsə) tanımadıqları daha kimlər…. Liseydən əldə olunan gəlirlər yəqin ki, ancaq Vüsalın bildiyi istiqamətdə xərclənilir. Bütün bunlara görə Vüsal Məmmədov özünü bazar iqtisadiyyatına uyğun kökləyir və “biz pul qazanmağı bacaran oğlanlarıq” da deyir. Ticarət aləmində yaxşı təcrübə toplayan rəis müavini, bu gün ticarətdə öyrəndiyini təhsildə də tətbiq edir. Hətta, iş o yerə çatıb ki, Vüsal Məmmədovun etibar etdərək liseyə direktor müavini təyin etdiyi Hüseyn Hüseynov da, onun tövsiyyələrinə rəğmən KİV haqqında qanunlara deyil, özünün dediyi kimi Mikayıl Cabbarov “bizə jurnalistlərin suallarına qətiyyən cavab verməyin, sualları varsa, göndərin nazirliyə” deyir. Hal-hazırda isə, liseydə dərsə davamiyyət olaraq tələbələr gözə dəyməsələr də, sexlər dayanmadan fəaliyyət göstərməkdədirlər. Bunların müqabilində Vüsal Məmmədovun dediyinə görə, Gəncə çayının kənarında tikilən və təmir olunan obyektə də pul xərcləyir. Görəsən bu obyektin təhsilə nə aidiyyəti var? Bəlkə həmin obyekt onun özünün və yaxud da…. Nə isə, bu barədə növbəti sayımızda. Həmin obyektin kimə məxsus olması ilə bağlı apardığımız araşdırmalardan sonra, ictimaiyyətə bu yöndə geniş açıqlamalar verəcəyik. Hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əsaslı cari təmir işləri üçün 2016-cı il büdcə vəsaitindən 6 rayona və Gəncəyə ayrılan vəsaitin necə xərclənməsindən görəsən nazirin xəbəri varmı? Deyəsən Vüsal Məmmədovun sözündə böyük bir həqiqət var, o da onun əməlli-başlıca pul qazanmağı bacarmasıdır. Axı, Vüsal Məmmədov təhsil sahəsinə gəlməzdən öncə o, ticarətdə “saqqal ağardıb”. Belə çıxır ki, təhsil şöbələrinin regional mərkəzlərdə birləşməsi haqqında ölkə başçısının 2014-cü ildə imzaladığı və 2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncamının hələlik tam olaraq yerinə yetirilməməsi, sadəcə olaraq sərəncamın bir istiqamətdə aparılmasına, sadəcə olaraq maliyyəni ələ keçirməkdən başqa nəyəsə xidmət etməyib. Hələlik Gəncəbasarda aparılan “islahatlardan” görünür ki, ölkə başçısının verdiyi sərəncamın xeyrini, təhsil strategiyasına uyğun olmadan Mikayıl Cabbarovun adı ilə onun dostu, səlahiyyətlərini təhsilin həm təchizat, həm də kadr məsələrini icra edən Vüsal Məmmədov görür.
Araşdırmamız davam edəcək

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın