Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Nazarbayevin ayaqqabısı da yerli maldır, kostyumu da

Nazarbayevin ayaqqabısı da yerli maldır, kostyumu da

Almatılı Farida Qazaxıstanda istehsal olunmuş paltar geymək istəyir. Ancaq yerli mal onun zövqünü oxşamır.

Farida deyir ki, əvvəllər – sovet dövründə Qazaxıstan malları çox keyfiyyətli olub: “Ancaq indi bizdə o cür paltarlar yoxdur”.

Farida deyir ki, Qazaxıstan yerli istehsala təzə başlayır. Yeni tikilənlər də həmişə keyfiyyətli olmur: “Yaxşı mal da çox azdır. Ona görə də mən Çində və Qırğızıstanda tikilmiş paltarlardan alıram”.

“Azadlıq” radiosunun Qazaxıstan üzrə müxbiri Almatının mərkəzində “Yaşıl bazar”dakı bütün ticarət obyektlərini gəzib. Burda ancaq Türkiyə, Qırğızıstan və Çindən gətirilən malların satıldığını görüb.

Camaat “Made in Kazakhstan” malı almaq istəmir

Bazardakı satıcılardan biri Gulnisa deyir ki, xaricdən gətirdikləri pal-paltarın üstünə çəkdiyi xərclərdən başqa yol və yemək xərclərini də əlavə edirlər: “Hələ gömrük rüsumlarını demirəm. Ona görə də gətirilən malın qiyməti Qazaxıstana gələndə iki dəfə artmış olur”.

Gulnisa deyir ki, geyimlər Qazaxıstanda ərsəyə gəlsə, ucuz olar.

Zanar Almatıdakı paltar mağazalarının birinin satıcısıdır. O deyir ki, Qazaxıstanda pal-paltar tikilmir. Tikilsə də, keyfiyyətsiz olur: “Alıcı nə vaxt ucuz pal-paltar axtarsa, Qırğızıstan və Çin malları alır. Bahalı nəsə istəyirlərsə, onda Türkiyədən gətirilmiş mallardan alırlar”.

Tikiş sexinin satıcısı Nasim danışır ki, camaat “Made in Kazakhstan” malı almaq istəmir: “Bilmirəm nəyə görə. Ancaq onu bilirəm ki, mallarımıza “Qazaxıstanda tikilib” yarlığı yapışdırsaq, onu heç kim almayacaq”.

Nasimin sexində fəhlə və idman paltarları tikilir. Kişilər və qadınlar üçün olan üst geyimləri də tikirlər.

Nasim deyir ki, parçanı Türkiyədən gətirirlər. Sexdə paltarları tikənlər də türk dərzilərdir: “Özü də bizim malların tikilişi heç də Türkiyədə istehsal olanlardan geri qalmır. Buna baxmayaraq alverçilər bizim malı almırlar. Ona görə də mallarımızı Türkiyə şirkətinin yarlığı altında satmağa məcburuq”.

Ancaq “Qazaxıstan mallarını heç kim almır” fikri ilə razılaşmayanlar da var. Sayram rayonundakı tikiş şirkətinin meneceri Zanar Sarsenbayeva deyir ki, bu ilin yayından bazarda onların məhsulları yaxşı satılır: “Biz kişi kostyumları, tək şalvarlar, məktəb formaları tikirik. Dollar bahalaşsa da bizim malların qiyməti qalxmayıb, elə keçən ilki qiymətlərdir. Bəlkə də elə buna görə bizim alverimiz yaxşı gedir”.

Psixoloq Baxıtgul Abdramanov düşünür ki, Qazaxıstanda tikilən paltarlar keyfiyyətə görə yox, reklam olunmamağa görə satılmır: “Reklam insan psixologiyasına təsir edən əsas faktordur. Mən bu günədək Qazaxıstanda tikilən paltarların reklam olunduğunu görməmişəm. Heç bilmirəm, bu paltarlar harada tikilir, harada satılır. Malı reklam etməyi bacarmaq lazımdır”.

Yerli malların reklam olunmasının vacibliyindən hakimiyyət nümayəndələri də tez-tez danışır. Elə prezident Nursultan Nazarbayev də ölkə əhalisini yerli mal almağa, yerli istehsalçıları dəstəkləməyə çağırıb.

Tikiş fabriki

Nazarbayev sentyabrın 17-dəki çıxışında özünü qazax mallarının reklam təcəssümü adlandırıb. Deyib ki, əynindəki kostyum da, ayağındakı ayaqqabı da yerli maldır: “Biz yüngül sənayemizi belə reklam edirik”.

Prezidentin bu sözündən sonra “Azadlıq” radiosunun müxbirləri Astananın ticarət mərkəzlərində və bazarlarında Qazaxıstan istehsalı olan kostyum və ayaqqabıların axtarışına çıxıblar.

Ancaq həm ticarət mərkəzlərində, həm də bazarlarda yerli məhsulların çeşidi hələ ki, arzuolunan səviyyədə deyil.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın