Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Natiq Cəfərli: “Rusiyanın ayaq dəydiyi yer inkişafdan qalır”

Natiq Cəfərli: “Rusiyanın ayaq dəydiyi yer inkişafdan qalır”

“Dünyanın gözü-qulağı Mariupoldadır, Kreml ordusu şəhəri viran qoyub, üç minə yaxın dinc vətəndaşın həlak olduğu deyilir. Şəhərin hərbi-strateji önəmini anlayıram, işğalçı Rusiya Ukraynanın Azov dənizinə çıxışını tam bağlamaq, qondarma “Luqansk Xalq Respublikası”nın vilayət sərhədlərinə qədər bərpa etmək (Mariupol Ukraynanın Luqansk vilayətinin ərazisindədir), qondarma “LNR”-dən işğal etdiyi Krıma quru yol açmaq. Bütün bunları görmək mümkündür. Amma, məncə Kremlin Mariupolu darmadağın etməsinin başqa səbəbləri də var”.

Bunu ekspert Natiq Cəfərli bildirib

N.Cəfərli məsələnin səbəbləri ilə bağlı ehtimallarınl bölüşüb: “Mariupol rusdilli şəhərdir, Kreml orada gül-çiçəklə qarşılanmağı gözləyirdi, əvəzində ən çox itki verdiyi şəhərlərdən biri oldu. Luqansk şəhərini 8 ildir işğal edən, orada qondarma qurum yaradan Rusiya şəhərin infrastrukturuna yatırım etməyib, şəhər sovetdənqalma görkəmdə yaşayır, amma Mariupol son 8 ildə əsl Avropa şəhərinə çevrilmişdi. Rusiyanın idarəçiliyi ilə Ukraynada seçilmiş merlərin idarəçiliyinin fərqini görün, bu fərq Kremli də qəzəbləndirir, hekayəsini dağıdır deyə şəhərə divan tuturlar. Suxumidə də heç parlament binasını, mərkəzi meydanı belə təmir etməyiblər. Rusiya işğalı, separatizm, Abxaziyadakı seçkisizlik, klanların savaşı Gürcüstanın hüquqi haqqı olan torpaqları nə günə qoyub. Klanlar 30 ilə yaxındır ki, Moskvadan aldıqları dotasiyalar uğrunda daxili savaş aparırlar. Batumi Suxumi şəhərindən cəmi 195 km məsafədə yerləşir, Saakşvilinin bir güllə atmadan belə Rusiyanın planını, işğal etmək cəhdini pozduğu, Abaşidzeni qovduğu Acarıstandır. Cəmi 15 ilə Batumi regionun ən gözəl şəhərlərindən birinə çevrildi, seçkili Mer institutu, investisiyalar, turizmin inkişafı Batumini gözəlləşdirdi. Əgər Rusiyanın Acarıstanı da işğal və qondarma respublika yaratmaq planı baş tutsaydı, bu gün həmin şəhər elə Suxuminin, Luqanskın gününə qalardı.
Rusiyanın ayaq dəydiyi yer inkişafdan qalır, xalqın idarəetmədə iştirakı bloklanır, rüşvət, korrupsiya, büdcənin dağıdılması baş verir – “Rus dünyası (Russkiy Mir)” məhz bu “dəyərləri”, separatizm, dağıntılar, inkişafdan qalmanı özü ilə gətirir. Bu görüntülər həm bizə, rəsmi Bakıya, həm də bu gün Xankəndidə “Rus dünyasına” bel bağlayan, onlara sığınan separatçılara dərs olmalıdır. Rəsmi Bakı mer institutunun yaradılmasına, yerli özünüidarəetmənin bərqərar olmasına, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı və üst kimlikdir) Azərbaycana inteqrasiyası üçün ağlabatan plana, proqrama təcili ehtiyac var. Rəsmi Bakı ölkənin inkişafı üçün elə bil cəlbedici iqtisadi, hüquqi model təklif etməlidir ki, bütün azərbaycanlılar, vətəndaşlar üçün insan sifətli, rifah içində yaşanabilən məmləkət olsun, bunun yolu isə hərbi qələbəmizi də özündə ehtiva edən yeni Konstitutsiyanın qəbulundan keçir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …