Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Nə Gürcüstan, nə də Moldova öz ərazi bütövlüyünü bərpa edə bilməyib” – Təbriz Musayev

“Nə Gürcüstan, nə də Moldova öz ərazi bütövlüyünü bərpa edə bilməyib” – Təbriz Musayev

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddia sənədinə baxılmanı dayandırıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi “İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.

“Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb”, – nazirliyin məlumatında qeyd edilir.

Görünən odur ki, beynəlxalq qurumlar Ermənistanın hər iddiasını qəbul etmir. Bir növ bununla beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Azərbaycana qarşı iddiasına baxılmaması bir sıra məqamlardan irəli gəlir: “Bunun bir səbəbi Azərbaycanın beynəlxalq nüfuzundan irəli gəlir. Reallıq ondan ibarətdir ki, Azərbaycan 30 il əvvəlki zəif dövlət deyil. Ötən illər ərzində Azərbaycan xeyli güclənib. Həm iqtisadi baxımdan, həm də siyasi baxımdan. Azərbaycan bir sıra beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edir. Xüsusən də 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra tamamilə yeni situasiya yarandı. Bu, bir sıra ölkələrdə belə təəccüblə qarşılandı. O mənada ki, bir sıra ölkələr Azərbaycanın öz ərazilərini işğaldan azad edə biləcəyini gözləmirdi. Hesab edirdilər ki, zamanla Azərbaycan işğal faktı ilə barışacaq. Xüsusən də Fransa hakimiyyəti düşünürdü ki, zaman ermənilərin xeyrinə işləyir. Məhz bu səbəbdən BMT-nin məlum 4 qətnaməsi kağız parçasına çevrilmişdi. Niyə? Ona görə ki, Fransa, Rusiya məlum qətnamələrin icra olunmasını istəmirdilər. Ancaq 44 günlük Vətən müharibəsi və onun nəticələri bütün bu stereotipləri darmadağın etdi. Azərbaycan 30 il fasilədən sonra öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi. Bu bir nonsens idi. Nəzərə almaq lazımdır ki, nə Gürcüstan, nə də Moldova öz ərazi bütövlüyünü bərpa edə bilməyib. Hər iki ölkə də separatçılıqdan əziyyət çəkir. Ona görə artıq beynəlxalq təşkilatlar da Azərbaycanla hesablaşır və Ermənistanın tələblərini qəbul etmir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanla bağlı məlum son qərarı da bundan irəli gəlir”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …