Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Müxalifətdən dövlətə tam dəstək: “Cinayətdir və…”

Müxalifətdən dövlətə tam dəstək: “Cinayətdir və…”

Partiya sədrləri belə düşünür ki, Gəncədə baş verən təxribatlar dövlətçiliyə təhlükədir

İyulun 10-da Gəncədə baş verən və iki yüksək rütbəli polisin öldürülməsi ilə nəticələnən hadisələr ölkə ictimaiyyəti tərəfindən pislənir. Hadisələrə müxalifət partiyalarının rəhbərləri də münasibət bildiriblər.

AXP sədri, sabiq baş nazir Pənah Hüseynmusavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

AXP sədri şəhid olan polislərə görə təəssüf hissi keçirdiyini bildirib. Həmçinin qeyd edib ki, bununla yanaşı, günlər öncədən belə bir təxribata hazırlıq getdiyi hər kəsə məlum olduğu halda, nədən onun qarşısının alınmadığı, həmin adamların şəhərin baş meydanına necə keçə bildikləri onda təəccüb yaradır: “Bu detal xüsusi araşdırılmalıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da hadisələr baş verdiyi barədə xəbər yayılandan dərhal sonra bu hadisələri pisləyən açıqlama verib: “İki polis zabitinin qətlə yetirilməsi böyük faciədir və Azərbaycanın maraqlarına dəhşətli zərbədir. Proseslərin zorakı müstəviyə keçməsi Azərbaycan xalqının və dövlətinin ziyanınadır. Bundan ən böyük ziyan çəkən xalq və dövlət olacaq. Bu məsələ ilə bağlı yəqin ki, ciddi araşdırmalar gedəcək və bu araşdırmalardan, dəqiq məlumatlar əldə etdikdən sonra Müsavat Partiyası olaraq konkret münasibət bildirəcəyik. Ancaq indidən demək mümkündür ki, görünür, Azərbaycanda proseslərin sivil, demokartik müstəviyə deyil, zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var. Təbii ki, bu məsələlər sürətlə araşdırılacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı ile ilgili görsel sonucu

Müsavat başqanı deyib ki, bu proseslərin arxasında dayanan ciddi qüvvələr var: “Xüsusilə iki yüksək vəzifəli zabitin öldürülməsi ciddi hadisədir və bundan ciddi nəticə çıxarılmalıdır. Bu cür proseslərin inkişafına yol vermək olmaz. Siyasi qüvvələr də ölkədə konstitusiya və qanunlardan kənar proseslərin getməsinə imkan verməməlidir. Biz də buna çalışacağıq. Amma əsas rol yenə də hakimiyyətin üzərindədir”.

AMİP-in baş katibi Arzuxan Əlizadə ile ilgili görsel sonucu

AMİP-in baş katibi Arzuxan Əlizadə isə bildirdi ki, Gəncədə baş verən hadisələrin arxasında dini cərəyanların dayandığına inanmır: “Olayların arxasında dini amili qabartmaqla diqqəti özündən yayındırmağa çalışan daha ciddi qüvvələrin olduğu qənaətindəyəm. Əminəm ki, hüquq-mühafizə orqanlarının araşdırmaları hadisələrin arxasında dayanan əsas oyunçuları meydana çıxaracaq. İstənilən halda öz vəzifə borcunu yerinə yetirən polis zabitlərinin qətlə yetirilməsi dövlətimizin dayaqlarını sarsıtmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Şəhid olan polislərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına başınız sağ olsun deyirəm! Bu günlərdə siyasi mövqeyindən asılı olmayaraq hər kəsi hadisələri düzgün qiymətləndirərək obyektiv mövqe bildirməyə və dövlətimizin yanında olmağa çağırıram. Azərbaycan dövlətçiliyini qorumaq hər birimizin şərəfli borcudur”.

KXCP sədri Mirmahmud Mirəlioğlu ile ilgili görsel sonucu

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Gəncədə həyata keçirilən hadisə cinayətdir və bu cinayəti törədənlər aşağıdan yuxarıya qədər hamısı aşkara çıxarılmalı, cəzalarını çəkməlidirlər: “Bu hadisəyə diqqət etdikdə ortaya çoxlu suallar çıxır. Sanki bir güclü əl bu cür hadisələrin baş verməsini istəyir. Təşkilatçısı dəqiq bəlli olmayan aksiyaya şərait yaradılmamalı idi. İnsanlar o meydana buraxılmamalı idilər. Bu hadisələr bütövlükdə tərəfimizdən pislənilir”.

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, məmur-vətəndaş münasibətlərində hər hansı bir zorakılığın edilməsi qətiyyətlə pislənməlidir. Bu, həm dövlətimiz, həm cəmiyyətimiz üçün, həm də bu prosesdə iştirak edən insanlar üçün çox ağır nəticələrə gətirib çıxara bilər: “Amma bu gün bizi daha bir məsələ maraqlandırılmalıdır, nəyə görə Gəncədə bu hadisələr baş verdi və nə üçün Elmar Vəliyevin həyatına sui-qəsd olunandan sonra bu hadisələr gücləndi? Yerlərdə məmurların vətəndaşlara qarşı tam özbaşına rəftar eləməsinin qarşısı təcili alınmalıdır. Yerli məmurlar, bir sıra icra başçıları faktiki olaraq dövlətçilik, sabitlik üçün təhlükə mənbəyinə çevriliblər. Yerlərdə insanların hörmət etdiyi məmurlar olanda bu tipli hadisələrin baş verməsi ehtimalı da azalır, baş verəndə isə itkisiz ötüşür. Mən Gəncədə baş verən hadisələri qətiyyətlə pisləsəm də, dövlətçilik tələb edir ki, bu hadisənin yaranmasının səbəbləri də araşdırılsın”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, Gəncə hadisələrini iki hissəyə bölmək lazımdır. Hər iki hissənin üzvü bağlılığı vardır. Birinci hissəsi 3 iyul tarixində Gəncə şəhər İcra başçısı Elmar Vəliyevə olan sui-qəsd cəhdi idi. Bu hadisədən sonra baş verənləri Gəncə hadisələrinin ikinci hissəsinə aid etmək lazımdır: “Həmin gündən sosial şəbəkələrdə 10 iyul tarixdə Gəncə şəhərində etirazın olacağı barədə məlumatlar dolaşırdı. Dünən isə Gəncədə heç arzulamadığım hadisə baş verdi. Həm insanların xaotik şəkildə küçələrə çıxması, həm polis zabitlərinin qətli, həm də nümayişə cəhd edənlərin həbsi ziyanımızadır. Qətlə yetirilən polis zabitlərimizin də yaxşılardan olmalarına inanıram. Çünki onların Gəncə sakini olması, camaatla gətirilmiş qüvvələr arasında bufer, maneə olma cəhdləri, itkidən yayınmaq üçün önə çıxmaları müsbət məqsəli olmalarını göstərir. Allah rəhmət eləsin hər ikisinə. Nümayişçilərin də içərisində günahkarlarla yanaşı təsadüfi, günahsız şəxslərin olması qənaətindəyəm.

Təklif edirəm ki, Gəncədə baş vermiş hadisələrin tədqiqi üçün yeni komissiya yaradılsın. Bu komissiyaya rəsmi qurumların nümayəndələri ilə yanaşı ictimai-siyasi sektoru əhatə edən insanlar da dəvət olunsunlar. Özümün də belə komissiyada olmaq üçün namizədliyimi irəli sürür, tərəfsiz fəaliyyət göstərəcəyim öhdəliyimi bildirirəm”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, son günlər Gəncədə baş verən hadisələr  AĞ Partiya olaraq onları narahat edir: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə başlayan, iki polis zabitinin qətlə yetirilməsi ilə davam edən gərginlik ictimaiyyətdə də narahatlıq yaradıb. Biz istənilən halda hər cür zorakılığın, şiddətin və qətl hadisəsinin əleyhinəyik. Səbəb nə olursa-olsun şiddət, qarşıdurma çıxış yolu deyil. Belə vəziyyətlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli və hadisələrə bu rakursdan yanaşmalıdır. Azərbaycanı qarışdırmaq, qanunları ayaq altına atmağa çalışanlara isə qanunun dili ilə ən sərt şəkildə davranılmalıdır. Bu proseslər barədə öz cavabını gözləyən xeyli suallar var. Əvvəlcə bu suallara cavablar tapılmalıdır. Mən ümid edirəm ki, hakimiyyət ölkədə sabitliyə və əmin-amanlığa cavabdeh olan bir siyasi qüvvə kimi yanaşaraq ciddi tədbirlər görəcək. Təklif edirəm ki, siyasi-ictimai sektorun bütün tərəflərini əhatə edən geniş tərkibli bir komissiya yaradılsın. Həmin komissiyanın hazırladığı hesabat hadisələrdə məsuliyyəti  olan hər kəsi hüquqi məsuliyyətə cəlb etmək üçün əlavə material ola bilər. Mən bir partiya sədri kimi, Gəncə əhalisinə, həm də bütün xalqımıza müraciət edərək daha soyuqqanlı olmağa, heç bir provokasiyaya uymamağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram. Unutmayaq ki, kortəbii və ya düşünülmüş şəkildə təşkil olunmuş qarşıdurmalar dövlətçiliyimizə, sabitliyimizə bərpaolunmaz zərbələr vura bilər”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …