Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Müxalifət funksionerləri icra başçılarının çıxarılmasından məmnundurlar – AKTUAL

Müxalifət funksionerləri icra başçılarının çıxarılmasından məmnundurlar – AKTUAL

Son günlərin əsas müzakirə edilən məsələlərindən biri Salyan, Cəbrayıl və Laçın rayonlarının icra başçılarının vəzifələrindən azad edilmələri oldu. Prezident iki gün ərzində üç icra başçısını işdən çıxardı, Yardımlının icra başçısı Sevindik Hətəmov isə Salyana yeni rəhbər təyin olundu. Qarşıdakı günlərdə bu prosesin davam edəcəyi deyilir. 
Xalqın ölkə başçısının son sərəncamlarına münasibətinin müsbət olduğunu sezməmək mümkün deyil. Vətəndaşlar vəzifələri ilə vidalaşan icra başçılarının gedişinə sevinclərini gizlədə bilmirlər. Bu, özünü sosial şəbəkələrdə açıq şəkildə büruzə verir. Hətta icra başçılarını itirən rayonların sakinləri olmayan şəxslər də sosial şəbəkələrdə bu məsələyə münasibət bildirirlər. Buna səbəb də uzun müddət bu vəzifədə çalışan Cəbrayılın icra başçısı Mahmud Quliyevin, Salyanın icra başçısı Tahir Kərimovun, Laçının icra başçısı Akif Səlimovun fəaliyyətləri dövründə qoyduqları “iz”dir. Hər üç şəxsin icra başçıları olduqları rayonların ərazilərinin yarıdan çoxunu nəzarətə aldıqları, çoxsaylı fermalar, restoranlar tikdirdikləri barədə vaxtaşırı mətbuatda xəbərlər dolaşıb. Təkcə bir faktı qeyd edək ki, Tahir Kərimovun Qusarda böyük hoteli var. Eyni zamanda onun oğlu Həmzə Kərimov SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəridir. Bundan əlavə, T.Kərimovun Salyanın yarıdan çoxunu ələ keçirdiyi, fermalar tikdirdiyi barədə yerli sakinlər dəfələrlə mətbuat vasitəsilə şikayətlərini bildiriblər.
 
Salyanın keçmiş icra başçısı Ədalət Yusibov rayon sakinlərinin Tahir Kərimova qarşı narazılıqlarının son dövrlərdə artdığını bildirdi: “Yerli rəhbərin kim olmasından asılı olmayaraq, hansısa bir dəyişikliyin olacağına inanmıram. Çünki problemlərin həlli mərkəzin əlindədir. Bütün rayonlarla yaşanan problemlər demək olar ki, eynidir. İcra başçısının insanlara münasibəti belə məsələlərdə ciddi rol oynayır. Bütün respublika ərazisində icra başçılarından ciddi narazılıq var. O cümlədən Tahir Kərimovdan  narazılıq açıq müstəviyə keçmişdi. Rayonda haqsızlıq hökm sürür, insanlar üzərində basqı var idi. Ola bilsin ki, yeni icra başçısı Tahir Kərimovun səhvlərini təkrarlamasın, onun etdiklərini etməsin. Əhalinin qazancı yalnız bu ola bilər. Başqa bir dəyişikliyin olacağına inanmıram”.
 
Müsavatın Salyan təşkilatının sədri Nizami Osmanuşağı T.Kərimovun rayonda yüngülvari abadlıq işləri apardığını qeyd etdi: “Rayon sakinləri Tahir Kərimovun işindən ciddi narazı idilər. Ona qarşı daim mənfi münasibət oldu. Yeni icra başçısının necə olacağını zaman göstərəcək. Siyasi mənada Salyanın icra başçıları heç vaxt müxalif partiyaların rəhbərlərini yaxına buraxmırdılar. Sevindik müəllimin necə işləyəcəyini görəcəyik. Amma deyim ki, onun tərifi özündən qabaq gəlib”.
 
Cəbrayıldan olan tanınmış vəkil Adəm Məmmədov bütün cəbrayıllıların Mahmud Quliyevdən narazı qaldıqlarını söylədi: “O, insanlarla davranışlarını bilmirdi. Dəfələrlə etiraz etmişəm ki, belə davranış tərzi olmaz. Fəaliyyəti və davranışlarından qətiyyən razı olmamışam. Cəbrayıl bəlkə də məcburi köçkünləri olan rayonların arasında sosial vəziyyətinə görə ən geridə qalan rayondur. Bunun səbəbkarları Mahmud Quliyev və Aslan Şahverdiyevdir. Bunlar fəaliyyətsiz insanlar olublar. Ölkə başçısının qərarı ədalətlidir. Ümid edirik ki, rayonumuza şəxsi keyfiyyətləri, işgüzarlığı ilə seçilən bir şəxs rəhbər təyin olunacaq. Son 16 ildə rayonumuzun ciddi problemləri yaranıb. Deputatlığa namizəd olanda bəzi ərazilərdə görüşlər keçirdim. Elə yerlər var idi ki, oralara Mahmud Quliyevin ayağı belə dəyməmişdi. O, rayonda yalnız intriqalar yaratmaqla məşğul idi. Rayonu tayfalara bölmüşdü. Bu şəxs gerizəkalı icra başçısı kimi insanların yaddaşında qaldı”.
 
Müsavatın Laçın təşkilatının keçmiş sədri Raqif Kərimli Akif Səlimovun fəaliyyətindən razı qalmadıqlarını qeyd etdi: “Laçının problemləri uzun illərdir davam edir. İcra başçısının dəyişməsi ilə problemlərin həll olunacağını düşünmürəm. Laçınlılar qədər problemləri olan ikinci bir bölgə tanımıram. Gələn bir iş görəcəksə, çıxarılan icra başçısının, demək, getməsi lazım idi”. Musavat.com

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın