Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Müşviqin sökülmüş heykəli bərpa edildi, adına park salındı – REPORTAJ, FOTOLAR

Müşviqin sökülmüş heykəli bərpa edildi, adına park salındı – REPORTAJ, FOTOLAR

Bir müddət öncə Azərbaycanın məşhur şairi, repressiya qurbanı Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı müzakirələr gedirdi.

İş o yerə çatmışdı ki, prezidentdən tutmuş, müxtəlif şəxslər, rəsmi qurumlara qədər hər kəs məsələyə qarışmalı olmuşdu. Şairin heykəlinin sökülməsinə görə hətta bir neçə şəxs işdən azad edildi.

Həmin günlərdə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza danışarkən bildirmişdi ki, heykəl heç bir zərər görmədən ərazidən götürülüb və yerinə qaytarılacaq: “Quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində şairin adına layiq daha böyük yaşıllıq parkı salınacaq, büst də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Biz büstü ona ziyan vurmadan götürmüşük. Əgər büstə toxunmasaydıq, təmir işləri zamanı o zərər görə bilərdi. Buna görə də biz hər şeyi öncədən nəzərə alıb, heykəli ona zərər vurmadan ərazidən müvəqqəti olaraq götürdük”.

Qurum sözçüsünün dedikləri artıq yerinə yetirilib. Yasamal rayonunda İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində yerləşən Azərbaycanın şairi Mikayıl Müşviqin büstünün yerləşdiyi park yenidənqurmadan sonra istifadəyə verilib. Park və büstün açılışı şairin 109-cu ad gününə təsadüf edib.

Park “Azəravtoyol” ASC tərəfindən “Sovetski”də aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində tam yeni görkəmdə yenidən qurulub. Parkın ərazisinə yeni oturacaqlar qoyulub, ağac və kol bitkiləri, güllər əkilib, yeni işıqlandırma sistemi qurulub.

Parkın istifadəyə verilməsi mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak ediblər.

Anar Nəcəfli heykəl götürülən zaman medianın bu məsələni qabartmasına, indi isə park haqqında yazılmamasına etiraz olaraq, özünün facebook səhifəsində maraqlı status paylaşıb: “Bir müddət əvvəl şairimiz Mikayıl Müşviq üçün vay-şüvən qoparan bəzi xəbər saytları bu gün onun ad gününün olduğunu görəsən, niyə unudub!? Yoxsa bu cür xəbər vermək reytinq gətirmir deyə “canfəşanlıq” göstərmirsiniz?”

Musavat.com saytının əməkdaşı adıçəkilən parkda olub. Park böyük ölçüyə malik olmasa da, hərtərəfli təmir edilib. Ərazidə yeni güllər əkilib, oturacaqlar qoyulub.

Yasamal sakini Əfruzə Cavadova deyir ki, şairin adına belə bir parkın salınması bütün narahatlığa son qoyub: “Şairin heykəli söküləndə etiraz edənlərdən biri də mən idim. Onsuz da şairlərimizə yetərincə qiymət verilmir. Çoxunun heç heykəli də yoxdur. Heç olmasa, var olanlara toxunulmasın. Buna görə də çox narahat idim. Amma buradan təsadüfən keçəndə gördüm ki, park salınır, çox sevindim. İndi artıq park hazırdır. Çox gözəl iş görüblər. Şeirsevər biri kimi təşəkkür edirəm”.

Parkda diqqət çəkən əsas məqam isə divardakı “Yenə o bağ olaydı” yazısı idi.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın