Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Müsavatdakı bolşeviklər kimlərdir – Novella Cəfəroğludan yeni ittihamlar

Müsavatdakı bolşeviklər kimlərdir – Novella Cəfəroğludan yeni ittihamlar

“Sözüm təkcə Müsavat Partiyasında deyil, müxalifətdə olanların hamısınadır. Deyirdilər ki, Prezident Qarabağı azad etsin, 30 il də otursun öz kürsüsündə. Bir santimetr torpağı ala bilmirdik, bu adam Qarabağı azad etdi. Siz bu gün Prezidenti təbrik etməyəcəksiniz, bəs kimi təbrik edəcəksiniz”. Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Pravda.az-a açıqlamasında belə deyib.

O, Laçının geri alınması münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik etdiyi üçün Müsavat Partiyasının başqan müavini Osman Kazımovun partiyadan kənarlaşdırılması təklifini irəli sürənlərə belə cavab verib: “Ay sizə qurban olum, Osman Kazımov təbrik etməsin, nə etsin? Osman Kazımov Müsavat Partiyasında Novella ilə birlikdə olmayan işləri görüb. Tutulanları buraxmışıq, yüz dəfə döyülmüşük, söyülmüşük. Mənlə Osmandan çox döyülüb-söyülən olmayıb. İstəyirlər, çıxarsınlar. Biz ürəkdə müsavatçıyıq. Mənim yolum Müsavatdan yox, Əbülfəz Elçibəydən gəlir. Müsavatçılıq ürəyimdədir. Çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların ”kruq”una girəcəm. Məni Müsavatdan çıxarsınlar, bəs Müsavatı mənim ürəyimdən çıxara bilərlər? Bir az tolerant olun. Bu, nə bolşevizimdir? Rusun bolşevikləri kimi – “Bizimlə olmayan bizə qarşıdır”. Təbrik də edəcəyik, hər şey də. Adamın Allahı var. Əbülfəz bəyin xanımı rəhmətə gedəndə zəng edib dedim ki,  aparırlar Naxçıvana, qohumları isə gedə bilmir. Mehriban xanım təyyarə verdi. Bəs mən Mehriban xanıma “sağ olun” deməyim? Məni və Osman Kazımovu söyənlər “əldəqayırma” müsavatçıdırlar. Biz əsl müsavatçıyıq. Danışığa da gedəcəyik, tənqid lazım olanda da tənqid edəcəyik. Bu, nə sözdür, bu, nə davranışdır, bu, nə münasibətdir?”

Bəs Müsavatdakı bolşeviklər kimlərdir? Novella Cəfəroğlu bu ittihamları irəli sürməklə, kimləri nəzərdə tutur?

Hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

“Bolşevizm təkcə Müsavatda deyil, bütün müxalifətdə baş verir. Müsavatda həqiqətən çox mədəni, savadlı insanlar var. Lakin aralarında ortalığı qatmağa çalışanlar da var ki, bu da xoşagəlməz məsələdir. Bu son məsələ ilə bağlı Müsavat-da məni yalnız bir-iki nəfər, o cümlədən Səxavət Əlisoy müdafiə etdi. Əlbəttə ki, Müsavat Partiyasından bilirlər ki, illərdir öz sözümü deyirəm və heç bir vaxt öz sözümü geri götürməmişəm. Mən nə müxalifət, nə də hökumət üçün deyil, yalnız dövlət üçün işləməyə çalışan adamam. Mənim üçün ən vacibi vətəndir. Bizim vətənimizin azadlığı Qarabağla bağlıdır və onu Prezidentimiz işğaldan azad edib. Əgər Əbülfəz Elçibəy sağ olsaydı, mən yüz faiz əminəm ki, İlham Əliyevə ”sağ olsun, oğuldur!” deyərdi, çünki onun üçün vacib olan millət, vətən idi. Amma bunu Müsavatdakılar dərk edə bilmirlər. Bizə ərazi bütövlüyümüz lazımdır. Doğrudur, korrupsiya da, haqsızlıq da və digər neqativliklər də var. Amma biz bunu birlikdə çözməli, həll etməliyik. Müsavatda ağıllı insanlar çoxdur və onlar bilirlər ki, nə var, nə yox… Müsavatda kimsə həbs olunanda kimə zəng edirlər? Əlbəttə mənə və Osmana. Yəni bilirlər ki, mən həmişə öz sözümü demişəm və deyəcəyəm də… Mən dövlətin, millətin yanındayam.

Hamımız bilirik ki, Türkiyəni çıxmaq şərtilə, Azərbaycan dörd tərəfdən sıxışdırılır, bir tərəfdən İran, bir tərəfdən Rusiya və sairə. Azərbaycanın yüksək mərtəbəyə qaldırılması, 44 günlük müharibədə qalib gəlməsi əlbəttə ki, çoxlarını qıcıqlandırır, qısqandırır. Baxın, Ukrayna neçə aydır ki, müharibə aparır, amma Azərbaycan 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi, özü də bir erməni mülküsünə toxunmadı. İndi niyə mən Prezidentimə çox sağ ol deməyim? Unutmayaq ki, müharibə dövründə informasiya blokadasını məhz Prezidentimizin özü qırdı. Bütün dünyaya göstərdi ki, bir prezident dövlətinin necə müdafiə edə bilər. Qurban olum, axı bütün bunlar hamımızın gözü önündədir və bunu inkar etmək olmaz ki… Hamımız- müxalifətli-iqtidarlı televizorun önündə əyləşib, həyəcanla izləyirdik ki, Prezidentimiz kiminlə görüşüb, kiminlə danışır, nə deyir? Mənim xaricdə yaşayan qohum-əqrəbalarım da deyirdi ki, Prezidentimiz necə gözəl danışır, necə gözəl Azərbaycanı müdafiə edir. İndi, sizcə, demokratiya deyən ölkələr İlham Əliyevin hakimiyyətdə qalmasını istəyir? Əlbəttə ki, yox, onlar çox qısqanclıqla yanaşırlar. Bu adam prezident ekstremal vəziyyətdə necə olmalıdır, onu dünyaya göstərdi. 15 il bunun üçün hazırlıqlar edib. Bunu  görməmək olar? Gəlin, dialoqa gedin, Azərbaycanı ağır vəziyyətdən çıxartmaq üçün birlikdə iş görün, birləşin. Hamımız bilirik ki, bu gün Azərbaycan ağır vəziyyətdədir, hər tərəfdən təzyiqlər var, bilmirik başı indi Ukrayna müharibəsinə qarışan Rusiya sabah bizim üçün hansı mövqedə olacaq və sairə.

Bu gün dünyanın gözü Zəngəzur dəhlizindədir. Zəngəzur dəhlizi Azərbaycanı lap ucalara qaldıracaq. Lakin buna mane olmaq istəyənlər var. Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də lazımlıdır, onların ölkələrə birbaşa çıxışı olacaq, ən əsası Azərbaycan və Ermənistanın təhlükəsizliyi təmin olunacaq, iqtisadi vəziyyət yaxşılaşacaq. Çox istəyirdik ki, Zəngəzur dəhlizi ilə bağlı bir forum keçirək. Hətta bu barədə xaricdə olan bir neçə akademikə, ziyalılara da müraciət etmişik, onlar da ikiəlli bu cür forumun keçirilməsini istəyir.

Beləliklə, iqtidarlı-müxalifətli birgə Zəngəzur dəhlizinin açılması üçün çalışmalıyıq. Biz hələ bilmirik, bizə zərbə hansı tərəfdən gələcək, hər an buna hazır olmalıyıq.

 – Bundan əvvəl də, yəni İsa Qəmbərin partiya sədri olduğu zamanlar da iqtidarın bəzi addımlarına müsbət rəy bildirənlər hədəfə götürülürdü, tənqid olunurdu. Bu dözümsüzlük haradan qaynaqlanır? Ümumiyyətlə, İsa Qəmbərin hazırda bu məsələlərə mövqeyi necədir?

 – Əlbəttə ki, tənqidlər olmalıdır, çünki hamımız bilirik ki, bu gün də korrupsiya, özbaşınalıqlar var. Əgər ay müxalifət, siz iqtidarla işbirliyi qursanız, məqsədimizə nail olarıq. İşbirliyi deyən kimi deyirlər ki, iqtidardan pul alırlar, bu cür deyir.İqtidarla normal, dialoq dilində danışıb, desələr ki, “biz necə ki, qələbəyə gedəndə səninləydik, indi də səninləyik”, problemlər həll olunar. Lakin deyim ki, iqtidar da bu yöndə addımlar atmalıdır, istər televiziya vasitəsi ilə, istərsə də digər vasitələrlə müraciətlər etməlidir. Doğrudur, hər iki tərəfdən kimlərsə danışır, məsələn, İsa Qəmbər sosial şəbəkədə nəsə yazır, iqtidardan kimsə televiziyada danışır, amma ortada istilik yoxdur. Vətənini sevən ancaq bu yolla getməlidir ki, bu yol hamımızı məqsədə gətirib, çıxartsın.

O ki qaldı İsa Qəmbərin mövqeyinə, xatırladım ki, Qarabağ məsələsində o, Prezidentə öz təbrikini bildirib. Yəni İsa Qəmbər bu məsələyə normal yanaşır. Amma axı İsa Qəmbər indi partiya sədri deyil. O ki qaldı mənə, partiyadan heç kim mənə zəng edib nə pis, nə də yaxşı söz deyib. Lakin partiyada özümə qarşı normal münasibət Osmandan, bir də Səxavət Əlisoydan görmüşəm. Kənardan isə məni müdafiə edənlər çoxdur.

– Arif Hacılı 2014-cü ildən Müsavat Partiyasının başqadır. Onun 8 illik fəaliyyəti sizi qane edirmi?

 – Sözün düzü, Ariflə yüz ilin dostuyuq, həmişə birlikdə çalışmışıq, yaxşı oğlandır. Amma onu deyə bilərəm ki, Müsavat Partiyasının irəli getdiyini görmürəm. Bəli, onlar öz ideyasında  qalırlar, lakin axı o ideyanın dəyişməsi var da, amma bu dəyişmə yolu hələ görünmür. Cəmiyyətə, mühitə inteqrasiya məsələsi var, amma mən bu gün heç bir partiyanın inteqrasiya siyasətini görmürəm. Yalnız bir-iki gənc partiya var ki, onlarda müəyyən qədər irəliləyiş müşahidə olunur. Görünür ki, nəsə edir və yaxud etməyə çalışırlar. Məsələn, müşahidə edirəm ki, müəyyən gənclər var idi ki, Turan məsələsini qaldırmışdı, artıq onlar gedib görüşlər, danışıqlar keçirirlər. Həmçinin elə partiyalar var ki, onlar şəhid ailələri ilə görüşür, onların uşaqlarının problemlərini qaldırırlar. Lakin Müsavatda və yaxud digərlərində bunu görmürəm.

– Heç kimə gizlin deyil ki, Müsavat Partiyası əvvəlki nüfuzunda deyil. Nə vaxtsa bu partiyanın əvvəlki nüfuzunun bərpa olunacağına inanırsınızmı? Və əgər bu baş verərsə, partiya rəhbərliyində təmsil olunmaq istərdinizmi?

– İnanıram ki, bu baş verəcək. Çünki Müsavatda xeyli sayda ağıllı gənclər, işləyənlər var. Əlbəttə ki, artıq əvvəlki nüfuz bərpa olunmalıdır, buna çalışmalıdırlar. Əks təqdirdə, Müsavat artıq cılız, adi bir partiyaya çevriləcək. Beləliklə, müəyyən addımlar atmalı, iş görməlidirlər. Lakin iş bu o demək deyil ki, nəyisə tənqid edib, dağıtsınlar. Yalnız işlə önə getməlidirlər. Amma qlobal bir məqsədi qabağa qoyub, hansısa addımlar atılmasını müşahidə etmirəm. Məqsəd yalnız hakimiyyətə gəlmək olmamalıdır, hansı ki, bu gün partiyalar yalnız buna çalışır. Lakin bugünkü vəziyyəti düşünüb, birləşmək, bir yerdə işləyib, Azərbaycanı bəlalardan qurtarmaq lazımdır. Partiyaların bu gün devizi yalnız bu olmalıdır. Baxın, bu gün qazilər özlərini yandırır, intihar edir. Hökumət onlara yetərincə yardım edir, dəstək göstərir, onların qayğısına qalır. Lakin hamımız bilirik ki, qazilər müharibədən çıxmış, müharibənin dəhşətlərini görmüş, travmalar qazanmış oğullarımızdır. Onların  reabilitasiyası, daim psixoloji dəstək alması mütləq lazımdır, vacibdir. Bu gün bu yöndə işlər görmək lazımdır.  Həmçinin şəhid ailələrinə gedib, onların problemlərini dinləmək, söhbət aparmaq lazımdır. Partiyalar bunu etsələr, çox uca bir zirvədə duracaqlar.

Həmçinin bu gün  Turan uğrunda iş görməsələr, heç nə əldə etmək olmayacaq. Bəzən mənə deyirlər ki, bu utopiyadır, mən isə cavablarında deyirəm ki, ötən əsrin 60-70-ci illərində  Əbülfəz bəy bizə deyəndə ki, bu rus imperiyası dağılacaq, biz buna gülüb deyirdik ki, onun başı xarab olub. İndi də Turan məsələsini deyəndə bəziləri bizə gülür. Doğrudur, bizim ölkədə talış da, kürd də, digər etnik qruplar da yaşayır və onlar bu vətən üçün canlarını da fəda edirlər. Məsələn, 44 günlük müharibədə biz bunu gördük. Lakin hamımız Turan bayrağı altında birləşməliyik. Əbülfəz bəy deyirdi ki, Turan olsa Gürcüstan və Ermənistanı da ora qatmaq olar. Yəni Turanı qura bilsək, bu qədər böyük zirvəyə nail ola bilərik.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …