Ana səhifə / Siyasət / Müdafiə Nazirliyinin hərbi qulluqçuları iki yaşlı Zəhranın 40 mərasimində iştirak edib

Müdafiə Nazirliyinin hərbi qulluqçuları iki yaşlı Zəhranın 40 mərasimində iştirak edib

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib.

Erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasim iştirakçılarına əməkdar incəsənət xadimi Abdulla Qurbaninin “Məsum Zəhra” elegiyası təqdim edilib (sözləri A.Qurbaniyə, bəstəsi isə Fərahim Qulubəyliyə aid olan elegiya Əməkdar Artist Cahangir Qurbanovun ifasında lentə alınıb).

Zabitlərdən Elşad Əbilov, Yaşar Səfərov, Seymur Həbibullayev, Əməkdar Jurnalist, “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Rəşid Faxralı və başqaları çıxış edərək Ermənistan silahlı bölmələrinin intensiv olaraq mövqelərimizi, eləcə də yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, dinc əhalinin həlak olmasının beynəlxalq qanunlara sığmadığını qeyd ediblər. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi heç vaxt dinc əhaliyə atəş açmır, düşmən atəşləri vaxtında susdurulur, təxribatların qarşısı qətiyyətlə alınır.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi “Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı” sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib.

Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərər çəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.

A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri: balaca Zəhranın xatirəsinə həsr olunmuş “Erməni təcavüzünün qurbanları: məsum körpələr” kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan “Məsum Zəhra” qısametrajlı sənədli filminin təqdimatı keçiriləcəkdir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın