Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / MTN rəhbəri postuna yeni namizəd – Fikrət Məmmədov…

MTN rəhbəri postuna yeni namizəd – Fikrət Məmmədov…

10 gün əvvəl, Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmasından sonra bu mühüm posta kimin təyin ediləcəyi siyasi kluarlarda və ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biridir.

Məlum olduğu kimi, Eldar Mahmudov nazir vəzifəsindən götürüləndən sonra MTN-in strukturunda dəyişiklik olunub, 1-ci müavin postu yaradılıb və həmin posta Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev gətirilib.

Hazırda M.Quliyevin nazir postuna təyin ediləcəyi haqda mediada kifayət qədər məlumatlar dolaşır. Ancaq bir məsələ var: əgər prezident onu nazir təyin etmək istəsəydi, MTN-in strukturunda dəyişiklik edilməsinə, 1-ci müavin postu yaradılmasına ehtiyac olmazdı.

Qeyd edək ki, 2011-ci ildə general Əli Nağıyev Eldar Mahmudovla konflikti üzündən MTN-dəki müavin postundan uzaqlaşdırılan vaxt onu Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müavin postuna təyin etdilər. Bu təyinatdan 2 gün əvvəl isə idarənin strukturunda dəyişiklik edilmişdi. Dəyişikliyə qədər idarənin strukturunda rəisin bir müavini olacağı nəzərdə tutulurdusa, dəyişiklikdən sonra bir neçə müavin postu nəzərdə tutulurdu. Bu baxımdan struktur dəyişikliyinə gedilməsi ölkə rəhbərliyinin digər planının olduğu qənaətini formalaşdırır.

Bu gün yeni təhülkəsizlik nazirinin kimin olacağı sualı aktualdır.

Mətbuatda indiyədək bu posta təyin edilə biləcək generalların adları çəkilib. Bu sırada kölgədə qalan, amma daha çox şansı olanlardan biri də ədliyyə naziri Fikrət Məmmədovdur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, F.Məmmədovun milli təhlükəsizlik naziri postuna təyinatı məsələsi nəzərdən keçirilir. Buna qədər ən şanslı namizədlər aşağıdakı ardıcıllıqla sıralanırdı.

1. 2011-ci ildə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin olunmuş general Əli Nağıyev;

2. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev;

3. Daxili işlər nazirinin müavini, polis general – leytenantı Vilayət Eyvazov;

4. General Məhərrəm Əliyev – Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri;

5. Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə;

6. General Vəli Ələsgərov – Naxçıvan MR-in milli təhlükəsizlik naziri;

7. General Elçin Əliyev – milli təhlükəsizlik nazirinin müavini.

Bütün bu namizədlərin içində Fikrət Məmmədovu daha şanslı edən bir neçə faktor var. Onlardan biri ədliyyə nazirinin adının korrupsiya qalmaqallarında çəkilməməsi, odioz oliqarx kimi ad çıxarmamasıdırsa, biri də dövlət başçısına qohumluq telləri ilə bağlı olması və şəxsi sədaqət məsələsidir.

O da mümkündür ki, prezident İlham Əliyev heç kimin ağlına gəlməyən, heç kimin gözləmədiyi bir şəxsin adı üzərində dayansın. Milli təhlükəsizlik naziri postuna sırf prezidentə bağlı olan bir şəxsin gətiriləcəyi də sirr deyil.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın