Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / «MTN işi» Yavər Camalova da təhlükə yaratdı – Müdafiə sənayesi naziri istintaqa cəlb edilə bilər

«MTN işi» Yavər Camalova da təhlükə yaratdı – Müdafiə sənayesi naziri istintaqa cəlb edilə bilər

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin digər nazirliklərə də sirayət etməsi cəmiyyətdə şok effekti yaradıb.

Bununla yanaşı, MTN-nin vəzifədən kənarlaşdırılan və həbs olunan rəhbər şəxsləri ilə bu və ya digər təmasları olan məmurlar da narahat olmağa başlayıblar. Qeyd edək ki, bu günə kimi “MTN işi” ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) işdən çıxarılanlar və həbs olunanlar var. Amma bu prosesin digər nazirlikləri də əhatə edəcəyi bildirilir. Bu barədə «Reytinq» qəzeti ciddi mənbələrə istinad edərək yazib ki, telefon dinləmələri ilə bağlı araşdırma başa çatdıqdan sonra MTN-lə bu və ya digər şübhəli təmasları olan məmurlara növbə çatacaq.

Azinforum.az  “Reytinq”ə istinadən xəbər verir ki, RYTN-i ilə bağlı araşdırmalar tamamilə bitəndən sonra Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxslərinin MTN-dəkilərlə şübhəli əlaqələri araşdırılacaq: «Əslində, Müdafiə Sənayesi Nazirliyi elə bir sahədir ki, təhlükəsizlik orqanlarının bu qurumla təmasları normaldır. Çünki bu nazirliyin fəaliyyətinin böyük hissəsi dövlət sirridir və burada araşdırma aparmaq ücün hər orqana icazə verilmir. Bu qurumdakı hər hansı qanunsuzluq və cinayət hadisəsi də MTN əməkdaşları tərəfindən araşdırılır”.

Qəzet 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiə Sənayesi Nazirliyinin anbarından külli miqdarda titan oğurlayan şəxslərin yaxalanmasına, nazirliyin “Sənayecihaz” Elm-İstehsalat Birliyinin anbarından 630 kiloqram “Titan S-300” markalı xammalın oğurlanması faktı üzrə oğurluq hadisəsini törətmiş həmin istehsalat birliyinin mühafizə əməkdaşları – Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov və bu xammalın satıldığı Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakkinin də saxlanılmasına diqqət cəkib: “MTN-nin apardığı əməliyyat-axtarış tədbirləri zamanı digər qanunsuz məqamlar da ortaya çıxıb. Amma Y.Camalov o zaman nazir E.Mahmudovla “dil” taparaq, məsələnin böyüməsinin qarşısını alıb. Daha dəqiqi, bu prosesə Müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Müsayev MTN-dəki «dostlar»ı vasitəsiylə müdaxilə edərək, problemi yoluna qoyub. Belə demək mümkündürsə, MTN rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyinin ilk «centlmen sazişi» bu tarixə dayanır. Amma deyəsən, MTN ətrafında baş verənlər bu «saziş»in üzərinə də işıq salır və yaxın müddətdə bu ilişgilərin ortaya çıxacağı qaçılmazdır». Qəzet iddia edir ki, MTN-lə əsas əlaqələr Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun «qara qutusu» sayılan Yəhya Musayev tərəfindən qurulub. Nazirliyə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsi, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsi də iddia olunur: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır”. Bu iddiaların əsassız olmadığını sübut edən məqamlardan biri də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərə məxsus, onların ailə üzvləri tərəfindən idarə edilən böyük biznes şəbəkələrinin mövcudluğu göstərilir. Yəhya Musayevin də Türkiyədə biznes şəbəkəsinin olduğu iddia edilir: “Bu biznesin idarəçisi isə nazir müavinin Ilqar adlı qaynıdır”.

“Reytinq” həm də iddia edir ki, müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitləri mənimsənilir, yeni alınan avadanlıqların qiymətləri şişirdilir. Bu prosesdə isə Yəhya Musayevin “böyük xidməti”nin olduğu bildirilir: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”. Məlumata görə, müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün dövlət başcısı tərəfindən verilən sərəncamdan Müdafiə Sənayesi Nazirliyinin bəzi rəhbər şəxsləri sui-istifadə edirlər: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradırdı. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsədlər üçün istifadə etdi. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdırılərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu da göstərilir. Halbuki yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır. Bu da onu göstərir ki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib». Qəzetin iddiasina görə, həm korrupsiya və rüşvətxorluq halları, həm də MTN-nin həbsdə olan generalları ilə şübhəli əlaqələr nazir Yavər Camalovla yanaşı onun müavini Yəhya Musayevi də hakim elitanın hədəfinə gətirib. Artıq nazir də daxil olmaqla, MSN-nin bəzi şəxsləri ilə bağlı araşdırma başlayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın