Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mitinqin zəruriliyinə siyasilərin fərqli baxışı…

Mitinqin zəruriliyinə siyasilərin fərqli baxışı…

Fəzail Ağamalı: “Mitinqi keçirmək üçün ciddi əsaslar və sosial sifariş olmalıdır, mən Azərbaycanda bu amilləri görmürəm”


Səxavət Soltanlı: “Hakimiyyət hesab edir ki, ölkədə islahat gedir, mühüm problemlər həll olunur, onda icazə versinlər”

Bakı meriyası Milli Şuranın və Müsavat Partiyasının mitinqlə bağlı müraciətlərinə cavab verib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib ki, həm Müsavat Partiyasına, həm də Milli Şuraya mitinqlə bağlı “yox” deyilib.

Qeyd edək ki, Müsavat Partiyası aprelin 7-də, saat 15:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırmışdı. Milli Şura isə aprelin 6-da, saat 15:00-dan 17:00-dək eyni məkanda mitinq keçirməyi nəzərdə tutmuşdu.

Bakı meriyası Milli Şuranın və Müsavat Partiyasının nümayəndələrini mitinqə icazə verilmədiyi barədə məlumatlandırıb.

Hazırda hakimiyyətin bir çox sahələrdə ciddi islahatlar apardığı nəzərə çarpır. Sosial-iqtisadi sahəni əhatə edən islahatlar paketi böyük əhali kütləsini əhatə edir. Xüsusilə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın mövqeyi xeyli güclənib. Danışıqlardan boyun qaçıran Ermənistan masaya əyləşdirilib. Ermənistan rəhbərliyinin danışıqlar formatını dəyişmək kimi cəhdləri tam fiaskoya uğramış oldu. Belə şəraitdə hansısa tələblərlə mitinq keçirməyə ehtiyac varmı?

Hakimiyyətin kursunu dəstəkləyən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, indiki şəraitdə hansısa mitinqin keçirilməsinə zərurət görmür: “Azərbaycan demokratik ölkədir. Hər bir siyasi qurumun fikirlərini ifadə etmək kimi söz demək, sərbəst toplaşmaq azadlıqları var. Bütün bu azadlıqlar Konstitusiya ilə qorunur və müvafiq qanunlarla tənzimlənir. Formallıq xatirinə mitinq keçirmək, lazım olan sayda adam toplaya bilməmək istənilən siyasi qurum üçün başucalığı gətirmir. Hazırda Azərbaycan çox həssas məqama qədəm qoyur. Ermənistan öz işğalçılıq siyasətini açıq şəkildə həyata keçirmək istəyir. Azərbaycana qarşı yeni təhdid bəyanatları səsləndirilir. Dünyanın aparıcı dövlətləri Ermənistanın müharibəyə çağırış ritorikasına lazımi cavab vermirlər. Belə şəraitdə Azərbaycandakı qüvvələrin daha da sıx birləşməsinə zərurət yaranır. Eyni zamanda, sosial təminatı zəif olan təbəqəyə yönəlik islahatlar get-gedə dərinləşir. Ölkə başçısı bununla bağlı müvafiq fərmanlar verir”.

F.Ağamalıya görə, ölkəmizin bu uğurlu siyasətini istəməyən qüvvələr hərəkətə keçirlər: 

“Belə bir situasiyada ayrı-ayrı xarici ölkələrə bağlı olan və kifayət qədər reputasiyaları zədəli olan siyasi dairələr ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Bu, təhlükəli xarakter də ala bilər.  Hesab edirəm ki, Bakı meriyası mitinqə icazə verməməkdə tam haqlıdır. Bunu mənim sadaladığım və bilmədiyim başqa səbəblərlə izah etmək olar. Fikir verdinizsə “Diqlas”da baş verən yanğından sonra Milli Şura və digər radikal qüvvələr dərhal mitinq keçirmək qərarını verdilər. Məqsəd tam bəlli idi – həmin narazı sahibkarları prosesə cəlb etmək. Amma Azərbaycan hakimiyyəti ziyan dəyən sahibkarların yanında oldu. Yekun olaraq demək istəyirəm ki, mitinqi keçirmək üçün ciddi əsaslar və sosial sifariş olmalıdır. Mən Azərbaycanda bu amilləri görmürəm”.

Mitinq keçirmək istəyən müxalif Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hətta ölkədə islahatlar getsə belə, mitinq keçirmək olar: “Biz bunu dünyanın inkişaf etmiş ölkələrində də görürük. Azərbaycandan qat-qat yaxşı irəliləyişlərə imza atan ölkələrdə niyə mitinqlər olur? Hesab edirəm ki, Azərbaycanda islahatlar aparılsa belə, kifayət qədər həlli mühüm olan problemlər var. Biz bunu keçirmək istədiyimiz mitinqin şüarlarında da qeyd etmişdik. Siyasi məhbusların azad edilməsini, söz və mətbuat azadlığının tam təmin olunmasını, məhkəmə sistemində islahatların aparılmasını tələb edirdik. Hesab edirik ki, hökumət deyilən istiqamətlərdə problemlərin həllinə başlasa belə, bu, mitinqə icazə verilməməsi üçün əsas ola bilməz. Hakimiyyət hesab edir ki, ölkədə islahat gedir, mühüm problemlər həll olunur, onda icazə versinlər. Məntiqlə həmin vaxt mitinqə adam gəlməməlidir. Narazı adamlar isə gələcək. Bununla ölkədəki islahatların hansı effekt verdiyini müəyyənləşdirmək olar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …