Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu iddia edib, hətta müsahibələrində və çıxışlarında bildirir ki, 90-cı illərdə hər kəs Heydər Əliyevə salam verməyə qorxanda, o daim ümumilli liderin yanında olub.

Mərhum akademik Cəlal Əliyevin sağlığında verdiyi və sosial şəbəkələrdə yeni yayımlanan müsahibəsində dedikləri isə Elmira Axundovanın ulu öndər Heydər Əliyevə heç də iddia etdiyi kimi dəstək vermədiyini, sadəcə olaraq, özünü “dəstək verən kimi” göstərərək xal qazandığını sübut edir.

Eyni zamanda, Elmira Axundovanın iddialarını da deşifrə edir. Elmira Axundovanın əsas iddialarından biri budur ki, Heydər Əliyev Moskvadan Bakıya gələndə hava limanında onu qarşılayıb. Cəlal Əliyev isə Elmira Axundovanın yalan danışdığını əsaslandırır. Bildirir ki, Heydər Əliyevi hava limanında o və Rəfael Allahverdiyev qarşılayıb:

“Aeroportda təxribatçı qruplar var idi. Heydər Əliyev təyyarədən enən kimi maşına mindirdik. Maşında Heydər Əliyev, mən, Rəfael Allahverdiyev və Adil adlı sürücü var idi. Yolda qarşımızı kəsmyə çalışsalar da, planları baş tutmadı. Evə gəldik. Sabah Heydər Əliyev Şəhidlər Xiyabanına getdi, daha sonra Naxçıvana getdik. Heydər Əliyevi qarşıladıqlarını, dəstək verdiklərini iddia edirlər. Elmiranın yazdıqları yalandır. Sən hava limanına gəlmişdinsə, niyə bir gün sonra Şəhidlər Xiyabanında Heydər Əliyevi müşayiət etmədin? Fırıldaqçıdırlar. Heydər Əliyevi yalnız üç nəfər qarşılayıb, mən, Adil adlı sürücü və Rəfael Allahverdiyev”.

Heydər Əliyev irsinin araşdırıcısı, bu haqda 20 kitab müəllifi olan Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “ Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, deyilən vaxtda doğrudan da ölkəmizdə ağır vəziyyət olub: “Ölkə siyasi lider çatışmazlığından əziyyət çəkirdi. Bütün xalq Heydər Əliyevin ölkəyə qayıtmasını istəyirdi. Ancaq həmin vaxt Azərbaycana rəhbərlik edən şəxslər onu möhkəm qısqanırdılar. Hətta ondan Moskvaya donoslar yazırdılar. Həmin vaxt Heydər Əliyevi müdafiə etmək risq tələb edirdi. Hər adam buna cəhd etmirdi. Ancaq etiraf edək ki, həmin vaxt belə addımları atanlar olub. Sonradan bu mövzuda manipulyasiya edənlər də az olmadı. Vəzifə, var-dövlət əldə etmək üçün bacardıqları yalana, yaltaqlıqlara əl atdılar. Elmira Axundovanın da fəaliyyətini həmin siyahıya aid edirəm. Təəssüf ki, bizim ölkədə bu tip adamlar haqqı olanlardan daha yaxşı yaşamağı bacarır. Bir vaxtlar Heydər Əliyevə parlamentdə çıxış etməyə imkan verməyən, ayaqlarını yerə döyənlərdən də hazırda yüksək vəzifədə olanlar var. Onlar tarixi faktları təhrif edərək, özləri haqda yalanlar uydurmaqla belə vəziyyətə gəliblər. Baxın görün Heydər Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olan 91-lər hardadır, Elmira Axundova harda? Cəlal Əliyevin məlum müsahibəsini mən də izləmişəm. O, konkret faktlara əsaslanaraq Elmira Axundovanın tarixi təhrif etdiyini söyləyir. Ən pisi budur ki, Elmira Axundova bu yalanları müəllifi olduğu əsərlərdə qeyd edib. Ona görə də, buna tarixi təhrif etmək adını verirəm. Bu, olduqca zərərli tendensiyadır. Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin. Biz Heydər Əliyevin Moskvadan gələndə qarşılanmağı səhnəsi ilə bağlı çox söhbətlər eşitmişik. Elmira Axundovanın özündən başqa onun orada olduğunu iddia edən başqa adama rast gəlməmişəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …