Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “Prezidentin səsləndirdiyi bu fikirlər dəqiqdi, təmizdi və onun yerinə yetirilməsi məsuliyyət tələb edir”

Mirkazım Seyidov: “Prezidentin səsləndirdiyi bu fikirlər dəqiqdi, təmizdi və onun yerinə yetirilməsi məsuliyyət tələb edir”

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı deyib ki, ölkə başçısı kimi verdiyi bütün sözlərin arxasında dayanıb:

“İlk növbədə demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm. Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər onları ya unudur, ya da özlərini elə aparırlar”.

Dövlət başçısı bildirib ki, biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük:

“Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var”.

Siyasətçi üçün vacib sayılan bu xüsusiyyət dünyada çox, yoxsa az sayda dövlət başçılarında var? Siyasətçidə bu xüsusiyyətlərin olması hansı üstünlükləri vəd edir?

Heydər Əliyev irsinin araşdırması üzrə çoxlu sayda əsərin müəllifi, siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezidentimiz  son müsahibəsində olduqca vacib məqamlara toxunub: “Əlbəttə, beynəlxalq siysasi arenada siyasətçi üçün vacib sayılan məqamlardan biri də ölkə başçısının verdiyi sözü unutmaması və arxasında dayanaraq onu həll etməsidir. İlk növbədə demək istəyirəm ki, belə hallar beynəlxalq siyasi arenada o qədər də çox deyil. Çox siyasətçi olub ki, verdiyi sözə əməl edərək onun arxasında dayana bilib. Prezidentin söz verib onun arxasında dayanması və sözünü unutmaması onun harizmasının formalaşmasını və yüksəlməsini möhkəmləndirir. Bu xüsusiyyət Prezidentin harizması deməkdir. Əlbəttə ki, nadir siyasətçilərdən, dövlət başçılarından danışsaq, nadir tarixi şəxsiyyətlərə xas olan xüsusiyyətdir. Xüsusilə də, nadir şəxsiyyət saydığımız ulu öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdə harizma qazanmasının bir xüsusiyyəti də ondan ibarətdir ki, o, siyasi arenada verdiyi sözü heç vaxt yadından çıxarmırdı, onun yerinə yetirilməsini, tam şəkildə həllini tapmasını təmin edə biləcək bir prezident idi. Ona görə də, bu özü çox gözəl, hər kəsə nəsib olmayan bir xüsusiyyətdir. Siyasi arenada söz verib yerinə yetirmək digər tərəfdən də onun yaddaşının daha da itiləşməsinə, daha da inkişafına nail olmaq deməkdir. Yadınızdadırsa, Heydər Əliyev bəlkə də illərlə ictimaiyyətdə  olmayan bəzi hadisələri gördükcə, həmin hadisəni olduğu qədər təsvir etməyi bacarırdı, hətta necə həll etdiyini də aydın ifadə edirdi. Bu onun düzgün yaddaşından xəbər verirdi. Belə bir xüsusiyyətdə olan adamlar özləri zamanı qabaqlaya bilirlər və müdrikləşiblər. Ona görə də bu çox vacib amildir dövlət başçısı üçün. Əlbəttə ki, bizim Prezidentimizdə də bu özünü göstərir. Biz bunun mütəmadi olaraq şahidi də olmuşuq. Ona görə də qısa olaraq cavab verirəm ki, bu çox gözəl keyfiyyətdir. Xüsusilə dövlətlərarası menasibətlərdə söz verib arxasında dayanmaq çox böyük məsuliyyət tələb edir. Çünki dövlətlər səviyyəsində ölkə başçısının verdiyi söz tam şəkildə o dövlətin, xalqın maraqlarına, dövlətin maraqlarına xidmət etməlidir. Eyni zamanda, verilən sözün müqabilində məsələnin icrası öz dövlətinin, xalqının xeyrinə səsləndirilməli və yerinə yetirilməlidir. Buna görə də bu məsələləri xüsusi analizlərlə də təhlil etsək, son nöqtədə ona gəlib çıxırıq ki, Prezidentin səsləndirdiyi bu fikirlər dəqiqdi, təmizdi və onun yerinə yetirilməsi məsuliyyət tələb edir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …