Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə keçirdiyi brifinqdə Respublika Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko avropalı müşahidəçilərin Ermənistan sərhədində olmasına qəzəblənib: “Başa düşmürəm, bəlkə kimsə izah edəcək ki, niyə burada vasitəçiliklə məşğul olan Rusiyadan başqa, Avropa İttifaqı və ATƏT də var? Bizim aramızda, müttəfiqlər arasında münasibətlərə daha da təsir etmək üçün? Tarixdə həmişə belə olub. Biz bilirik ki, bu cür “vasitəçilik” nəyə gətirib çıxarır. Onlara regionumuzda sabitlik və əminamanlıq lazım deyil, onların idarə etdikləri dağıntılar lazımdır”.

Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Bu qərar sentyabrın ortalarında regionda baş verən genişmiqyaslı eskalasiyadan sonra qəbul edilib. Avropalı müşahidəçilər Ermənistana gəlib və oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 24-də Strasburqda keçirilən plenar iclasda Avropa Parlamenti səs çoxluğu ilə “Belarusda davam edən repressiyalar haqqında” qətnaməni qəbul edib. Parlament Belarus ərazisindən Ukraynaya təcavüz üçün istifadəni kəskin şəkildə pisləyib və Lukaşenkoya məsuliyyətini xatırladıb:

“Lukaşenko və onunla əlaqəli şəxslər Ukraynada hərbi cinayətlərə görə eyni dərəcədə məsuliyyət daşıyırlar. Onlar beynəlxalq tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidirlər.

Avropa Parlamenti Rusiyanın işğalçı müharibəsinə qarşı Ukraynanı müdafiə edən Kalinovski alayına və digər belarus könüllülərinə dəstəyini ifadə edir, Belarus demokratik müxalifətinin və vətəndaş cəmiyyətinin Belarusun işğal olunmuş və ya de-fakto işğal olunmuş ölkə kimi tanınması ilə bağlı mövqeyini təsdiqləyir, həmçinin Rusiya qoşunlarının Belarus və Ukraynadan dərhal çıxarılması ilə bağlı çağırışlarına qoşulur”.

Biz, faktiki olaraq, Lukaşenkonun Qərb tərəfindən sevilmədiyinin şahidi oluruq. Burada onun Qərbin Ermənistanla bağlı planlarını ifşa etməsi ilə bağlı məqamların da  rolu var. KTMT-nin İrəvanda keçirilən sammitində həmin qurumun nüfuzlu bir üzvü kimi Ermənistanın Qərblə oynadığı ikibaşlı siyasətini açıq mətnlə ifşa etməsi həm də Ermənistanın fiaskosundan xəbər verir. Lukaşenko KTMT adından Ermənistanın planlarına “dur” dedi.

Ermənistan Avropadan gələn müşahidə missiyasının ömrünü  uzatmaqda niyə  bu qədər maraqlıdır?

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu adda müşahidə missiyasının ərazimizdə fəaliyyətinə Azərbaycan razı olmadı: “Ermənistan isə razılıq verdi və həmin missiya fəaliyyətini davam etdirir. Ermənistan ilkin periodda missiyadakı  müşahidəçilərin sayını 10 dəfə artırmaq istəyirdi. Azərbaycan tərəfinin təkidli təzyiqindən  sonra bundan imtina edildi.  Sanki Ermənistan sərhəddə müşahidəçi adı ilə qoşun yığmaq istəyir. Artıq onların erməni  rəsmiləri ilə görüşləri olub, ətraflı fikir mübadiləsi aparıblar. Çox maraqlıdır ki, onlar prosesi Ermənistan tərəfdən müşahidə edirlər. Bunun özünə də şübhələr var ki, bu missiya nə dərəcədə obyektivdir. Çünki bu missiya yalnız bir tərəfin rəsmiləri ilə görüşürsə, onlarda formalaşan fikir də birtərəfli olacaq. Ermənistan bu addımları ilə Rusiyanı prosesdən tam təcrid edib. Rusiya bunu həzm edə bilməz. Necə ola bilər ki, KTMT-nin xarici hüdudlarını NATO monitorinq etsin? Ermənistan KTMT-nin üzvü sayılırsa, deməli, onun sərhədlərinin də həmin təşkilata aidiyyəti var. Avropa İttifaqı  bunu mülki missiya kimi qeyd etsə də,  əslində orada NATO mütəxəsissləridir. Çünki mülki missiyanın bu proseslərdən başı çıxa bilməz. Bu şərti ad ola bilər. Sərhədlə bağlı məsələ ilə mülki missiya necə məşğul ola bilər? Çox böyük ehtimalla, missiyadakı adamların çoxu indiki və ya keçmiş hərbçilərdi. Mahiyyət etibarı ilə bu,  NATO missiyasıdır. Belarus prezidenti bu etirazı ilə həm də Rusiyanın fikirlərini çatdırmış olub. Artıq KTMT-də Ermənistanın satqın imici formalaşıb. Bu, həm də Ermənistanın növbəti fiaskosu anlamına gəlir. Lukaşenko Ermənistanın regiona  kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …