Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “İran və Azərbaycan arasında yaranan problemlərin çoxu…”

Mirkazım Seyidov: “İran və Azərbaycan arasında yaranan problemlərin çoxu…”

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin qonşuları ilə münasibətlərinin sürətli inkişafı haqda danışıb.

O, Tvitter hesabında “inqilab rəhbərinin qonşularla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanatlarına uyğun olaraq” Tehranın mehriban qonşuluq siyasətinin ciddi irəliləyiş əldə etməsindən bəhs edib. Buna misal olaraq Oman sultanının Tehrana səfərini göstərib.

Bəs digər qonşular, məsələn, Azərbaycan, Əfqanıstanla açıq gərginliyin olduğunu niyə qeyd etmir?

Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran rejiminin kifayət qədər yanlışlıqlar üzərində qurulmuş siyasəti bu ölkənin, Ermənistan istisna olmaqla, artıq bütün qonşuları ilə münasibətlərini olduqca gərgin həddə çatdırıb: “Bütün bunlar onu göstərir ki, İran hakimiyyətinin həyata keçirdiyi siyasət onun təklənməsinə gətirib çıxarıb. Qonşuları ilə “sıfır problem” siyasəti yürüdən rəsmi Tehran dünyadan tam təcrid olmaq istiqamətində sürətlə irəliləyir. Ölkə şimaldan Ermənistan, Azərbaycan və Türkmənistan, şimal-şərqdən Əfqanıstan, cənub-şərqdən Pakistan, qərbdən İraq və Türkiyə ilə həmsərhəddir.

İranın Türkiyə ilə Azərbaycana münasibəti bəllidir. Bizi bir-birimizdən seçmədiyi üçün qərəzli münasibət sərgiləyir. Əfqanıstanla sərhəddə hazırda da  atışma gedir. İraqla 8 il müharibə aparıb, yenə də gərginlik mövcuddur. Pakistanı da dini liderlik rəqabətinə görə qəbul etmir. Türkmənistanla münasibətləri normal, Ermənistanla isə əsl qardaşlıq edirlər. Qonşularla mehriban yaşamaq istəyən ölkə bunu yalnız sözdə deyil, həm də əməldə etməlidir. Götürək bizim özümüzü. Əslində bizi İranla bağlayan bir çox ortaq dəyərlər var. Azərbaycan və İran arasında mövcud gərginlik indiyədək söz müharibəsi və hərbi təlimlərlə məhdudlaşsa da, bunun genişmiqyaslı münaqişəyə çevrilə biləcəyi qorxuları var. Belə ki, İranın şimalında, Azərbaycanla sərhəddə xeyli sayda etnik azərbaycanlı yaşayır. İran və Azərbaycan arasında yaranan problemlərin çoxu Azərbaycan və Ermənistan arasında Qarabağda baş vermiş müharibədən qaynaqlanır.

Hər iki ölkə ilə həmsərhəd olan İran hərbi əməliyyatlar zamanı əsasən sakit davranıb, habelə ənənəvi olaraq Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməyə məcbur olub. İranın regional əzəli düşməni olan İsrail Qarabağ müharibəsində Azərbaycanın əsas dəstəkçilərindən biri olub. O, həm də Bakının Rusiyadan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Bütün bu amillər İranı bizə qarşı aqressiv olmağa vadar edir. Ancaq İran mehriban qonşuluq siyasəti axtarırsa ilk növbədə buna Azərbaycanla nail olmalıdır. Azərbaycan İranla münasibətləri normallaşdırmağa hazırdır, ancaq birinci addımı Tehran atmalıdır. Bunun üçün lik addım kimi İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumün araşdırılması barədə Bakıya məlumat verməlidir. Tehran istintaqın gedişi barədə Bakıya məlumat verməyib. Ümumiyyətlə, Tehranın səfirliyə silahlı hücumla bağlı araşdırma aparmadığı barədə görüntü yaranıb. Bunu etmirsə, demək ki, səmimi deyil”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …