Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Milli Məclisin yeni tərkibi gələn həftə təsdiqlənəcək

Milli Məclisin yeni tərkibi gələn həftə təsdiqlənəcək

İlk iclasın dəqiq günü bəlli deyil.

1 noyabr seçkilərinin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən gələn həftə təsdiqlənəcəyi gözlənilir. Bu barədə “Yeni Müsavat”a MSK-dan məlumat daxil olub.

Xəbərdə deyilir ki, Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası qanuna əsasən səsvermə günündən sonra 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir. Bundan sonra isə Konstitusiya Məhkəməsi qanunda nəzərdə tutulan 10 gün müddətində seçkinin nəticələri ilə bağlı öz qərarını verir. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclisin yeni tərkibi ilk iclasını keçirməlidir. Milli Məclisin yeni tərkibdə ilk iclasının bu ayın sonu, gələn ayın ilk günlərində keçirilməsi gözlənilir.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasına ən qocaman deputat sədrlik etməlidir. Həmin deputat yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Yeni tərkibdə Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır (1936-cı il təvəllüdlü). Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o, xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Hazırda isə MSK deputatlığa namizəd olmuş şəxslərin seçkilərlə bağlı şikayətlərinin araşdırılmasını davam etdirir.

MSK həmçinin noyabrın 1-də keçirilən parlament seçkilərində qalib elan olunan namizədlərə deputat vəsiqəsi hazırlanması üçün onların fotolarını toplamağa başlayıb.

Seçki Məcəlləsinin 171-ci maddəsinin I bəndinə əsasən, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edirlər.

Eyni maddənin II bəndində göstərilir ki, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, MSK onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın