Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Milli Məclisin iclasına qatılmayan 2 deputat…

Milli Məclisin iclasına qatılmayan 2 deputat…

Milli Məclisin yaz sessiyası başlayandan bir neçə deputat iclaslara qatılmır. 
Qaynarinfo xəbər verir ki, həmin deputatlar 1 saylı Şərur-Sədərək seçki dairəsindən mandat qazanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov və 42 saylı Abşeron seçki dairəsindən mandat qazanan Oqtay Əsədovdur.


Milli Məclisin yaz sessiyası fevralın 1-dən işə başlayıb. İndiyə qədər 9 iclas keçirilib. İddialara görə, adıçəkilən deputatlar bu iclaslarda görünməyib. 
Vasif Talıbovla bağlı məsələ aydındır. O, hazırda arzuolunmaz şəxs hesab edilir və görünür bu səbəbdən Milli Məclisin iclaslarına qatılmağa da lüzum görmür.  

Oqtay Əsədov 2020-ci ildə keçirilən növbədənkənar seçkilərə qədər parlamentin spikeri olub. Yeni formalaşan parlamentdə isə bu posta layiq görülməyib. Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, Oqtay Əsədovun növbəti dəfə spiker seçilməməsi onun ürəyincə olmayıb və bu baxımdan keçmiş sədr küskün davranış sərgiləyərək parlamentin iclaslarına qatılmır. Görünür, Oqtay Əsədovun küskünlüyü hələ də davam edir. 

Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. 
Həmin maddədə o da qeyd edilir ki, deputat Milli Məclisin iclasında üzrsüz səbəbdən iclasda iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır.
Milli Məclisin daxili nizamnaməsinin 45-ci maddəsində bildirilir ki, parlamentin və komitələrin iclaslarına üzrsüz səbəbdən qatılmayan deputatlar parlamentdaxili məsuliyyətə cəlb olunurlar. 
Nizamnamənin 46-cı maddəsinə görə parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirləri xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət və deputat səlahiyyətlərinin itirilməsindən ibarətdir.
47-ci maddədə isə qeyd edilir ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Güman etmək olar ki, yaxın vaxtlarda iclaslara qatılmayan deputatlar barəsində də tədbir görüləcək.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …