Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mehri dəhlizi: “Turan qapısı” nə zaman açılır?

Mehri dəhlizi: “Turan qapısı” nə zaman açılır?

10 noyabrda imzalanan üçtərəfli bəyanatla Azərbaycan həm də Rusiya sülhməramlılarını Türkiyə ordusu, Laçın dəhlizini isə Mehri dəhlizi ilə balanslaşdıra bildi. Buna Naxçıvanla Qarabağın birbaşa quru bağlantısını yaradan, bəzən də “Turan qapısı” adlandırılan keçid deyilir. 

Musavat.com xəbər verir ki, bir müddət sonra Türk Ordusunun mərkəzi qərargahı Ağdamda fəaliyyətə başlayacaq.
Anlaşmanın 9-cu bəndində vurğulanır ki, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir:

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Bu, Zəngəzur dəhlizidir. 1999-cu ildə Pol Qobl planı ilə (Mehri dəhlizi) gündəmə gələn bu dəhliz Azərbaycanı yalnız Naxçıvanla birləşdirmir, Türkiyəyə də birbaşa yolumuz açılır.

Bu dəhliz həm də Türkiyəni Xəzərin o tayına çıxarmaqla Türk dünyasını birləşdirir, Azərbaycandan keçən Böyük İpək Yolunu cəlbedici edir.

Azərbaycan liderinin 9-cu bəndi anlaşmaya salması şübhəsiz ki, tarixi Zəfərdir.

Bu dəhlizin reallaşacağına şübhələr də var. Amma hər şey ilk qərar və addımdan başlayır. Türkiyə mənbələrinə əsasən, Atatürk Naxçıvana “Türk qapısı”, Kazım Karabekir Paşa isə “Şərq qapısı” deyirmiş.

Bəs, Mehri dəhlizi ilə bağlı fəaliyyətlər nə zaman start götürəcək? Anlaşmada zaman göstəricisi yoxdur. Lakin hansısa müddəti təxmin etmək mümkündürmü?

Qabil_Huseynli_40.jpg (108 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirdi ki, Laçın dəhlizinin tikintisinə başlandığı gündən Mehri koridorunun da inşasına başlanacaq.

Onun sözlərinə görə, Mehri dəhlizi İrəvanı da xilas edir: “Eyni zamanda Rusiyanın bir sıra hərbi bazaları üçün həyatı əhəmiyyəti yol olacaq. Rusiyanın Ermənistanla dəmiryolu xətti yoxdur.

Həmin dəmiryolu xətti çəkildikən sonra Rusiyadan çıxan yüklər üç gün ərzində Ermənistanda olacaq. O baxımdan həmin tikintinin İrəvan və Moskva üçün böyük əhəmiyyəti var”.

Analitik qeyd etdi ki, Ermənistan dəmiryolları Rusiyanın nəzarətindədir, borc qarşılığında verilib: “Ona görə bu anlaşamaya əməl olunmaması mümkün deyil.

Odur ki, Laçın koridoru ilə Mehri dəhlizi eyni vaxtda tikiləcək. Əgər yubanma olarsa, Laçının tikintisi gecikdiriləcək. Bu, Azərbaycanın səlahiyyətində olan məsələdir. Üstəlik, Mehri dəhlizi böyük xərc aparan yol olmayacaq.

Dəmiryolunun bir qolu Naxçıvana, bir qolu Ermənistana gedəcək. Bununla Ermənistan dünyanın bir çox yerinə çıxış əldə edəcək.

Həmçinin, Bakı-Qars-Tbilisi yoluna çıxış qazanacaq. Ona görə də Ermənistan cığallıq etməsə böyük üstünlük əldə edəcək, bölgədə əmin-amanlığın təmin olunmasında töhfəsini verəcək”.

Q.Hüseynlinin sözlərinə görə, bu dəmiryolu bütün Türk dünyasını birləşdirmiş olacaq:
“Naxçıvan blokadadan çıxır, Naxçıvanla Türkiyə arasında dəmiryolu əlaqəsi işə salınır. Nəticədə Türk dünyası ölkələri Arazboyu üstünlük qazanırlar.

Hesab edirəm ki, hər iki tərəf üçün böyük iqtisadi əhəmiyyətli layihədir. Bunun əhəmiyyətini başadüşməyənlərin siyasətdən anlayışı yoxdur”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …