AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin təşəbbüsü ilə baş tutub.

Marafonda gənc idmançılar, Marneulinin kənd bələdiyyəsinin üzvləri, fəal gənclər, rayonun rəhbər şəxsləri iştirak ediblər. Marafonda azyaşlı Aysu Qarabağlı da iştirak edib.

R.Hacıyev çıxışında tütün əleyhinə marafonun cəmiyyətə, insan sağlamlığına müsbət təsiri haqqında danışıb. Onun sözlərinə görə, belə bir marafonun təşkili xüsusi əhəmiyyət kəsb edir. Tütün əleyhinə mübarizəyə əhalinin marağı artır və onların sağlam həyata münasibəti tam müsbət istiqamətdə dəyişir.

Sonra Marneuli rayon bələdiyyəsinin rəhbəri Amiran Qiorqadze, rayon merinin birinci müavini Zaur Tabatadze və başqaları çıxış edərək insan sağlamlığına zərər vuran amillər, o cümlədən tütün əleyhinə mübarizə ilə əlaqədar marafonun təşkilini yüksək qiymətləndiriblər.

Sonra marafon yürüşünə start verilib.

Marafonda Laşa Şermanazaşvili qalib olub və o, kuboka layiq görülüb.

Sonrakı yerləri tutan idmançılar medallarla təltif olunublar.

Qaliblərə mükafatları Ruslan Hacıyev, Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Barışıq və Vətəndaş Məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov, Marneuli merinin müavinləri Zaur Tabatadze və Laşa Lobjanidze təqdim ediblər.